Beyləqan Rayonu

BEYLƏQAN RAYONU

Beyləqan rayonu Ağcabədi, Zərdab, Füzuli, İmişli rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 1,13 min kvadrat km-dır. Mərkəzi Beyləqan şəhəridir. Beyləqan rayonu ilə Bakı şəhəri arasındakı məsafə 281 km-dir. 2014-cü ilin məlumatlarına görə Beyləqanda əhalinin sayı 91 min nəfərdir.

Təbiəti

Beyləqan rayonu ərazisi quru subtropik iqlim qurşağında yerləşir. Qışı mülayim, yayı isti quraq keçən yarımsəhra və quru çöl iqlim tipi hakimdir. Mil düzünün cənub-qərbində yerləşir. Ərazinin şimal — şərq hissəsi okean səviyyəsindən aşağıdadır. Rayonun şimal-şərq sərhədindən Kür çayı, cənub-şərq sərhədindən Araz çayı axır. Kür çayının mənbəyi Qızıl-Gədik dağının şimal-şərq hissəsində (2720 m) yerləşir.

Arxeoloji abidələr

Aşağı Çəmənli kəndi yaxınlığında yeddi təpədən ibarət ilk Tunc Dövrünə aid Çardaqlı Abidələri — qədim yaşayış yeri

Kəbirli kəndi yaxınlığında V əsrdə Sasani hökmdarı I Qubad (488 −531) tərəfindən salınmış qədim Beyləqan şəhərinin xarabalıqları

Beyləqan rayonunun mühüm abidələrindən biri qafqazda yeganə peyğəmbər ocağı olan Həzrəti Cərciz Peyğəmbər ziyarətgahıdır

Qala divarları, qala darvazası, yaşayış binaları

Təzəkənd ərazisində III- IV əsrlərdə salınmış Qafqaz Albaniyasının əsas şəhərlərindən biri olan Paytakaranın xarabalıqları.

Maddi-mədəni irsi

Beyləqan rayonunda bir neçə tarixi abidə mövcuddur. Bunlar Həzrəti Cərgiz Peyğəmbər ziyarətgahı, orta əsrlər dövrünü əhatə edən qədim Beyləqan şəhər xarabalığı (Örənqala) və Soltanbud təpəsidir.

Həzrəti Cərcis Peyğəmbər ziyarətgahı XVII–XVIII əsrlərdə tikilmişdir. Hal-hazırda bu ziyarətgah Azərbaycanın bütün bölgələrindən, eləcə də Gürcüstandan və Dağıstandan gələn müsəlmanların inam və səcdə yeridir.

Beyləqan şəhər xarabalığı Örənqala tarixi abidəsi rayondan 18 km aralıda yerləşən Kəbirli kəndinin yaxınlığındadır. Burada qədim Beyləqan şəhəri mövcud olmuşdur. Tarixi məlumatlara görə əsası V əsrdə qoyulmuş Beyləqan şəhəri dövrünün ən iri ticarət və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bu şəhər XIII əsrdə monqol-tatarların işğalına məruz qalaraq tamamilə dağılmışdır. XIV əsrdə Əmir Teymurtərəfindən şəhərin yenidən inşasına başlansa da, onun ölümü ilə əlaqədar olaraq başlanmış işlər yarımçıq qalmışdır. XVI əsrdən bəri şəhər xarabalığa çevrilmiş və bir daha bərpa olunmamışdır.

Bundan əlavə, rayon Mədəniyyət şöbəsinin mühafizəsində olan aşağıdakı tarixi, memarlıq və incəsənət abidələri mövcuddur: Saray təpəsi, Soltanbud qəbristanlığı, Seyid Əminə türbəsi, Əminə Xatın məscidi, Kərbəlayı Seyid Ağa türbəsi, Gəray Əsədovun ev muzeyi, Böyük Vətən Müharibəsi iştirakçılarının xatirə kompleksi, Sevil Qazıyevanın ev muzeyi və büstü, Sovet İttifaqı Qəhrəmanı G.Əsədovun xatirəsində ucaldılmış abidə, Türklər məscidi, Əmək birliyi abidəsi, M.Beyləqaninin heykəli, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü.

Bir cavab yazın