Şəki Şəhəri

Şəki Şəhəri

Şəki Şəhəri

Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sildrım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma- Çaqqaldar və Ottal uçurumlarına rast gələrik. Şəki şəhərinin qəribə quruluşu vardır. Şərqdən Qərbə axan Qurcanaçay çayı şəhəri iki hissəyə, daha yüksəkdə yerləşən Cənub, digəri isə vadidə yerləşən Şimal hissələrinə bölür.Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Orta əsrlərə aid mənbələrdə onun adı Şaki, Şəka, Şakki və s. kimi adlandırılmışdır. 18-ci əsrin ortalarında Şəki şəhərinin yaxınlığındakı Nuxa şəhəri Şəki xanlığının mərkəzi olduqdan sonra köhnə Şəki şəhəri tarix səhnəsindən silinib getdi.

Tarix

Qədim müəlliflərdən Ptolomey, Alban şəhərləri içərisində “Niqa” adlı yaşayış məntəqəsinin olduğunu qeyd edib. Abbasqulu Bakıxanovun yazdığına görə Nuxa şəhəri yerinin vəziyyətinə görə həmin Naxiya və Naciya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayilirdi. A. Y. Krimski Niqanın sonrakı Nuxa olması mülahizəsinə şərik çıxır. Lakin XIX əsrin başlanğıcında həmin mülahizənin əlehdarları da var idi. Akademik V. Dorn belə hesab edirdi ki, Niqa İberiya ilə Alazan arasında olan sahədə yerləşirdi və onu Nuxa ilə eyniləşdirmək olmaz. “Nuxa” sözünün antik dövürdən bəlli olan Niqa məskəni ilə bağlılığı hələ mübahisəli bir məsələdir. Mülahizələr var ki, “Şəki” adı eramızdan əvvəl VII əsrdə Qara dənizin şimal sahillərində Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya hərəkət edən sak tayfalarının adı ilə bağlıdır. Onlar Cənubi Qafqazda ən yaxşı torpaqları tutaraq bu yerlərə Sakasena adını verdilər. Sakların məskunlaşdığı ərazilərdən biri də Şəki idi.Hal-hazırkı şəhərin sahib olduğu mənzərəli görünüşü, relyef müxtəlifliyi şəhərin tikinliş və quruluş sisteminə öz təsirini göstərmişdir. Şəhərin sol və sağ hissələri arasında 450 m məsafə vardır. 18 ci əsrdə qurulmuş şəhər 19 cu əsrin ortalarına qədər qorunub saxlanmış, strukturunda heç bir dəyişikliklər edilməmişdir. Şəki yaşıllığa bürünmüş evlərlə əhatə olunub. Əslində isə Şəki şəhəri təbiətin bir hissəsi olub, burda yaradılan arxitektura əsərləri ilə bəzədilib. Bu yalnız möhtəşəm dağ mənzərəsiylə sərhədlənməyib, həm də təbiətlə uyğunluq təşkil edən planlaşdırmaya əsaslanır. Bundan əlavə hər bir ev öz bağı və dəmir hasarı ilə əhatələnmişdir. Şəki küçələri evlərin uyğun düzülüşüylə deyil əksinə özünə xas planlaşdırmaya əsasən qurulmuş və evləri bir bnirdən çəpər və hasarlar ayırır. Sakinlər feodal dövrünə xas, rayonlarda fəaliyyət göstərən ticarət obyektlərinə əsasən yerləşmiş, bu isə öz növbəsində Şəkinin planlaşdırılmasında öz əksini tapmışdı. O dövrdən qalma məhəllə, küçə adları indiyə qədər qorunub saxlanmaqdadır. Şəkinin planlaşdırılmasına təsir göstərən əsas amil isə ölkənin sahib olduğu relyef pozuntusu idi. Küçələrin istiqaməti Böyük Qafqaz silsilə dağlarının ətəyinə nisbətən istiqamətləndirilmiş və qurulmuşdu. Küçələrin bir çoxu şimaldakı yüksəkliyin relyefinə paralel olaraq düzəldilmişdi. Mərkəzi rayonun və əsas küçənin formalaşdırılmasında Gürcənçay və Dəyirman-arxı çaylarının istiqaməti nəzərə alınmışdır. Bu və şəhərin planlaşdırılmasına aid digər xüsusiyyətlər 1862 ci həyata keçirilmiş planın tərkibində görmək olar. Bu plana əsasən Şəki aşağıdakı kvartal və məhəllələrə bölünmüşdü: Çaqqal dərəsi, Giləli, Dəmirçi bulağı, Gəncəli, Sarı torpaq, Otaq eşiyi, Ağvanlar, Duluzlar, Dodu, Bağbanlar, Sərkarlar, Dabaqxana, Təzə kənd, Köhnə kənd.
Relyefin çox dağınıq olması burda süni suvarma kanalları sisteminin inkişafını əngəlləmişdir. İçməli su çaylardan götürülür. Şəkini içməli suyla Kiş çayı və Xıncalı-Baxlınnskiy hövzələri təmin edir. Təpəli və dağınıq relyefə sahib olan Şəki, şəhərin bir neçə ayrı hissəyə bölünməsinə və nəticə etibarıyla gözəl bir təbii mənzərənin yaranmasıyla nəticələnmişdir. Şəhərin sahib olduğu dağ mənzərəsi onu daha da cazibədar edir.Memarlıq abidələrindən Şəki xan sarayı, Şəkixanovların evi, Giləkli məscidinin minarəsi, məscid, qala divarları, Dairəvi məbəd (XVII-XIX), Zəyzit məbədi (XI-XII), Kiş alban məbədi, Şəki Karvan sarayı mühafizə olunur.

