Astara Şəhəri
Azərbaycan Respublikasının rayon tabeliyində olan şəhərdir. Astara rayonunun inzibati mərkəzidir. 1945-ci ildə rayon tabeli şəhər statusu almışdır. Astara şəhəri Astara çayının sol sahilində yerləşir. Bakıdan 313 km məsafədə yerləşir. Şəhərdən 3 km aralıda Astara dəmiryolu stansiyası yerləşir.
Tarixi
Astara sözünün etimologiyasına aid bir neçə versiya və tarixi mənbələr var. Talış toponiminə əsasən “osto” (azərb. ahəstə, asta, asan), “ru” (azərb. yol), yəni “asan yol” deməkdir. Başqa versiya, asterid yarımsinifinə aid, xüsusən astraçiçəklilər (lat. asterales) bitki sırasına aid bəzi bitkilərin bu ərazilərdə bitməsi ilə əlaqələndirilir.
Təbiəti
Astara aran və dağ zonasından ibarətdir. Rayonun şərqində Xəzər dənizi dalğalanır və qərbində isə zəngin meşəli Talış sıra dağları dayanır. Xəzər dənizində olan nadir balıq növlərindən hazırlanan xörəklər Astara mətbəxini hər yerdə məşhur etmişdir. Xəzər dənizi sahili boyu və meşəliklərdə adı ilə tanınan bulaqlar rayona gələn qonaqlar və turistlər üçün ən gözəl istirahət yerlərindəndir. Müxtəlif xəstəliklərin dərmanı olan Astaranın İsti suyu Respublikanın hər yerində tanınır. Astara meşələrində bitən nadir ağacların şahı dəmirağacıdır.
Talışın düzən meşəliklərinin səciyyəvi ağac cinslərindən dəmirağac və şabalıdyarpaq palıdı göstərmək olar. Burada relikt şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiya, azat, həmçinin palıd, vələs, fıstıq, qoz, qızılgöz, cökə və s bitir. Hirkan milli parkının çox hissəsi Astara rayonundadır.
Astara sitrus meyvələri öz dadına-tamına görə seçilir. Yəqin hiss etmisiniz, bazar-dükanlardan limon, narıngi, portağal, feyxoa alanlar onun haranın meyvəsi olduğunu soruşurlar. Astara adını eşitcək istədikləri meyvəni könül xoşlugu ilə alıb evlərinə aparırlar.
“Ulduz” filmin əsas səhnələrinin birinin çəkildiyi Ləm də Astara şəhərində yerləşir. Ləm Astaranın Ərçivan kəndində yaşayan Musayevlər ailəsinə məxsusdur. “Ulduz” filmində çəkilən Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Hacıbaba Bağırov kimi aktyorlar da bu filmdəki rolları ilə tamaşaçıların qəlbində hələ yaşayırlar.
Turizm imkanları
“Yanar bulaq” kompleksi Astara rayonunun çoxsaylı nadir geoloji obyektlərindən biridir. Bu kompleks Astara rayonunun Ərçivan kəndinin cənub qurtaracağında, Ələt-Astara magistral yolu yaxınlığında yerləşir. Bu bulaq insanların ən çox maraq göstərdiyi yerlərdən biridir.
Motlayataq, Astara
Ballıqaya, Sım, Astara
Sım Şəlaləsi, Astara
Astara Bulvarı