Neft Daşları

neft

Neft Daşları

Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Xəzər rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən “Qara qayaların” ətrafında tikilmişdir. Abşeron yarımadasının 42 km-də cənubi-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadada dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir. 1949-cu il noyabrın 7-də Azərbaycan neftçiləri dünyada ilk dəfə olaraq, dənizin dibindən sənaye məqsədilə karbohidrogenləri əldə etməklə öz tarixində yeni səhifə açdılar. Həmin gün  yatağın 942 m dərinliyindən Xəzər nefti fəvvarə vurdu. Qeyd etmək lazımdır ki, hələ XIX-cu əsrin əvvəllərində (1798-1830-cu illər) Xəzərdən (Bibi-Heybət) ilk neft alınmışdır. Ancaq sənaye istehsalı yalnız 1925-ci ildə başlamışdır. Belə ki, Bakı buxtasında dənizin bir neçə metr dərinliyində və ağac dirəklərin üstündə yerləşən cəmi bir quyu qazılmışdı. Sonralar Abşeron yarımadasının sahil zonasında neft və qaz ehtiyatları olan Pirallahı-Dəniz, Gürzən-dəniz, Banka-dargin yataqları işlənməyə başlamışdır. Düzdür, bu yataqları yalnız şərti olaraq, dəniz yataqları adlandırmaq olar, çünki öz başlanğıcını bunlar qurudan götürürlər.

Neft Daşlarının Yaranması

Daşların  isə quru ilə heç bir əlaqəsi yoxdur. Daşların yerində olan daşlı, qayalı sahəni ram etmək cəhdi ilk dəfə 1948ci il noyabrın 14-də hava şəraiti pis olan bir gündə olmuşdur. Qeyd etmək lazımdır ki, Daşları fəth edənlərin bir çoxu 1951-ci ildə birinci dərəcəli SSRİ Dövlət mükafatına layiq görüldülər. 1951-ci il fevralın 18-də Daşların nefti ilə doldurulmuş ilk tanker boşaldılmaq üçün Dübəndi limanına yan verdi. Bir neçə aydan sonra isə dənizin 20-25 metr dərinliyində estakadalar və burğu, texnoloji sahələr tikilməyə başlandı. Elektrostansiyaların, nasos-kompressor kompleksinin, köməkçi sexlərin, neftçilər üçün yaşayış 5-9 mərtəbəli evlərin ümumi sahəsi 1960-cı ilin əvvəllərində 70 min kv metr idi. Beləliklə, Neft Daşları dəniz möcüzə -şəhərinə çevrildi. 60-cı illərin axırında özünəməxsus “küçə” vəzifəsini yerinə yetirən estakadaların ümumi uzunluğu 200 km-dən çox idi.

Daşların Əhəmiyyəti

Daşlar ilə Bakını radiotelefon rabitəsi birləşdirir. İnsanları, qida məhsullarını və başqa əşyaların daşınmasında Mİ-8 vertolyotundan istifadə olunur. 2000-dən çox əhalisi olan Neft Daşları Azərbaycanın ən şərq yaşayış məntəqəsidir. 1949-cu ildən burada 1940 quyu qazılmışdır, 160 mln ton neft, 12.3 mlrd kub. metr qaz əldə edilmişdir. Hər gün Daşlarda 15-16 ton neft verməyə imkanı var. Bu göstərici “Çıraq-1” stasionar platforması ilə müqayisədə (sutkada 2 min ton) əlbəttə çox deyil. Ancaq yaddan çıxarmaq lazım deyil ki, Azərbaycanda neft sənayesinin inkişafına məhz Neft Daşları təkan verdi. Bunun nəticəsində bu gün Azərbaycanda 1994-2003-cü illərdə bağlanmış 23 iri neft sazişlərinin həyata keçirilməsi uğrunda dünyanın 14 ölkəsi, 33 xarici neft kompaniyaları işləyir. 

Please follow and like us:

Leave a Reply