Jen Mironosits Pravoslav Kafedral Kilsəsi

Jen Mironosits Pravoslav Kafedral Kilsəsi

Kilsə 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilmişdir. Kilsənin açılışında o dövrün görkəmli siyasi və din xadimləri, o cümlədən rus çarının Qafqazdakı canişini qraf Vorontsov-Daşkov iştirak etmişdir.

İlk zamanlar məbəd 262-ci Salyan piyada ehtiyat alayının tabeliyində idi və onların mənəvi ehtiyaclarını ödəyirdi. 1920-ci ildə Sovet hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət yerlərindən biri olmuş, onun baş keşişi isə güllələnmişdir. Məbəd kommunist rejimi vaxtı anbara çevrilmiş, bir müddət sonra isə idmançıların ixtiyarına verilərək, idman zalı kimi istifadə olunmağa başlanmışdır.

1990-cı ildə qanlı Yanvar hadisələri zamanı kilsənin dam örtüyünə iki mərmi düşmüşdür. Bunun nəticəsində dam tamamilə dağılmış, döşəmə çökmüş, divarlar isə çatlamışdır. Məbədin yarıdağılmış binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinin sərəncamına verilmişdir. Bakıda Arxiyerey Kafedrasının təsis edilməsindən sonra kilsədə bərpa işlərinin aparılmasına imkan yaranmışdır. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin qayğısı və köməyi ilə məbəddə təmir-bərpa işləri aparılmışdır.

Açılış Mərasimi

Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi Azərbaycana səfəri zamanı 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. Açılış mərasimində Ulu Öndər Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların başçıları iştirak etmişlər. Moskvada yaşamış Ümumrusiya Azərbaycan Konqresinin sabiq vitse-prezidenti Aydın Qurbanovun köməkliyi ilə kilsənin ikinci həyatına qovuşdurulması diqqətəlayiq haldır. O, Bakı və Azərbaycan Yeparxiyasının əsas kilsəsinin dirçəldilməsi üçün tələb olunan maliyyə və maddi vəsaitlərinin əsas hissəsini öz üzərinə götürmüşdür. Azərbaycanın paytaxtında Rus Pravoslav məbədinin bərpa edilməsində göstərdiyi xidmətlərə görə Moskva və Ümumrusiya Patriarxı II Aleksi müsəlman xeyriyyəçini “Pravoslav Ordeni” ilə təltif etmişdir.

Sözügedən pravoslav ibadət yerində xristian ənənəyə görə, Bakı şəhərinin himayəçisi Müqəddəs Varfolomeyin qurumuş cəsədindən olan hissələr saxlanılır.

Please follow and like us:

Leave a Reply