İsmailiyyə binası

İsmailiyyə binasının əsası tanınmış Azərbaycan milyonçusu Musa Nağıyev tərəfindən 1907-ci ildə qoyulmuşdur. Binanın tikintisi 1913-cü ildə başa çatır və memarlıq xüsusiyyətlərinə görə şəhərin ən əzəmətli binası kimi tanınır. Məmməd Əmin Rəsulzadə sonralar Türkiyədə nəşr etdirdiyi «Azərbaycan Cumhuriyyəti» kitabında bu bina haqqında yazırdı: «Bəlkə də islam aləmində böylə bir məqsədlə yapılmış binaların əzəməti etibarilə birincisidir». Binanı milyonçu dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirmişdir. Bina Venesiya qotikası üslubda inşa etdirilmişdir. Binanın memarlıq layihəsinin müəllifi mülki memar İosif Ploşkodur. Bina düşünülmüş həcm-məkan həllinə malikdir. Birinci mərtəbədə korpusun eninə çıxışında uzun dördbucaqlı formada vestibül yerləşir, daha sonra iri ionik sütunları olan foye açılır, ondan sonra geniş mərkəzi üçmarşlı giriş pilləkəni gəlir. Foyenin künclərində qapalı ikimarşlı pilləkənlər yerləşir. Giriş pilləkənlərinə paralel olaraq xidməti otaqlar yerləşir. İkinci mərtəbəyə giriş pilləkənləri ilə çıxış klassik qaydada «şəkillərlə» müşayiət olunur. Binanın fasadı Venesiya qotikası üzrə tərtib olunsa da, interyerin üslub proqramı Avropa klassikasına daha yaxındır və bu ikinci mərtəbənin nəfis memarlıq həllində zalın üçölçülü ictimai foyesini əhatə edən biçimli korinf sütunlarında qabarıq şəkildə özünü göstərir. Burada qotikanın iti formalarının dinamikası memarlığın tamamilə fərqli təzahürləri ilə əvəz olunur.

Proporsiyaların incəliyi, memarlıq element və detallarının cizgilərinin sərtliyi baxımından burada imperiya dövrü Romasının əks-sədası duyulur.1918-ci ilin Mart hadisələri zamanı ermənilər İsmailiyyə binasın əvvəl qarət etmiş sonra isə yandırmışdılar. Bina Azərbaycan Xalq Cümhuriyyəti dövründə yenidən bərpa edilmişdir. Binanın ilkin dövrdə Müsəlman Xeyriyyə Cəmiyyətinin qərargahı kimi istifadə olunsa da, hal-hazırda Azərbaycan Milli Elmlər Akademiasının Rəyasət Heyətinin binası kimi istifadə edilir.

Please follow and like us:

Leave a Reply