Daşkəsən Rayonu

Daşkəsən Rayonu

Tarixi

Daşkəsən rayonu Azərbaycan SSR ərazisində 30.08.1930-cu ildə inzibati ərazi kimi yaradılmışdır. Şəhərinin əsası Böyük Vətən müharibəsindən sonra 1948—ci il mart ayının 16-da qoyulub. Rayon əsasən dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar salınıb. Bundan sonra rayona əhali axını güclənmişdir. Lakin rayona daha çox ermənilər məskunlaşdılırdı. Ermənilərin Moskvadakı havadarı Anastas Mikoyanın təşkilatçılığı ilə 1948-1953-cü illərdə Daşkəsənə minlərlə erməni ailəsi köçürülür. 1956-cı ilə qədər Dəstəfur rayonu adını daşımış, 1956-cı ildə Daşkəsən adlandırılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi o dövrkü Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən müstəqil inzibati ərazi — rayon olmuşdur. Qarabağ müharibəsi dövründə döyüşlərin bir hissəsi Daşkəsənə məxsus kəndlərlə həmsərhəd ərazilərdə getmişdir. Ermənilər Azərbaycanın bir çox əraziləri kimi Daşkəsənə də iddia edir, buradakı Alban məbədlərinin ermənilərə məxsus olması haqda saxta faktlar uydurur, buranın “qədim Ermənistan torpağı” olduğunu təbliğ etməyə çalışırlar.

Relyef

Daşkəsən rayonu Gəncə şəhərindən 33-41 kilometr cənub-qərbdə, Kiçik Qafqazın şimal-şərqində dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdə yerləşir. Rayon cənub-qərbdən 8 kilometr məsafə ilə Ermənistan Respublikası ilə (8 km), eləcə də Şəmkir (24,5 km), Kəlbəcər (23 km), Gədəbəy (41 km) və Göygöl (56,3 km) rayonları ilə həmsərhəddir. Ümumi sahəsi 1046,02 km²-dir. Daşkəsən rayonu ilə Bakı şəhəri arasında olan məsafə 396 km-dir.Kiçik Qafqazın şimal-şərqində yerləşən Daşkəsənin səthini şimala doğru alçalan dağlar əhatələyir. Murovdağ və Şahdağ silsilələrinin yamacları da bu rayonun ərazisidir. Ən hündür zirvələri Hinaldağ (3367 m.), Qoşqar dağı (3361 m.) və sairdir. Başkənd-Dəstəfur çökəkliyinin bir hissəsi Daşkəsən rayonu ərazisindədir. Səthi kanyonlarla kəsilmişdir. Yura və təbaşir çöküntüləri yayılmışdır.Təmiz hava, yaşıllığın bol olması, zəngin fauna, Murovdağ silsiləsi boyunca uzanan meşə massivləri yay aylarında təbiət həvəskarlarını Daşkəsənə cəlb edir. Rayonda Xoşbulaq və Göygöl süni gölləri vardır.

İqlimi, florası

Daşkəsənin istilik və rütubətin nisbətindən özünəməxsus torpaq- bitki örtüyü və heyvanat aləmi var. Enliyarpaqlı dağ-meşə landşaftı 600 metrdən 1900 metrədək hündürlüyü olan yamacları örtür. Dağların yüksək sərhədi palıd meşələri ilə tamamlanır. Meşələrdən yuxarı sərhəddə subalp və alp çəmənlikləri yerləşir. Bu çəmənlər yaz vaxtı minbir rəngli xalıya bənzəyir.

 

Subalp və Alp çəmənlikləri

Subalp çəmənləri və çəmən çölləri meşə qurşağı ilə alp çəmənləri arasında geniş sahə tutur. Burada taxıllı, müxtəlif otlu, yulaflı çəmənlər yerləşir. Subalp çəmənliklərində paxlalılar, gülçiçəklilər, xaççiçəklilər, zəngiçiçəklilər və sair fəsilələrdən olan bitkilər hündür, olduqca təsirli, butaya bənzər ot örtüyü yaradır. Subalp zonasında hündürotlu çəmənliklərdən başqa, çəmən bozqırları, kollu çəmənlər də inkişaf etmişdir. Alp çəmənləri “Alp xalıları” adlanan alçaqboylu otlardan ibarət bitkiliyi ilə subalp çəmənlərindən çox fərqlənir. Bu bitkilər dağ-çəmən torpaqlarında sıx çəmən örtüyü yaradırlar. Qayalı, daşlı yamaclarda seyrək bitki qruplar inkişaf edir. Taxıl otları və çillər hamar dağ yamaclarında sıx qiymətli yay otlaqlarıdır. Yüksək dağların daha rütubətli yamaclarında cil, şahduran, qaytarma, dəstərək, qırtıc, topal və sair şaxələnən kök sisteminə malik otlaq bərk döşənəkli “Alp xalıları” yaradır.

Bitki tərkibi

Rayona xüsusi gözəllik verən, yol boyunca uzanan qalın və seyrək meşələr var. Meşələrdə, əsasən fıstıq, vələs, palıd, cökə, söyüd, göyrüş, qozqara (qaraağac), töləkə və görməşov ağacları bitir. Rayonda insan sağlamlığı üçün xüsusi əhəmiyyət kəsb edən müalicəvi əhəmiyyətli bitkilər var. Onlardan kəklikotu, gülxətimi, qəfli, sarıçiçək, çobanyastığı, boymadərən, boyxoş, andız, qaraçiyələm, qaraçörək, yarpız, daşyarpızı, dəvədabanı, solmazçiçəyi, yasəmən, çəmən, yolotu (qırxbuğum), cincilim qantəpər, şehdərən, dağ bənövşəsi, bənövşə, nərgiz, lilpar, unnuca, gicitkən, qaymaqçiçəyi və s. yerli əhali tərəfindən yığılır.

Çay-göl sistemi

Daşkəsən rayonu Kiçik Qafqazın şimal–şərqində yerləşdiyi və səthi şimala doğru alçalan dağlarla əhatə olunduğu üçün olduqca mənzərəli, qışda qismən azalan, yaz-yay, payız mövsümlərində aşıb-daşan dağ çayları ilə zəngindir. Onlardan Göy-göl (Zivlən kəndi), Gəncəçay (Çanaqçı-Dəstəfur kəndləri), Ballıcalı (Qaraqollar), Şəmkirçay (Astaf kəndi), Qoşqarçay (Xoşbulaq kəndi-Daşkəsən şəhəri) çaylarını göstərmək olar. Turizm üçün xarakterik olan Zivlən və Astaf kəndlərində olduqca ecazkar təbiət gözəli olan eyni adlı iki göl – Göy-göl vardır. 

 

 

 

 

Şəhərin görməli yerləri

Xoşbulaq kəndi

Xoşbulaq rayon mərkəzindən təqribən 7 km məsafədə yerləşir. Əvvəlki adı Xaçbulaq olan kənd müstəqilliyə qədəm qoyduğumuz illərdən sonra Xoşbulaq olaraq dəyişdirilib. Xoşbulaq kəndi və yaxud yaylağı təmiz havası, saf bulaqları ilə tanınır. Bu yaylaq əsasən gəncəlilərin dədə-babadan yurd yeri olub. Yaylaq mövsümünün başlanması ilə Xoşbulaq kəndinin camaatının gəlirləri artır. Xoşbulaqlılar bu mövsümdə evlərini kirayə verməklə, gələn qonaqlara qatıq, pendir, təndir çörəyi satmaqla dolanırlar. Bura Qərb bölgəsinin sakinlərinin ən çox üz tutduğu məkandır.

 

Bir cavab yazın