Gədəbəy Rayonu
Gədəbəy rayonu Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biridir. Ərazidə olan tarixi mədəniyyət abidələri eramizdan əvvəl 12-7-ci əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmuşdur. XIX əsrin ortalarinda Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən Mis əritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanin “Simens” şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdur.
Sənayesi
“Simens” şirkəti tərəfindən 1883-cü ildə Qalakənd misəritmə zavodu tikilmiş, 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkilmişdir. Bu dəmir yolunda 4 lokomotiv, 33 vaqon hərəkət etmişdir. Bu gün də həmin yol ilə bağlı salınmiş körpülər tarixi abidə kimi qalmaqdadır. 1883-cü ildə Qalakənd kəndində Çar Rusiyasi ərazisində ilk su elektrik stansiyası tikilmiş, Qalakənd misəritmə zavodunda elektroliz üsulu ilə mis əridilmişdir. Bu zaman Avtopanın mərkəzi şəhəri London, Paris, Sankt Peterburq şəhərlərində kerosin lampalarından istifadə olunduğu halda, Gədəbəydə elektrik işığından istifadə edilirdi. Həmin dövrdə alman alimləri tərəfindən Gədəbəy rayonu ərazisində arxeoloji qazıntı işləri aparılmışdır. Arxeoloji qazıntının nəticələri Almaniyanin “Folker Şpis” elmi nəşriyyatı tərəfindən “Qalakənd” adlı elmi əsər şəklində Berlində çap edilmişdir. Əsər Berlin Dövlət muzeyində saxlanılır.
Etimologiyası
“Gədə” və “bəy” sözlərinin birləşməsidir. Gədəbəy ərazisində qədim türk tayfaları yaşayıb. Kət və bək sözlərindən yaranan coğrafi adlar Orta Asiya türk dövlətlərində də var. Qədim türkcədə “kət” sözünün əks tapdığı həmin yerlərdə, əhalini düşmənlərin qəfil basqınlarından xəbərdar etmək məqsədilə bir çox qarovulxana, keşikçi – gözətçi məntəqələri mövcud olub. Gədəbəy adı ilə bağlı onlarla rəvayət mövcuddur. Alban tarixçisi Muxtar Qoş “Albaniya xronikası” əsərində (1206-cı il) Gədəbəy əyalətinin adını “Getabey” kimi işlədib. Ehtimal edirlər ki, “Gettabey” sözü sonradan deformasiyaya uğrayaraq Gədəbəyə çevrilib. Qədim türkcə böyük, qüdrətli adam mənasında işlədilib.
Relyef
Coğrafi relyefinə görə bura qədimdə döyüşkən türk tayfalarının yerləşdiyi ərazi olub. Gədəbəy sözü də buna müvafiq olaraq bədii ədəbiyyatda müraciət olunan şəxs, igid oğlan mənalarını verir. Gədəbəy toponimi qədim türkcə gədə – keşikçi və bək – təpə sözlərindən ibarətdir və “gözətçi təpəsi” deməkdir. Bu ehtimal həqiqətə daha yaxındır. Tarixi mənbəlrədə adı ilk dəfə 12-ci əsrdə çəkilən Gədəbəy qalasının xarabalıqları rayonun Təpəlik sayılan yuxarı hissəsindədir. Başqa bir ehtimala görə isə, Dədəbəy sözü deformasiyaya uğrayaraq Gədəbəy olub. Orta əsrlərdə bu torpaqların bir hissəsi Atabəy, Şəkərbəy, Gədəbəy – ata və oğulları arasında bölüşdürülüb. Gədəbəy, Atabəyin oğlu olub. Ərazidə indi də Atabəy və Şəkərbəy adlı kəndlər var. Bək – təpə sözü ilə əlaqədar olaraq Gədəbəy oyko-niminin haqqında da danışmaq lazımdır. Gədəbəy qədim türk dillərindən ket – keşik, gözətçi və türk dillərindəki bək – təpə sözlərindən ibarət olub gözətçi (keşikçi) təpəsi mənasını daşıyır.Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir.
Dağlar
Ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir. Ən yüksək zirvələri: Qoşabulaq (3549 m.), Qocadağ (3317 m.) və s. Yura, Tabaşir, Paleogen və Antropogen çöküntüləri yayılmışdır. Qara və ağ mərmər yataqları var. Yayı quraq keçən mülayim isti, qışı quraq keçən soyuq və dağlıq tundra iqlimi üstündür.
