Balakən Rayonu

Balakən Rayonu

Tarixi

Balakən rayonu inzibati vahid kimi 8 avqust 1930-cu ildə təşkil olunmuşdur.Rayonun təşkili tarixinədək bu ərazi inzibati cəhətdən Zaqatala dairəsinə daxil idi. 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur.Antik yunan coğrafiyaçısı Strabon qədim Balakən ərazisini “Məbədlər diyarı” adlandırmışdır. Müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar Balakənin qədim yaşayış məskəni olduğunu deməyə əsas verir.

Qədim Qafqaz Albaniyası və Balakən

Yazılı qaynaqların verdiyi məlumatlara görə Balakən Qədim Albaniya dövlətinin ərazisinə daxil olmuşdur. Eramızdan əvvəl 65-ci ildə Roma və alban qoşunları arasında Alazan (Qanıx) çayı sahilində baş verən döyüşdə iştirak edən qədim yunan tarixçisi Plutarx yazırdı ki, bu yerlərin əhalisi sakit təbiətli, məğrur, döyüşdə cəsarətli və cəsurdur. Bu gün də işlədilən Hetovlar (Hetləri xatırladan), Hunbulçay (Hunları xatırladan), inqiloylar (Qerləri xatırladan) və s. toponimlərin tədqiqi sübut edir ki, ən qədim zamanlardan başlayaraq türkdilli tayfalar bu bölgənin daimi sakinləri olmuşlar. XI əsrə qədər bu bölgə Qədim Qafqaz Albaniyasının şimal-qərbində yaşayan türklərin, inqiloyların və avarların əcdadları hesab olunan lek, ipin və s. tayfaların məskəni olmuşdur. Bu ərazi bol təbii sərvətlərə, münbit torpaqlara malik olduğuna və mühüm əhəmiyyət kəsb etdiyinə görə həmişə xarici qüvvələrin, yad dövlətlərin maraq dairəsində olmuş, ayrı-ayrı vaxtlarda mübarizə və müharibə meydanına çevrilmişdir.

Balakən AXC dövründə

1918-ci il 28 mayda Azərbaycanın istiqlalının elan olunması xəbərini Balakən əhalisi bunu azad və xoşbəxt günlərin sorağı kimi qarşıladı. Lakin həmin dövrün siyasi vəziyyətindən istifadə edib bu bölgədə yaşayan xalqlar arasında milli nifaq salaraq gərginliyi artırmaq istəyən qüvvələr də az deyildi. Doğulduğu torpağın təşəbbüsünü çəkən ziyalılar pis niyyətli qüvvələrin qarşısını almaq üçün böyük sayıqlıq göstərirlər. Belə adamlardan biri də Qori seminariyasında dahi bəstəkar Ü.Hacıbəyovla birgə oxumuş, sonralar onunla qohum olmuş, Qabaqçöllü avar Həmzət bəy Xəlilov idi. O, Zaqafqaziya Seymi dağıldıqdan sonra başçılıq etdiyi azərbaycanlılardan ibarət süvari dəstələrini Tiflisdən Balakənə gətirir və Azərbaycan Xalq Cumhuriyyətinin yeni yaranan ordusunun tərkibində bu ərazinin sərhədlərini mühafizədə, əmin-amanlığın qorunmasında fəal iştirak edir. Balakənlilər həmişə məğrur, cəsur olduqları kimi də əməksevər və dövlətçiliyə sadiq insanlar olmuşlar.

İkinci Dünya Müharibəsi və Balakən

İkinci dünya müharibəsi zamanı Azərbaycan faşist Almaniyasının hücumuna məruz qalanda balakənlilər də Vətənin müdafiəsi üçün ayağa qalxdılar. Balakəndən döyüş cəbhələrinə 6882 nəfər yola düşdü. Onlardan 2315 nəfəri faşizmlə mübarizədə həlak oldu. Döyüş meydanlarında göstərdikləri hərbi şücaətlərinə görə yüzlərlə müharibə iştirakçısı orden və medallarla təltif edildi.

