Qala Qoruğu

Bütün ərazisi qoruq olan Qalada 2008-ci ildən açıq səma altında Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi yaradılıb. Kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilən arxeoloji, memarlıq abidələri toplanılıb və bərpa olunub. Ərazisi 1,2 hektar olan muzey kompleksində Azərbaycanın tarixi incilərini seyr etmək və daha yaxşı anlamaq üçün əlverişli şərait var.

Qədimdə bu kənddə bir sıra sənət sahələri inkişaf edib. Onlardan biri dulusçuluq olub. Dulusçuluqla bağlı Qalada arxeoloji qazıntılar zamanı aşkar edilmiş saxsı məmulatlar da bədii cəhətdən çox maraqlıdır. Azərbaycanda dulusçuluq ənənələrində iki növ dulusçu çarxı vardı — əl çarxı və ayaq çarxı. Dulusçunun əsas aləti daraq, dulusçu bıçağı, sim, bel və s. idi. Həmin emalatxananın biri məhz kompleksdə yaradılıb. Eləcə də ağacdan asılmış nehrə, nalbəndin «iş otağı», qədim hanalar, xalça toxunuşu zamanı istifadə olunan alətlər — həvə, kirgit, qayçı, qarmaqlı bıçaq diqqət çəkir. Burada aşkarlanmış qədim evlərin hamısının yanında at-dəvə bağlamağa halqalı daş var. Eləcə də Şor gölün ətrafında tapılmış müxtəlif ölçülü dəyirman daşları da kompleksin dəyərli eksponatlarındandır.

Maraq doğuran qədim abidələrdən biri də qavaldaşdır. Quru yüngül bir daşla qaya üzərinə toxunan kimi maraqlı səslər, qəribə bir zümzümə ətrafa yayılır. Maraqlıdır ki, Qobustan qayalıqlarında eradan əvvəlki dövrə təsadüf edilən qayaüstü təsvirlər, yeni daş Tunc dövrünə aid mağaralar Abşeronun şərqində Qala kəndi yaxınlığında Ağdaş düzü, Xaşaxuna və Dübəndi ərazisindəki arxeoloji qazıntılar zamanı da üzə çıxıb. Ən qədim yaşayış formalarından biri də «samanlıq»lar idi. Onlardan 2500-3000 il bundan əvvəl qədim yaşayış məskəni kimi istifadə edilib. Abşeronda meşə olmadığından bu cür yaşayış məskənləri əhəng daşından tikilib. Sonradan cəmiyyət inkişaf etdikcə samanlıqlardan tövlə, bəzən də taxıl anbarı kimi istifadə olunmağa başlayıb. Əslində, bu cür samanlıqların bir hissəsi yerin altında olmaqla ikihissəli inşa edilərdi. Aşağı enmək üçün pilləkənlər qoyulurdu. Dam örtüyü daşların səliqə ilə yığılmasından ibarət idi. Daşların arasına isə gil çəkilirdi.