Qədim

Qədim şəhərin planlaşdırılmasının spesifik xüsusiyyətlərini ayırd etmək üçün şəhər küçələrinin ümumi konstruksiyası və Şəki arxitekturasının incələnməsi vacibdir. Azərbaycanın tədricən tikilən küçələrinə sahib digər orta əsr şəhərlərindən fərqli olaraq Şəkidə bu iş qısa bir müddətdə, həm də planlı bir şəkildə həyata keçirilmişdir. Şəkinin Gürcənçaya paralel olan əsas və ən uzun küçəsi tərkibində şəhərin ən mühüm arxitektura abidələrini özündə cəmləşdirir. Şəkinin bir çox küçələri tarixi və arxitektura abidələrinin mövcudluğu ilə diqqəti cəlb edir. Birinci yerdə əlbətdə, şübhəsiz ki, əsas küçə olan Şəki küçəsi durur. Bu küçələrdən günümüzdə fəaliyyət göstərən Heydər Əliyev, M.Ə.Rəsulzadə, Xoyski, Əfqanlar, Arxüstü, Gəncəlilər, Bağbanlar, Şərbabalar, Mirzə Fətəli Axundzadə, Mehdi Hüseyn küçələrini misal göstərmək olar.

Qürcanaçay və Dəyirman-arxı çayları şəhərin su ehtiyaclarını ödəməsilə bərabər, həm də suvarmada istifadə olunurdu. Daha sonralar çayların birləşdiyi yerdə meydançası olan yeni mərkəz quruldu. Şəki şəhərinin bu ərazidə qurulma səbəblərindən ən vacibi Qurcanaçay faktorudur. Digər çay olan Dəyirman–arxı çayı isə şəhərin ikinci aparıcı vasitəsi kimi xidmət göstərməkdədir. Şəkinin sahib olduğu təbii gözəllik şəhərdə tikilmiş bütün tarixi abidələrdə öz əksini tapmışdır. Bütün bunlar Şəki arxitekturasının özəllikləridir. Demək olar ki, qədim şəhəri xatırladacaq heç bir arxitektura nümunəsi qalmayıb. Yalnız E.Çələbinin xatirələrində Şəki haqqında bəzi məlumat var. Onun sözlərinə əsaslanaraq, onda daşdan tikilmə Şəki qalası təpənin üstündə ucaldılmışdır. Qalanın Şirvan və Gəncə adlı iki darvazası var. Burda minlərlə ev, yeddi məscid, onların arasında Mirzə Əli məscidi bazar küçəsində yerləşməsiylə xüsusi diqqəti cəlb edir. Şəhərin həmçinin bir neçə karvansaray-mehmanxanası, hamamı və balaca bazarı vardır. Bu məlumata əsasən qalaynan sərhədlənməyən Şəki qala divarlarının xaricində ipək istehsalı ilə məşğul olan müəssisələr və tayı bərabəri olmayan ipək istehsalı ilə məşğul olan geniş bağlar mövcud idi. Şəhərin Çələbinin qeyd etdiyinə görə 3000 evdə 20.000-ə yaxın əhalisi mövcud idi.Qala şəhərin daha yüksəkdə yerləşən hissəsində, şimal-şərqində yerləşir və Şəki xan sarayını əhatə edir. Qala təkcə hərbi-strateji cəhətdən deyil, həm də mikro iqlimi cəhətdən çox əlverişli şəraitə sahib yerdə yerləşib. Qala divarlarının ümumi uzunluğu 1300 m, şimal tərəfdəki divar 4 m hündürlüyündə, cənub tərəfindəki divar isə 8 m hündürlüyündədir. qala divarlarının qalınlığı 2.2 m-dir. Qalanın cənub və şimal tərəflərdən iki darvazası və mühafizəsi üçün nəzərdə tutulmuş bürcləri vardır. Hazırda 1958-1963 cü illərdə aparılan bərpa işlərinə baxmayaraq qala divarları və bürcləri dağılmış bir vəziyyətdir. 