Quba Şəhəri

Quba Şəhəri

Quba Şəhəri

Quba – Azərbaycan Respublikasının Quba rayonunun inzibati mərkəzi. Bakıdan 168 km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Uğurlu yerləşmə mövqeyinə və zəngin infrastrukturuna görə Quba rayonu turistlərin ən sevimli yerlərindən biridir. Buraya gələnlər Qəçrəş adlanan yeri çox bəyənmişlər. Burada kölgəli meşədə, Vəlvələçayın gur sularının axdığı, “Azərbaycan təbiətinin abidələri” siyahısına daxil edilmiş Afurca şəlaləsinin olduğu Təngəaltı dərəsində istirahət etmək olar. Rayonun ərazisində dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən unikal dağ kəndi Xınalıq mövcuddur. Kəndin əhalisi öz dili ilə ayrıca etnoqrafik qrup təşkil edir. Xınalığın yaxınlığında bənzəri olmayan daha bir dağ kəndi Qrız yerləşir.

Qırmızı Qəsəbə:

Qubada həmçinin dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur Qırmızı Qəsəbə yerləşir. Bu kəndin sakinləri əsasən ticarətlə məşğul olurlar, qəsəbənin hər yerində təmtəraqlı imarətlər ucaldılmışdır.

Azərbaycanın şimal-şərgində yerləşən Quba xalça mərkəzi üç hissəyə-dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür və müasir Quba və Şabran (Dəvəçi) rayonlarının ərazisini əhatə edir.
Dağlıq hissəyə – Qonaqkənd, Xaşi, Cimi, Afurca, Yerfi, Buduq, Qırız, Cek, Salmasöyüd kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək olar;
Dağətəyi hissədə xalça istehsalı – Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami, Sumaqobaq, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi məktəbləri; Ovalıq hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı və s. kəndlərdə mərkəzləşib. Bu məktəbə həmçinin də Dərbənd ərazisində toxunan xalçalar da daxildir. Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılmışdır. Quba xalçalarının ən parlaq kompozisiyaları ” Qədim-Minarə”, “Qımıl”, “Alpan”, “Qollu-çiçi”, “Pirəbədil”, “Hacıqayıb”, “Qırız”, “Cek” və s.-dir Bu zonada toxunan “ÇİÇİ”, “SIRT ÇİÇİ”, “QIMIL”, “CİMİ”, “YERFİ” xalçaları dünyanın bir sıra müzeylərinin və şəxsi kolleksiyaların bəzəyidir.

Memarlıq Abidələri:

Memarlıq abidələrindən Ağbil türbələri (XVI əsr), Alpan kəndində Subaba türbəsi (XVI əsr), Birinci Nügədi kəndində məscid və minarə (XVII-XIX əsrlər), Xınalıq kəndində bürc, Qudyalçay üzərindəki Tağlı körpü və s. mühafizə olunur. Avropanın ən uca dağ kəndi sayılan Xınalıq kəndində IX əsrə aid Atəşpərəstlər məbədi, Ağbil kəndində XVI əsrə aid türbələr, Quba şəhərində XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, Gümbəzli hamam vardır. Bundan başqa Rustov kəndində “Ələmu” adlı qala və tarixi məscid vardır.Böyük Qafqazın şimal-şərq yamaclarında, Baş Qafqaz sıra dağlarının suayrıcı xətti ilə Samur-Dəvəçi ovalığı arasında yerləşir. Rayonun relyefi dağətəyi maili düzənliklər, orta və yüksək dağlıq sahələrdən ibarətdir. Şimal-şərq hissədə Qusar maili düzənliyi və Samur-Dəvəçi ovalığı yerləşir. Cənub-qərb sərhəd Baş Qafqaz silsiləsinin suayrıcısı boyu keçir.

Relyef

Baş Qafqaz silsiləsinə paralel olaraq Yan silsilə uzanır. Burada Yarımsa, Yerfi, Mıxtökən, Təngə silsilələri qollar formasında ayrılır. Rayon ərazisində Qızılqaya (3726 m), Babadağ (3629 m), Şahnəzər (2874 m) zirvələri yüksəlir. Geoloji yaşına görə Yura, Təbaşir, Neogen və Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntılara yanar şist, çınqıl, qum, gil aiddir, mineral bulaqlar səthə çıxır. Düzənlik və dağətəyisahələrdə yağıntıları bərabər paylanan mülayim isti, yüksək dağlıqda soyuq və dağ-tundra iqlimi hakimdir. Yanvarda orta temperatur -2°C-dən -14°C-yə qədər, iyulda 5°C-dən 23°C-yə qədərdir. Yağıntıların illik miqdarı düzənliklərdən dağlara doğru 500 mmm-dən 900 mm-ə qədər artır, əsas hissəsi payızda düşür. Rayonun ərazisindən axan Qudyal, Qaraçay, Vəlvələ çayları Xəzər dənizi hövzəsinə aiddirlər. Əsasən torflu və çimli dağ-çəmən, qonur-meşə, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Dağlıq sahələrdə alp və subalp çəmənlikləri geniş sahə tutur, bundan aşağılarda fısdıq, vələs və palıd ağaclarının üstünlük təşkil etdiyi enliyarpaqlı dağ meşələri yayılır.

Qubanın qısa tarixi:

XVIII-ci əsrin ortalarında Quba xanlığı yaradılmış, onun mərkəzi əvvəl Xudat, sonra isə Quba şəhəri olmuşdur. Hüseynəli xanın oğlu Fətəli xanın (1758-1789) dövründə Quba xanlığının mövqeyi artmışdır. 1806-cı ildə Quba xanlığı Rusiyaya birləşdirildi və əyalətə çevrildi. Yenidən təşkil olunmuş Quba qəzası 1840-cı ildə Dərbənd quberniyasına, 1860-cı ildə isə Bakı quberniyasına daxil edildi. 1930-cu ildə Quba Azərbaycanın inzibati rayonlarından birinə çevrildi.

Please follow and like us:

Leave a Reply