Lənkəran Rayonu

Lənkəran Rayonu

Lənkəran Rayonu

Lənkəran rayonu inzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə yaradılmışdır. Rayonun ərazisi 153.940 hektardır. Onun 66700 hektarını quru sahə təşkil edir. Rayonda 2 şəhər, 8 qəsəbə və 83 kənd vardır. Bakıdan rayon mərkəzinədək olan məsafə 268 km-di. Lənkəran Azərbaycanın cənub-şərqində, onlarca kilometr məsafəyə uzanıb gedən Lənkəran ovalığında yerləşir.

Təbiəti

Rayonun ərazisi şərqdən Xəzər dənizi ilə həmhüduddur. Burada 29 min hektar sahə meşələrlə örtülmüşdür. Bu diyar bütün il boyu yaşıllığa bürünmüşdür. Lənkəran rayonun zəngin flora və faunası var. Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdur. Dəmirağacı, azat, ipək, akasiya, palıd, evkalipt, mantar ağacı, məxmər rəngli ağcaqayın, nil, Hirkan şumşadı, haqlı olaraq, Lənkəran florasının inciləri sayılır. Lənkəranda bitən əsas meşə ağacı enliyarpaqlı palıddır. Bu ağac nadir ağacların üçüncü nəslinə mənsubdur. Onun hündürlüyü 40-45 metr olur. Daha bir nadir bitki növü olan dəmirağacının xarakterik cəhətlərindən biri ondan ibarətdir ki, bu ağacın yarpaqları qış fəslində tökülmür. Onlar quruyaraq ağaclarda qalırlar. Meşələrdə çoxlu cır meyvə ağacları, dərman bitkiləri və kollar bitir. Lənkəranın dəniz sahillərində gözəl qumlu çimərliklər salınmışdır.

Çaylar

Rayonda çaylar şəbəkəsi kifayət qədər sıxdır. Rayon mərkəzindən 10-25 km radiusda Lənkəran, Veravul, Boladi və Qumbaşı çayları axır. Əsasən yağış suları hesabına dolan çayların çoxu xəzər dənizinə tökülür. Bahar və payız fəsillərində bu çaylar coşub, daşır. Çayların suyundan suvarma məqsədilə istifadə etmək üçün burada Xanbulançay dəryaçası tikimişdir.

Bulaqlar

Lənkəran torpağı isti su bulaqları ilə zəngindir. Lənkəran şəhərindən 12 km qərbdə Talış dağlarının ətəklərində, İbadi meşəsinin yaxınlığında Meşə bulağı, Lənkəran-Masallı şossesinin 13-cü kilometrində Havzova bulağı yerləşir. Lənkəran-Lerik şossesinin 15-ci kilometrində İbadi və Sumax dağlarının ətəyində İbadi bulağı var. Rəvayətə görə ağır xəstəliyə tutulmuş İbadulla adlı bir şəxs bu yerdə məskan salmış və şəfa tapmışdır.

Qoruqlar

Lənkəran rayonunun ərazisində iki qoruq var: Hirkan və Qızılağac qoruqları. Bu qoruqlarda qırqovul, qu quşu, kəklik, ağ qartal və digər quş növləri yaşayırlar. Ümumiyyətlə, burada 270 növ quş var. Hirkan qoruğunda isə nəsli kəsilməkdə olan qədim ağac növlərinə daha çox rast gəlmək olar.

Sənaye

Aqrar-sənaye rayonudur. Tərəvəz və çay istehsalına görə respublikada birinci yerdə gedir. Rayonda balıq, meyvə-tərəvəz konservi, süd, şərab zavodları, bir neçə çay fabriki və başqa müəssisələr vardır.

Kənd Təsərrüffatı

Lənkəran rayonu mühüm kənd təsərrüfatı zonasıdır. Mülayim iqlim şəraiti, bol günəşi və məhsuldar torpaqları vardır. Bunların  sayəsində Lənkəran çay, yapon xurması, feyxoa, limon və naringi kimi subtropik bitkiləri ilə ad çıxarmışdır. Çay becərilməsi bu regionda kənd təsərrüfatı fəaliyyətinin ən çox inkişaf etmiş və ən gəlirli növlərindən biridir. Çay məhsulu yerli fabriklərdə emal edilir. Sənaye sahələri isə mebel, ipək və xalça istehsalı ilə təmsil edilmişdir. Rayonun Boladi, Veravul və Vilvan kəndlərində ənənvi xalq sənətləri – xalçaçılıq, zərgərlik, qamışdan məişətdə işlədilən əşyaların toxunması daha geniş inkişaf etmişdir. Lənkəran şəhərində bəzi sənətkarlar daş, ağac və metal üzərində oyma kimi xalq sənətləri ilə məşğul olurlar.

Elm və Mədəniyyət mərkəzləri

Lənkəranda 51 məktəbəqədər uşaq müəssisəsi, 81 ümumtəhsil, pedaqoji, tibb və musiqi məktəbi var. 87 klub, 94 kitabxana, Dövlət Dram Teatrı, muzey, Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq və Subtropik Bitkilər İnstitutunun filialı fəaliyyət göstərir.