26 fevral 1853-cü ildə qeyd olunmuş plana əsasən qalanın tərkibindəki 40-a yaxın tarixi abidənin yenidən bərpası nəzərdə tutulurdu. Təbii bir hadisədir ki, Şəki Rusiyanın tərkibinə daxil olduqdan təxminən 50 ilə yaxın sürən bərpa işləri boyunca qalanın əvvəlki planına yetərincə dəyişikliklər edilmiş, lakin ümumilikdə qala öz əvvəlki görünüşünü qoruyub saxlaya bilmişdi. İlk öncə edilən dəyişikliklər buranı qoruyan qarnizonun tələbləri nəzərə alınırdısa, daha sonra həm də yaşayış şəraiti faktoru nəzərə alınmağa başlandı. Sonda belə bir nəticəyə gəlmək olar ki, edilən bəzi dəyişikliklərə baxmayaraq Şəki xan sarayı planlanmasında mühim dəyişikliklərə məruz qalmayıb.
Həmçinin burda yəni qalanın içərisində düşmən hücumu zamanı Qurcanaçayın suyu kəsildiyi təqdirdə istifadə edə biləcəkləri reserv su ehtiyatı üçün nəzərdə tutulmuş su quyuları mövcuddur. Kullasovskinin yazdıqlarına görə Şəki su kəmərləri öz sadə strukturu, əlverişli olması və ucuz başa gəlməsiylə diqqəti cəlb edir. Su sistemi axına əsaslanır və yerə basdırılmış və böyük diametrli saxsı-gil borular vasitəsilə hərəkət edir. Bu borular içərisi qırmızı kərpicdən tikilmiş çənlərə tökülür. Çənə böyük bir su borusu gəlir, daha sonra isə çəndən iki-üç daha kiçik boru vasitəsilə su istifadəçilərə paylanır. Həmçinin burdan şəhərin bütün küçə və meydanları suyla təchiz olunur. Su təchizinin belə bir sadə mexanizmə uyğunluğu hər bir evin su ehtiyacını ödəməklə yanaşı istəyənlərə hətta evinin qarşısında fontan düzəldə bilməsinə imkan verir.Azərbaycanın Şəki şəhərinin Dünyanın Tarixi Şəhərləri Liqasına üzv olması barədə 2008-ci il dekabrın 8-də təşkilatın prezidenti, Yaponiyanın Kyoto şəhər bələdiyyəsinin sədri Daisaku Kodokavadan gəlmiş təbrik məktubunda bildirilir ki, Dünyanın Tarixi Şəhərləri Liqasının İdarə Heyətinin 2008-ci ilin oktyabrında keçirilmiş iclasında Şəki təşkilata üzv qəbul edilmişdir.

2012-ci ildə abadlıq, quruculuq və tikinti sahəsində görüləcək işlər müəyyənləşmişdir: Şəki Şəhər İcra Hakimiyyəti və Arxitektura Şəhərsalma Komitəsi ilə birlikdə Şəki şəhərinin Baş Planı hazırlanmışdır. Baş Plana əsasən bir sıra infrastruktur layihələrin həyata keçirilməsi, həmçinin, şəhərin qərbə doğru genişlənməsi, Oxud, İnçə, Kİş, Qoxmuq kəndlərinin də şəhər ərazisinə daxil olması nəzərdə tutulmuşdur.

Please follow and like us:

Leave a Reply