Xınalıq Kəndi

Ümumi məlumat

Xınalıq və ya yerli dildə: Kətiş— Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və mərkəzi məskəni. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda Xınalıq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə). 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir.

Tarixi

Xınalıq barəsində tarixi tədqiqatlar çox azdır. Tarixçilərin ilkin araşdırmalarına görə, Xınalıq kəndi bizim eramızdan əvvəl salınıb. Əsasən Xınalıq etnosunun və dilinin tarixi araşdırmalarına və rəvayətlərə əsaslanan tədqiqatçılar Xınalıq kəndinin tarixinin təxminən 5000 il olduğu ehtimal edirlər. Xınalıq orta əsr yaşayış yeri Qudyalçayın sol sahilində, dəniz səviyyəsindən 2300 metr hündürlükdə, Qızılqaya yastanının cənub-şərq yamacında, strateji baxımdan çox əlverişli məkanda salınmışdır və hal-hazırda müasir kənd tikililəri ilə davam etdirilmişdir. Qala divarlarının qalıqları Xınalığın şimal və şimal-qərb tərəfində dar bərzəxdə arxeoloqlar tərəfindən qeydə alınmışdır. Yaşayış yerinin cənub-şərq tərəfindən yerləşən giriş isə piramida biçimli qüllə ilə mühafizə olunurdu. Xınalığın orta əsrlərdə mahal mərkəzi olduğu ehtimal edilir.

Nuh peyğəmbərin nəsli

Xınalıqlılar özlərini Nuh peyğəmbərin nəslindən olanlar kimi sayırlar. Onların fikrincə, Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi Ketş dağlarında yerləşirdi. Sonradan Allah tərəfindən baş verən zəlzələ zamanı orada heç bir ev salamat qalmamışdır, bütün evlər dağılmışdır. Əhalinin çox hissəsi həlak olmuşdur. Sağ qalanlar isə, çayı keçərək kiçik bir təpəyə qalxmışlar və beləliklə də Xınalıq yaranmışdır. Xınalıqlılar hesab edilər ki, tufandan sonra Nuhun oğulları – Sam və Ham müxtəlif yerlərə köç etmiş və yalnız Yafət öz oğulları ilə həmin yerlərdə qalmış və buradan da Qafqaz xalqları törənmişdir. Dəniz səviyyəsindən 2000 metrdən də artıq yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümüklərini xınalıqlılar bu rəvayətin təsdiqi kimi göstərilir, burada bir vaxtlar baş vermiş tufan və daşqından xəbər verir.

Please follow and like us:

Leave a Reply