İnzibati Mərkəz

Rayonun inzibati mərkəzi – yaşıllığa qərq olunmuş gözəl Lənkəran şəhəridir. Akasiya xiyabanları həm yerli sakinlərin, həm də Lənkəranın qonaqlarının sevimli istirahət guşəsidir. Bu diyarın əlverişli coğrafi mövqeyi, münbit torpağı və zəngin təbii ehtiyatları ta qədim dövrlərdən adamları cəlb edirdi. Burada neolit dövründən başlayaraq insan məskənləri olmuşdur. Hazırda Lənkəran şəhərinin olduğu yerdə 300 il bundan əvvəl qamış kolları ilə dolu bataqlıq bir ərazi var idi. O vaxtlar dənizin yaxınlığında Lənkərançay çayının sahilində dördbucaqlı şəklində 2 qülləli bir qala və mayak tikilmişdir. Şəhər əvvəlcə Ləngərkünən adlanırdı. Bu sözün mənası «lövbər yeri», yəni «liman» demək idi.

Tarixi Şəxsiyyətlər

Lənkəran şəhərindəki tarix muzeyinin həm ekspozisiyası, həm də binanın özü turistlərin marağına səbəb olacaqdır. Lənkəran diyarı –məşhur generallar Səmədbəy Mehmandarovun və Həzi Aslanovun vətənidir. Bu şəhərdə Həzi Aslanovun abidəsi ucaldılmış, onun doğulduğu evdə isə muzey açılmışdır. Lənkəran teatrının tarixi XIX əsrdən başlanır. Bu teatrda 1850-ci ildə səhnəyə qoyulmuş ilk əsərin tamaşasından əldə edilən bütün gəlir yoxsullara ianə edilmişdir.

Abidələr

Lənkəranda tarixi görməli yerlər çoxdur və onların arasında Lənkəran qalası, dəqiq desək, onun salamat qalmış fraqmentləri xüsusi diqqət cəlb edir. Qala XVIII əsrdə inşa edilmiş və Talış xanlığında vacib müdafiə istehkamlarından biri kimi tanınmışdır. Onun divarları öz iri formaları və möhkəm çıxıntı sıraları ilə böyük təəssürat oyadır. Qala, orta əsrlər üçün ənənəvi olan, lazım gəldikdə isə, su ilə doldurulan xəndəklə əhatə olunmuşdur. Tikilinin əsas obyektləri hücum edənlərin nişan alınaraq atəşə tutulduğu şimal və cənub qüllələridir. Qala ərazisində həmçinin şəhər bazarı olmuşdur. Və onun yerində yüz illər öncə bütün regionda zəvvarlar üçün ən çox ziyarət olunan yerlərdən biri olmuş iki məscid ucaldılmışdır. Memarlıq abidələrindən Lənkəranda qala, Hacı Mirzə hamamı, məscid (XVIII-XIX əsrlər), Aşağı Nüvədi, Seyidəkəran, Sütəmurdov kəndlərindən məscid (XIX əsr) qorunub saxlanır.

Bəlləbur qalası

Rayonda tarixi abidələr çoxdur. Yuxarı Nüvədi kəndində qədim Əbirlər qülləsi, Şıxakəran kəndində Şeyx Zahid türbəsi, Lənkəran şəhərində Kiçik Qala məscidi, Güldəstə minarəsi, Hacı Mirzə hamamı. Binanın fasadını bəzəyən dəqiq naxışları ilə seçilən gözəl Xan Evi kimi tarixi abidələr qorunub saxlanmışdır. Şəhərin qərbində Bəlləbur qalasının xarabaları var. Bu qalanın tikilməsində çay daşından və bişmiş qırmızı kərpicdən istifadə edilmişdir. Saxsı su kəməri boruları hələ də salamat qalmışdır. Qalanın ən uca yerində qüllə ucalmışdır. Yerli əhali bu qalanı Boz qala adlandırır.

İqlim

Lənkəran rayonunun iqlimi rütubətli, subtropikdir. Bu iqlim qışı mülayim, yayı quraq keçən, isti və payızı çox yağıntılı olması ilə fərqlənir. Bu yerlərdə sərt və qarlı qış olmur. Günəş radiasiyası 125-134 kkal/sm2 çatır. Yağıntının illik miqdarı 1400-1600 mm-dir. Rütubətli, subtropik şəraitinə görə ərazidə sarı torpaqlar geniş yayılmışdır . Lənkəranın iqlim şəraiti ərazinin bir sıra özünəməxsus cəhətləri ilə fərqlənir. Vilayətin şərq və cənub-şərq qurtaracağının Xəzər dənizi ilə sərhədlənməsi və cənubda dağlıq ərazilərin kəskin şəkildə sahilboyu zolağa enmişdir. Bu da Xəzərin üzərindən gələn su buxarının kondensasiyası üçün əlverişli şərait yaratmışdır.

Please follow and like us:

Leave a Reply