Cəbrayıl rayonu

Rayon əhalisi arasında ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Amma Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu Güney ilə həmsərhəddir.

Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Cəbrayıl kəndinin şimalında “Cəbrayıl ata” adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Digər mənbə və məlumata görə Cəbrayıl toponimi İslamda və monoteist dinlərdə Allahın ən yaxını olan Cəbrayıl adlı mələyin adı ilə əlaqədardır. Cəbrayıl sözü ərəbcə “Allahın qulu” deməkdir.

Turizmi

Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı abidələri ilə zəngin rayonlarından hesab olunur. Rayonun köhnə qəbiristanlığında qədim yazılar yazılmış bir lövhə parçası aşkar olunmuşdur. Həmin yerdə, yolun qırağında isə iki başdaşı vardır. Başdaşılarının yuxarı hissəsində heyvan təsvirləri – dağ keçiləri və Qobustan qayaüstü təsvirlərini xatırladan müxtəlif tamqalar həkk edilmişdir. Cəbrayılın ətrafında müxtəlif bədii formaya malik qəbir daşları vardır, onlardan qoç heykəli olan ikisi Azərbaycanın digər dağətəyi rayonlarındakı abidələrin analogiyasıdır.

Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu – IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Kərpic körpü isə XII əsrdə tikilmişdir.

Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağ-Tumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağındakı Sigeon tikintisi, ġıxlar kəndi yaxınlığında “ġəhərcik qalıqlar”, “Qışlaq yerləri”, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir. Rayonun ərazisində çoxlu yazılı abidələr vardır ki, bunlardan da Ağoğlandakı Orxan yazılı abidəsi xüsusilə qiymətlidir

Xudafərin körpüləri

Araz çayı üzərində əsrlər boyu çoxlu körpülər atılsa da, onlardan ancaq ikisi Cəbrayıl rayonu ərazisində dövrümüzəcən qalmışdır. Bir-birindən 750 metr aralı yerləşən bu körpülər çay yatağınının ən əlverişli keçidlərindən biri olan Xudafərin dərəsində yerləşir. Belə ki, burada genişlənən çay yatağında iri qayalıqlar var. Həmin qayalar körpü tağları üçün etibarlı təməl rolunu oynamışdır. Körpülərin böyüyü 15 aşırımlı olub memarlıq üslubuna görə XII əsrin abidəsi sayılır. Qumlaq kəndində olan bu abidənin təməli daha qədimlərdə qoyulmuşdur. Körpü dəfələrlə təmir-bərpa işlərinə uğrayaraq indiki görkəmini almışdır.

Xudafərin körpüləri Yaxın və Orta Şərq regionunun ən əzəmətli, həm də ən məşhur körpülərindən sayılır. Qəzvini yazır ki, Xudafərin körpüsü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Başqa bir mənbədə isə Bəkir ibn Abdullanın körpünü tikdirmədiyi, yalnız təmir etdirdiyi yazılıb. Hətta belə bir rəvayət də dolaşır ki, Ərəb qoşunları Qarabağ ərazisinə yaxınlaşanda Cənubla-Şimalı birləşdirən körpünü görən sərkərdə Bəkir ibn Abdulla deyir, “Xudaya Afərin”. Körpünün adının Xudafərin olmasının ordan gəldiyi ehtimal olunur.

Araşdırmaçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara “Xudafərin” adı verilib. Bir sözlə hələlik Xudafərin körpülərinin sirri tam olaraq açılmayıb.

23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilmişdir. 4 oktyabr 2020-ci ildə rayonun mərkəzi və bir sıra kəndləri işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi

Bir cavab yazın