Füzuli rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Füzuli 1930-cu ildə inzibati rayon statusu almış və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli rayonu adlandırılmışdır. Bakı şəhəri ilə məsafəsi 425 km-dir.
Turizmi
Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babı Yaqub türbəsini, Aşağı Veysəlli kəndində Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni Cəlil türbəsini aid etmək olar.
Karvansaray Qarğabazar kəndinin mərkəzində, çox da hündür olmayan bir təpənin döşündə inşa olunmuşdur. Karvansaray tikilisinin eni 23,7 metr, uzunluğu isə 34,7 metrdir. Qarğabazar kəndində tikildiyi üçün o, Qarğabazar karvansarası adı ilə tanınır. Bu tarixi abidəyə bəzən Şah Abbas karvansarası da deyirlər. Onun memarı məlum deyil.
Memarlıq üslubuna görə Qarğabazar karvansarası Alban dövrü memarlıq ənənələrinin oxşarıdır
Qiyasəddin məscidi Qarğabazar kəndində, Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdır. Hacı Qiyasəddin Ağa Dizaği 1633-cü ildə Dizaq mahalının Qarğabazarı kəndində anadan olmuşdur. Sayılıb seçilən Hacı Qiyasəddin Qarğabazarı kəndinin kəndxudası olmuşdur. Hacı Qiyasəddin məscidi eyvansızdır.
MİRƏLİ TÜRBƏSİ
Füzuli rayonunun Aşağı Veysəlli kəndində təpə üzərində ucalan qülləvari türbə xalq arasında Mirəli türbəsi adı ilə tanınır. Türbənin iç quruluşu ikiqatlı olub yeraltı sərdabə və yerüstü kameradan ibarətdir.
Üzərində kitabə və ornament olmasa da inşaat texnikası və həcm-məkan quruluşuna görə, onun Elxanilər dövründə – XIII əsrin sonu XIV əsrin əvvəllərində tikildiyi şübhə doğurmur.
HACI ƏLƏKBƏR MƏSCİDİ
Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir. Məscidin giriş qapısı üzərindəki daş kitabədə “Memar Kərbalayı Səfixan Qarabağinin işidir” – sözləri yazılmışdır. Kitabədə məscidin tikilmə tarixi də – hicri tarixi ilə 1307-ci il göstərilir. Bu tarixi miladi təqviminə çevirəndə 1889-1890-cı illərə uyğun gəlir. Bu dini ocaq Hacı Ələkbər məscidi adlandırılmışdır. Hacı Ələkbər xeyriyyəçi olub. O, bu məscidin inşası üçün vəsait ayırıb və Şuşadan ustalar dəvət edib. Xeyirxah işlərinə hörmət və ehtiram əlaməti olaraq yerli camaat Hacı Ələkbər bəyi öz tikdirdiyi məscidin ibadət zalının sol pəncərələrindən birincisinin qənşərində dəfn etmişdir.
1993-cü ildən ərazinin bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
2020-ci il 17 oktyabr tarixində Füzuli şəhəri düşmən işğalından tam azad olunmuşdur.