Atəşgah Məbədi

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu – Atəşgah məbədinin ilk tikililəri II, III əsrə aiddir. O dövrdə Azərbaycanda zərdüşt dini geniş yayılmışdı. Bununla əlaqədar regionlarda zərdüşt məbədləri ucaldılmışdı. Suraxanıdakı Atəşgah məbədi VII əsrə kimi fəaliyyət göstərib. Bildiyimiz kimi, VII əsrdə Azərbaycanda islam dini yayıldı. Bundan sonra ölkədəki zərdüşt məbədləri sıradan çıxmağa başladı. “Atəşgah məbədi” isə XVI-XVII əsrlərdə ikinci həyatına qədəm qoydu. Həmin dövrdə məşhur İpək Yolu Azərbaycandan keçirdi. Bu yolla ölkəmizə gələn tacirlər öz vətənlərinə döndükdə Suraxanıda yerdən çıxan təbii alov barədə də danışdılar. Nəticədə buraya zəvvarlar, atəşpərəstlər gəlməyə başladılar. Artıq bu yer onlar üçün müqəddəsləşmişdi. Müxtəlif ölkələrdən, o cümlədən də Hindistandan gələn atəşpərəstlər burada alova sitayiş edirdilər. Tanınmış hind alimi Mode yazırdı ki, Azərbaycanda – Suraxanıda dünyanın ən müqəddəs məbədlərdən biri yerləşir.

Ümumiyyətlə, “Atəşgah məbədi”nə həmişə böyük maraq göstərilib. Vaxtilə müxtəlif dünyagörüşlü insanlar, o cümlədən səyyahlar, xarici yazıçılar, alimlər buranı ziyarət ediblər. Onların arasında A.Düma, Kenfr, Villot, Berezin, D.Mendeleyev də olmuşdur. Ziyarətə gələn atəşpərəstlər hücrələrdə qalırdılar. Bir hücrədə 3-4 nəfər yerləşdirilirdi. Başqa ölkələrdən gələn tacirlər də müqəddəs yer kimi mütləq Atəşgahı ziyarət edirdilər. Burda 2-3 gün qalıb dincəlir, atəşpərəstlərə, zərdüştlərə vəsait ayırırdılar. Atəşgah 26 hücrədən və mərkəzi ibadətxanadan ibarətdir. Mərkəzi ibadətxana burada ən müqəddəs yer sayılırdı. Ora ancaq baş kahinlər keçə bilər və sitayiş edərdilər. Adi atəşpərəstlərin içəri keçməyə ixtiyarları yox idi. Məbəddə 20 qiymətli daş kitabə vardır. Onlar hücrənin üstə yerləşdirilmişdir. Birini zərdüşt, 19-nu isə atəşpərəstlər qoymuşlar. Onlardan 19-u hind, biri fars dilində yazılmışdır. Hər kitabədə otaqların neçənci ildə və hansı tacir tərəfindən tikilməsi, həmçinin hind tanrılarının adları qeyd olunmuşdur. Hücrələrdən yaşayış yeri, ibadətgah və karvansara kimi istifadə olunmuşdur. Son bir ildə iki yeni hücrə açılıb. Onlardan biri Azərbaycana, o biri isə Suraxanı rayonunun maddi mədəniyyətinə aiddir. Həmin hücrələrdə eradan əvvələ aid əşyalardan bəzi nümunələr toplanmışdır. Ölkə rəhbəri “Atəşgah məbədi”nin özünəməxsusluğunu, unikallığını və YUNESKO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsini nəzərə alıb hələ 19 dekabr 2007-ci ildə “Bakı şəhəri Suraxanı rayonunda Atəşgah məbədi ərazisinin “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi haqda” sərancam imzalamışdı. 

Please follow and like us:

Leave a Reply