XX əsrin 70-80-ci illəri

XX əsrin 70-80-ci illərində Balakən iqtisadi, sosial və mədəni sahələrdə daha sürətlə inkişaf etməyə başladı. Həmin dövrdə Balakən və Mazım çaylarının üzərində böyük körpülər salındı, əhalinin həyat səviyyəsi xeyli yüksəldi, kəndlər tamamilə öz simasını dəyişdi, gözəlliyi və rahatlığı ilə seçilən minlərlə fərdi yaşayış evi tikildi, onlarla inzibati bina, sənaye müəssisəsi, yeni tipli məktəb binası, uşaq bağçası və digər sosial obyektlər tikilib istifadəyə verildi, Bakı-Balakən dəmiryolu çəkildi.

Turizm Potensialı

Balakən rayonu Azərbaycanın əsrarəngiz təbiətə, böyük rekreasiya-turizm resurslarına malik rayonlarından biridir. Rayon gəzməli, görməli yerlərlə zəngindir. Katexçay şəlaləsi, İmambulaq, Arılıq, Qaraçay-Razvedka, Mazımqara, Mirovoy Voda, Şərif kəndində Bağman Bulağı və s. belə yerlərdəndir. Balakənin zəngin meşə örtüyü ölkənin meşə ehtiyatlarının 5 %-ni təşkil edir. Meşələrində palıd, vələs, fıstıq, qızılağac, akasiya və s. ağaclar bitir. Qanıx (Alazan) çayı boyunca Tuğay meşələri vardır. Dərman bitkiləri ilə zəngindir. Maraqlıdır ki, dünyada Şuşadan başqa heç yerdə bitməyən Xarı Bülbül adlı məşhur gül Balakən rayonunda bitir. Rayonun faunası da zəngindir. Dağ və düzənlik meşələrində qonur ayı, dağ keçisi, canavar, çaqqal, tülkü, qaban, dovşan, cüyür və s. heyvanlar yaşayır.Böyüklüyünə görə Azərbaycanda ikinci olan Zaqatala qoruğunun 3/4-ü Balakən rayonunun ərazisinə düşür. Ən iri çayları Qanıx (Alazan), Balakənçay, Katexçay və Mazımçaydır. Balakən üçün əsasən rütubətli subtropik və dağ-tundra iqlimi səciyyəvidir.

İqlim

Rayonda 4 iqlim qurşağı mövcuddur. Düzənlik və dağətəyi hissədə mülayim və yarımrütubətli subtropik, yüksək dağlıq yerlərdə soyuq və rütubətlidir. Rayonun 65%-ində subtropik iqlim qurşağı mövcuddur. Yanvar ayında orta temperatur – 1,5; – 7,8 dərəcə, iyulda + 10,5; + 24,5 dərəcə təşkil edir. İllik yağıntının miqdarı 600mm-dən 1400mm-ə qədər olur. Maksimum temperatur adətən iyul ayında müşahidə olunur və + 37 dərəcəyə çata bilər. Yağıntıların illik miqdarı 890 mm-dir. Buxarlanmanın illik miqdarı 824 mm-dir.Balakən rayonunda 49 ümumtəhsil məktəbi, 25 məktəbəqədər, 5 məktəbdənkənar uşaq tərbiyə müəssisəsi, texniki-peşə və musiqi məktəbləri, 44 kitabxana, 25 klub, 5 mədəniyyət evi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərinin 35-i orta, 10-u əsas, 4-ü ibtidaidir.

