Ağdam rayonu

Ağdam rayonu 1930-cu ildə yaradılmışdır. Rayon Aran Qarabağla Dağlıq Qarabağın birləşdiyi ərazidə yerləşir. Ağdam rayonu ilə Bakı şəhəri arasında olan məsafə 364 km-dir.

Turizmi:

Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam rayonunda çoxlu sayda tariximizin şahidi olan mеmarlıq abidələri var. Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərliktəpə abidəsi, Xaçındərbət kəndindəki Qutlu Musa oğlu günbəzi, Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri, Papravənd kəndindəki Xanoğlu türbəsi,  Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti, Şahbulaq qalası və s. mеmarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq еdir.

Qutlu Musa türbəsi və ya Xaçındərbətli türbəsi – Kür-Araz çayları arasındakı inşaat, xüsusilə XIV əsrin başlanğıcında daş türbələrin geniş şəkildə yayılması ilə əlamətdardır. Bu abidələrdən biri nadir təsadüf edilən səciyyəyə malik türbədir.
Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən bu abidə nisbətən alçaq bir kürsülük üzərində yüksələn səkkizbucaqlı piramidaşəkilli günbəzlə örtülüdür. Bu abidənin əsas məziyyəti onun həcmində deyil, bu ənənəvi quruluşun özünəməxsusluğundadır.
Xaçındərbətli abidəsində yeraltı hissənin varlığı onun qülləvari türbələr qrupuna daxil edilməsinə əsas verən başlıca əlamətdir.

Abidənin istər daxili səthlərinin, istər daxilindəki günbəzin və istərsə də xaricindəki səthlərin işlənməsi binaya təkrarolunmaz bir fərdi xüsusiyyət verir. Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki kitabə, onun 1314-cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Qutlunun məzarı üzərində tikildiyini göstərir. Xaçındərbətli abidəsinin ən zəngin hissəsini giriş səthinin memarlığı və onun daxili günbəzinin stalaktitli quruluşu təşkil edir. Xarici səthlər çox da dərin olmayan batıqlarla işlənmiş və bu batıqların yuxarı hissəsi tağlara bağlanmışdır.
Abidənin ümumi kompozisiya görünüşündə əhəmiyyətli bir ünsür də onun piramidaşəkilli günbəzinin üzlüyünü təşkil edən daş tavalardan düzəldilmə örtükdür.
Xaçındərbətli abidəsinin giriş səthində və daxilində olan heyvan təsvirləri də son dərəcə diqqət cəlbedicidir. Onların içərisində vəhşi heyvan təsvirləri xüsusilə qeyd olunmalıdır. Azərbaycan memarlığı abidələri içərisində bu təsvirləri xatırladan nümunələr Bakıda, Bayıl qalasının (XIII əsr) üzərində də var.
Xaçındərbətli abidəsinin daxili günbəzi Şirvan memarlığının daşdan oyma stalaktit kompozisiyalarını xatırladır.

 

23 iyul 1993-cü cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olur. Bununla da Ağdam şəhərinin işğalına son qoyulur.

Bir cavab yazın