Culfa Şəhəri

Culfa ərazisində aparılan arxeoloji tədqiqat işləri nəticəsində b.e.ə. III minilliyin ortalarından başlayaraq son orta əsrlərə qədər olan dövrlərə aid xeyli maddi-mədəni nümunələr aşkar edilmişdir. Bu tapıntılar bölgə sakinlərinin əkinçilik, maldarlıq, ovçuluqla məşğul olduqlarını sübut edir. Araşdırmalara görə b.e.ə. bu ərazidə boyaqlı qablar mədəniyyəti, b.e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərindəXocalı-Gədəbəy mədəniyyətiyayılmışdı. Tarixçi Şərafəddin Əli Yəzdi “Zəfərnamə” əsərində yazır ki,Culfa şəhəri Naxçıvan torpağında, Araz çayının dağın ətəyindən keçdiyi ərazidə yerləşir. Burada məşhur Ziya-ül-mülk körpüsü salınmışdır.

Culfa şəhəri qədim dövrlərdə onun indi yerləşdiyi ərazidən bir qədər aralıda qərar tutmuşdur. Araz çayı boyunca uzanan karvan yolu üzərində yerləşən Qədim Culfa o dövrdə bölgənin iqtisadiyyatının tənzimlənməsində mühüm rol oynayırdı. Qədim Culfa indiki Culfa şəhərindən 4 km qərbdə yerləşmişdir. Araşdırmalar zamanı burada yaşayış binaları, qala divarları, karvansara, bazar və dini binaların qalıqları, o cümlədən qədim qəbiristanlıq aşkar edilmişdir. 1939-1940-cı illər ərzində Culfa şəhərində aparılan arxeoloji qazıntılar zamanı isə tunc dövrünə aid monoxrom və polixrom boyalı gil qablar, tunc xəncər, ox və nizə ucluqları, toppuz, bilərzik, boyunbağı və s. aşkar edilmişdir.

1727-ci ildə Culfa ərazisi bir neçə nahiyədən ibarət olmuşdur.

Ehtimala görə «Culfa» adı orta əsrlərdə “cükki” adını daşıyan tacir təşkilatının adı ilə əlaqədardır. Culfanın adı bəzi mənbələrdə “Culağ” kimi də çəkilir. Şəhərin adı haqqında olan digər mülahizələrə görə isə, “Culfa” adı müxtəlif variantlarda işlənib. Bəziləri bu sözün “toxucu” mənasını verdiyini, müxtəlif mənbələrdə “Cula”, “Cülahə”, “Culh”, “Culha” şəklində qeyd olunan bu sözün fonetik dəyişikliklərə uğrayaraq “Culfa” şəklinə düşdüyünü söyləyirlər. Tarixi mənbələrdə də bu şəhərdə vaxtilə toxuculuqla məşğul olunduğu göstərilir. Bu da o deməkdir ki, Culfa Şərq və Qərb arasında mühüm ticarət əlaqələrinin keçid məntəqəsi olmaqla yanaşı, burada həmçinin müxtəlif istehsal sahələri də mövcud olmuşdur.

Culfa şəhəri Araz çayının sol sahilində, Güneylə ilə sərhəddə yerləşən qədim yaşayış məskənidir. Azərbaycanın ən yüksək (+44) və ən aşağı temperaturunun (-33) qeydə alındığı Culfa şəhəri kəskin kontinental iqlimə malikdir.

 

Bir cavab yazın