Bakı Şəhəri
Bakı – müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir. Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi (“İpək Yolu”), iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur.
Bakının neftlə zəngin ərazilərindən olan Suraxanıda 2.500 il əvvəl təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş və atəşpərəstlərin sitayiş etdiyi məbəd Bakı nefti və qazının daha da məşhurlaşmasına səbəb olmuşdur. Bu ərazidə İslam dini yayıldıqdan sonra isə daim alovlanan həmin məşəl Hindistandan gələn zərdüştlərin baş çəkdiyi məbədə çevrildi. Aleksandr Düma 1859-cu ildə burada 3 atəşpərəstə rast gəldiyini yazırdı. Əsrlərlə alovlanan od məbədi “Atəşgah” bu gün çoxsaylı turistlərin gəldiyi muzey kimi fəaliyyət göstərir. Bu abidə Sanskrit dilindəki yazıları ilə nadir tapıntılardan sayılır. Bakıda qədim köklərə dayanan oda sitayiş adətləri elə şəhərin adının mənasının izahlarından birində də öz əksini tapıb. Sara Aşurbəylinin “Bakı şəhərinin tarixi” kitabında Küləklər şəhəri Baadiye-Kubiden kimi tanınan Bakının adının mənası həm də Ateshi-Baqavan, yəni Odlar Yurdu kimi izah olunur. Maraqlıdır ki, od və külək günü bu gün də Bakını fərqləndirən əsas cəhətlərdəndir.
Hotel: Courtyard otel
Tarix
Şərq və Qərb memarlığının möhtəşəm harmoniyası, həmçinin ilk neft bumunda (1872-1920) inşa edilən binalar bu gün də Bakıda özünəməxsus ab-hava yaradır və şəhər arxitekturasına öz təsirini göstərir. Bakının ən qədim tarixinin izləri İçərişəhərdədir. Bakı minilliklər ərzində sıx və kompakt infrastrukturu ilə Qala divarları arasında yerləşmişdir. Burada hazırda 50-dən artıq tarixi və memarlıq abidəsi qorunub saxlanılır. Bunların arasında öz misilsiz forması ilə Bakının simvollarından sayılan 12-ci əsr abidəsi Qız Qalası, Şirvanşahlar Sarayı (1420-1460) da var.
2000-ci ildə İçərişəhər Qala divarları, Qız Qalası və Şirvanşahlar Sarayı UNESCO-nun Dünyanın Mədəni İrsi Siyahısına daxil edilmişdir. Açıq səma altında yerləşən Qala Arxeoloji-Etnoqrafik Muzeyi Bakının qədim tarixini yaşadan abidələrdəndir. Qala ərazisindəki arxeoloji tapıntılar və memarlıq abidələri e.ə 3-cü əsrdən başlamış eramızın 20-ci əsrinə qədərki tarixi əhatə edir.
Müasir Bakının ruhu həqiqətən də cəlbedicidir. Qədim tarixlə zəngin Paytaxdimiz bu gün də dinamik inkişaf edir. Müasir üslublu muzeylər, teatrlar, konsert zalları, Dənizkənarı Milli Park, eyni zamanda milli və xarici mətbəxi ilə seçilən kafelər, restoranlar fəaliyyət göstərir.