Iran Azərbaycan Turizm Simpoziumu

Iran Azərbaycan turizm simpoziumu

Fevralın 15-də Tehranda İranAzərbaycan üzrə ikinci ixtisaslaşdırılmış turizm simpoziumu keçirilib.

Azərbaycanın İrandakı səfirliyi ilə İran Turizm Assosiasiyasının təşkil etdiyi simpoziumda İranda fəaliyyət göstərən turizm şirkətləri, İqtisadi Əməkdaşlıq Təşkilatının əməkdaşları və media nümayəndələri iştirak edib.

Tədbirdə Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın  turizm potensialı haqqında məlumat verilib. Ölkələrimizin coğrafi yaxınlığının ikitərəfli əlaqələrin inkişafı üçün böyük imkanlar yaratması diqqətə çatdırılıb. Son illərdə Azərbaycan ilə İran arasında iqtisadiyyatın müxtəlif sahələrində olduğu kimi turizm sahəsində də qarşılıqlı əlaqələr inkişaf edir. Bildirilib ki, hazırda Azərbaycanda turizm qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilib və bu sahənin inkişafına dövlət xüsusi qayğı ilə yanaşır. Gözəl iqlimə, təbiətə, ləziz mətbəxə, yeni infrastruktura, tarixi abidələrə, mədəni irsə malik olan Azərbaycan Qərb ilə Şərq arasında körpü rolunu oynaması, Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biri olması artıq neçə ildir ki, dünya miqyaslı idman yarışlarına və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, o cümlədən Avropa çempionatının final mərhələsinin 2 oyununun Bakıda keçiriləcək olması məsələsi vurğulanıb.Onu da nəzərə çatdırmaq lazımdır ki, Qəbələ şəhəri 2020-ci il üçün “İslam turizm paytaxtı” seçilib. Bununla əlaqədar olaraq bir sıra beynəlxalq səviyyəli tədbirlər Qəbələdə təşkil olunacaq. İslam əməkdaşlıq Təşkilatının 11-ci konfransı da Qəbələdə keçiriləcək.

Novruz bayramında İrandan Azərbaycana xüsusilə çox turist gəlir. Simpoziumda Azərbaycana gəlmək istəyən turistlərin səfərlərinin daha da asanlaşması istiqamətində aparılan işlərdən də danışılıb. Ötən il dekabr ayının 1-dən İran vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına səfərlərini asanlaşdırmaq məqsədi ilə viza rejimi ləğv edilib. Tehran ilə Bakı arasında hər gün birbaşa təyyarə reysləri təşkil edilib.

Nəzərə çatdırılıb ki, turizm şirkətləri arasında əlaqələrin intensivləşməsi üçün seminar və konfranslar da təşkil ediləcək ki, bunlar da iki dost ölkə arasında turizm əlaqələrinin genişlənməsinə təkan verəcək.

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov çıxışında söylədi ki, Azərbaycan ilə İranın münasibətləri müştərək tarixə, qədim dostluq və qardaşlıq ənənələrinə əsaslanır. Ötən 7 il ərzində Azərbaycan və İran prezidentlərinin 13 görüşü olub, yüksək səviyyəli nümayəndə heyətlərinin 150-dən çox qarşılıqlı səfərləri həyata keçib və 75-dən artıq sənəd imzalanıb.

Iran Azərbaycan turizm simpoziumu-nun sonunda Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə İranın Turizm Agentlikləri Assosiasiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalandı.

Bir cavab yazın