Çay Şəbəkəsi
Çay şəbəkəsi sıxdır. Axıncaçay və Zəyəm çaylarının yuxarı axını bu rayonun ərazisindədir. Şəmkirçayının yuxarı axını rayonun cənub-qərb sərhədindən axır. Qonur dağ-meşə, çimli dağ-çəmən və s. torpaqlar yayılmışdır.
Flora və Fauna
Meşələrin ümumi sahəsi 30,5 min hektardır(1980).Heyvanları: qayakeçisi, cüyür, qonur ayı, canavar və s.Quşlardan tetra, ular,qartal və s. var. Rayonda ərazisində məşhur Qızılca Dövlət Təbiət Yasaqlığı və 4 təbii abidə – Qovdu, Gödəkdərə, Qamış və Şamlıq meşə massivləri var. Keçidərəsi yarğanında gözəl bir şəlalə, Keçi- keçi, Cərcə, Cüyür və Ayıbulaqları, eləcə də Çaldaş, Qızılca Narzan, Mor-mor mineral su bulaqları var. Rayonun dağlarında, meşə və dərələrində heyvanat və bitki aləmi çox zəngindir.
Kənd Təsərrüffatı
Təsərrüfatı əsasən kənd təsərrüfatından ibarətdir. İqtisadiyyatında kartofçuluq, heyvandarlıq və taxılçılıq əsas yer tutur. Rayonda kəşf edilmiş (1849) mis filizi əsasında yaradılan (1855-1956) Gədəbəy misəritmə zavodu və Qalakənd (1883) mis əritmə zavodu mövcuddur.Azərbaycanda ilk su elektrik stansiyasi 1880-ci ildə ve ilk 29 km-lik dəmiryolu 1879-cu ildə bu rayonda tikilmişdir. Bu yaxınlarda rayon ərazisində qızıl yataqları kəşf olunub və istismarı başlamaq üzrədir. Məşhur Simens qardaşları bu rayonda mis mədənlərinin istismarından külli miqdarda gəlir əldə etmişlər.
Təbii sərvətləri
İndi qızıl yataqları kəşf olunduqdan sonra bəziləri bu fikirdədi ki, Simens qardaşları Gədəbəydən mis adıyla qızıl çıxardıblar. Şəmkir çayında balıq tutmaq üçün yaxşı şərait var. Qalakənd kəndinin yaxınlığında balıqçılıq təsərrüfatı fəaliyyət göstərir.”Gədəbəy dəfinələri” adı ilə məşhur olan, içərisində müxtəlif qiymətli əşyalar, gümüş sikkələr, ev müxəlləfatı, boyunbağılar və bəzək əşyaları olan qədim küplər tapılmışdır. Şah Təhmasibin hakimiyyətdə olduğu dövrdə (1524-1576-cı illər) zərb edilmiş sikkələr Gəncədə, Təbrizdə, Şirvanda və Ərdəbildə dövriyyədə olurdu. Rayonda xalq sənətlərindən əl ilə tikmə, xalçaçılıq, ağac və metal üzərində oyma peşələri qorunub saxlanmışdır.
Aşıq Sənəti
Rayonda aşıq sənətinin özünə məxsus yeri var.İsfəndiyar Rüstəmov,Miskinli Vəli, Nemət Qasımlı, Ulduz Sönməz, Fəzail Miskinli və bir sira başqa tanınmış aşıq musiqisin ustad sənətkarları Gədəbəy rayonunda anadan olmuşdur.
Memarlıq abidələri
Memarlıq abidələrindən Söyüdlü kəndində (Şəmkir çayının üstündə) Namərdqala (Qız qalası 9-cu əsr ) və Çarekvəng monastırı , Novosaratovka kəndində məbəd (1535), Qalakənd kəndində Koroğlu qalası ( 16 cı əsr), Böyük Qaramurad kəndində qala (1634), Dikdaş kəndi ərazisində (Bayram dərəsində) alban kilsəsi və Həmşivəng məbədi, Çaldaş kəndində Çaldaş məbədi, Səbətkeçməz kəndində üç körpü (19 cu əsr), və s. qalmışdır. Gədəbəy rayonu ərazisindəki abidələr Azərbaycan tarixinə Xocalı-Gədəbəy mədəniyyəti adı ilə daxil olmuş mədəniyyətin tərkib hissələridir. Burada tunc dövrünün sonuna aid siklopik tikililər, Böyükqala qalası, Qalakənd qalası (XVI əsr), Qız qalası (Onu Namərd-qala da adlandırırlar, IX əsr), XIX əsrdə tikilmiş tağlı körpü var.