Kabab
Kabab əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyidir. Əsasən gəzinti zamanı hazırlanır və isti-isti yeyilir. Ət məhsulları ilə yanaşı müəyyət tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabablar hazırlanır. Bu tərəvəzləri qarnir kimi ət kabablarının yanında yemək üçün istifadə edilir. Tərəvəz kababları həzm prosesinə yardım edir və mədəni yüklənmədən qoruyur.
Digər tərəfdən kabab tavada da bişirilir. Buna “tava-kababı” deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır.
Kabab rusca “şaşlık” adlanır. “Şaşlık” sözünün kökü “şişlik” türk sözündən götürülüb və “şiş üstündə”deməkdir. Hələ Azərbaycan türklərinin qədim eposu olan “Kitabi Dədə Qorqud”da “şişlik” sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Azərbaycan mətbəxində kababın bir sıra növləri var.
Tikə kabab, Lülə kabab, Toyuq kababı, Balıq kababı, Bildirçin kababı, Qaraciyər kababı, Böyrək kababı, Bağırsaq kababı, Basdırma kabab, Xan kababı, Kartof kababı, Badımcan kababı, Pomidor kababı, Bibər kababı, Tava kababı, Zirincli kabab.