İş Potensialı

Balakən rayonunda İnternat əsas məktəbi və xüsusi qabiliyyətli şagirdlərin istedad və qabiliyyətlərinin daha da inkişaf etdirilməsinə xidmət edən texniki və humanitar təmayüllü lisey fəaliyyət göstərir. 2007–2008-ci il tədris ilində ümumtəhsil məkəblərində 14878 nəfər uşaq və gəncin təlim və tərbiyəsi ilə 1858 nəfər müəllim, məktəbəqədər uşaq tərbiyə müəssisələrində 1330 nəfər uşağın tərbiyəsi ilə 170 nəfər tərbiyəçi məşğul olmuşdur. 5 məkətəbdənkənar uşaq tərbiyə müəssisəsində, o cümlədən Uşaq Yaradıcılıq Mərkəzində, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində, Uşaq Texniki Yaradıcılıq Mərkəzində, Şahmat üzrə Uşaq Gənclər İdman Məktəbində, Uşaq Gənclər İdman məktəbində 300 dərnəyə 4262 nəfər şagird cəlb edilmişdir. Həmin müəssisələrdə 176 nəfər müəllim və dərnək rəhbəri çalışır. Ümumtəhsil məkətəblərində çalışan müəllimlərin 3 nəfəri Əməkdar müəllim, 3 nəfəri orden və medallarla təltif olumuş, 19 nəfəri ali kateqoriyalı müəllimdir.

Məktəblər

Məktəblərdən 18-i, məktəbəqədər uşaq tərbiyə müəssisələrindən 8-i bir tipli layihə əsasında tikilmiş binalarda fəaliyyət göstərir. 36 məktəb beş günlük iş həftəsi ilə işləyir. Təlim məşğələləri 41 məktəbdə azərbaycan dilində, 3-də rus dilində, 4-də azərbaycan və rus dillərində, 1-də azərbaycan və gürcü dillərində keçirilir. Məktəblərin əksəriyyətinin zəngin tədris bazası vardır. Texniki və humanitar təmayüllü liseydə müasir tipli kompüterləri olan kompüter kabineti quraşdırılmışdır. Bu tədris müəssisəsi rayonun, habelə Azərbaycanın ən qabaqcıl tədris müəssisələrindəndir. Fəaliyyətə başladığı vaxtdan 2007-cı ilə qədər liseyin 362 məzunu olmuş, onlardan 313 nəfəri ali məktəblərə qəbul olmuşlar. 34 nəfər fənn olimpiadalarının respublika turunun qalibi olmuş, 37 nəfər məzun liseyi fərqlənmə attestatı ilə bitirmiş və respublikanın ən nüfuzlu ali məktəblərinə qəbul olunmuşlar.

Təhsil

Ümumiyyətlə, rayon üzrə 2007-ci il XI sinifi bitirən 1106 məzunun 151 nəfəri test üsulu ilə keçirilən qəbul imtahanlarında müvəffəq olaraq ali məktəblərə qəbul olmuşldur. 2007-ci il ildə 600 şağird yerlik şəhər 3 saylı orta məktəbinin, 120 şağird yerlik Beretbinə əsas məktəbinin, 200 şağird yerlik 10 sinif otağı Qazma-2 saylı kənd orta məktəbinin, 480 yerlik İtitala kənd orta məktəbinin, 240 yerlik Katex-3 saylı kənd orta məktəbinin, 120 şağird yerlik Roçəhməd əsas məktəbinin yeni binaları tikilib istifadəyə verilmiş, 800 şagird yerlik Nəsimi adına şəhər 2 saylı orta məktəbi əsaslı təmir olunmuş və yeni avadanlıqlarla təmin edilmişdir. Hal-hazırda rayonun məktəblərində 24 kompüter kabineti quraşdırılmışdır. Rayonun 39 məktəbində 384 ədəd müasir kompüter dəsti var.

Kənd Təsərrüfatı

Balakən çoxsahəli təsərrüfata malikdir. Burada tütünçülük, baramaçılıq, arıçılıq, meyvəçilik (əsasən qərzəkli meyvəçilik) daha çox inkişaf etmişdir. İqtisadiyyatında heyvandarlıq və taxılçılıq da mühüm yer tutur. Balakən ölkənin ən çox qarğıdalı tədarük edən rayonudur. Sənayesi əsasən kənd təsərrüfatı məhsullarını emal edir. Rayonda tütün fermentləşdirmə, konserv zavodları, fındıq emalı müəssisəsi, kərpic zavodu, istehsalat və meşə kombinatları vardır.

Bir cavab yazın