Qala kəndində üç hamam mövcud olub: «Şor hamamı», «Qum hamamı» və «Bayraməli hamamı». «Şor hamamı» kəndin cənub hissəsində, Duz gölünün yaxınlığında yerləşib. Göldən ora su da çəkilib. Bu hamamın suyu duzlu olduğundan daha çox müalicəvi əhəmiyyət daşıyıb. Hamam dağılsa da, özülü bu günədək qalıb. Digər hamamlardan biri də «Qum hamamı»dır. Uzun müddət torpaq altında qalsa da, bərpa edilib. XII-XIV əsrlər memarlıq quruluşuna malik olan bu hamamda istirahət otaqları da olub. İstiliyin saxlanması üçün hamamın yer səthindən iki metr aşağıda yerləşib. Hamamın arxasında qazanxanası yerləşir. Divarların içi və döşəmənin altı ilə saxsı borular vasitəsilə keçən isti su hamamı qızdırıb. Səkkiz otaqdan ibarət olan hamamda xüsusi taxçalar da quraşdırılıb. Buradan təkcə yuyunmaq üçün yox, dincəlmək üçün də istifadə edilibmiş. Hətta müxtəlif görüşlər keçirilib, ticarət məsələləri araşdırılıb və s. Otaqların biri isə namaz qılmaq üçün istifadə edilib. Hətta deyirlər ki, türk səyyahı Cəlal Əsəd XIX əsrdə bu barədə belə yazırmış: «Hamamlar müsəlmanlar üçün məscidlər kimi lazımdır». Qala kəndində olan hamamlardan yalnız biri bu günədək fəaliyyət göstərir. «Bayraməli hamamı» adlanan bu tarixi abidənin giriş hissəsindəki epiqrofik yazıda tikilinin 1881-ci ildə Bayraməli adlı şəxs tərəfindən təmir edildiyi göstərilir. Kompleksin darvazalarından tutmuş ən son nöqtəsinə, eləcə də hasarına qədər hər bir elementdə, eksponatda diqqətçəkən əşyalarda bir qədimlik əks olunur. Müxtəlif mis qablar, dəridən hazırlanmış məişət əşyaları, evlərin döşənməsi, pilləkənlərin forması, eyvanlar, faytonlar, küplər, saxsı qablar, keramik əşyalar, araba, araba təkərləri, su quyuları, bir sözlə, burada nə varsa, hamısı qədim dünyanın bəxşişləridir. Muzeyi gəzərkən diqqəti həm də qayaüstü təsvirlərdə nöqtəli, həndəsi, xonça görünüşlü nişanlar çəkir. Bundan əlavə eramızdan əvvəl III minilliyin II yarısı — II minilliyin I yarısına qədərki dövrü əhatə edən qədim kurqanlar, qəbir daşları, yaşayış məskənləri, ibadət yerləri və bir sıra digər maddi-mədəniyyət nümunələrini görmək olar.

Abşeron yarımadasında tapılmış, e.ə. III-II minilliklərdən başlayaraq eramızın orta əsrlərinə qədərki tarixi əhatə edən qayaüstü rəsmlər öz mövzu və süjetlərinə görə çox rəngarəngdir. Burada ov, insanı qurban vermə, müqəddəs nigah və s. səhnələr təsvir olunmuşdur. Ayrı-ayrı təsvirlərdə əsas yer qadın ilahəsinə verilib. O daha əhatəli — ayaq üstə, əlləri göyə qalxmış vəziyyətdə göstərilib. Yarımadanın şərq hissəsinə aid olan ibadət mərkəzlərindən biri olmuş Bəndüstü abidəsində müqəddəs nigah əfsanəsi, heyvanların qurban verilməsi təsvirləri vardır. Qayaüstü təsvirlərdə nöqtəli, həndəsi, xonça görünüşlü nişanlar mühüm yer tutur. Abşeron ərazisində e.ə. III-II minilliyə aid bir sıra kurqanlar vardır. Kompleksin ərazisində onların bir neçəsı nümayiş edilir. Bu kurqanlardan biri «Dübəndi kurqanı» adlanır. Həmin kurqanın əsasını kromlex adlanan halqaşəkilli daş hörgü təşkil edir. Dəfn kamerası kurqanın mərkəzindədir. O cənub-qərb-şimal-şərq xətti üzrə istiqamətlənib, dörd həcmli daş piltədən təşkil olunub.

Kurqanlardan biri də «Türkan kurqanı»dır. Kurqanın hündürlüyü 60 sm, diametri 9 metrdir. Təpə qumlu və daşlıdır, əsas konstruksiya bir cərgədə halqaşəkilli daş hörmədən ibarətdir. Mərkəzdə dörd daş piltədən ibarət və tində quraşdırılmış kamera yerləşir (şaquli). Antropomorf heykəlin hündürlüyü 240 sm, əsası düzbucaqlıdır, eni 80 sm, üz tərəfi qərbə istiqamətlənib. Başı, boynu və sinəsi seçilir. Həmçinin bel nahiyəsində dördkünc formalı deşik vardır. Kurqan e.ə. III minilliyə aid edilir.

Please follow and like us:

Leave a Reply