Gəncə Şəhəri
Gəncə — Azərbaycanın ikinci böyük şəhəri. Bu şəhər 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılmış, 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də 22 fevral 1935-cü ildə dəyişdirilərək şəhər Kirovabad adlandırılmışdır. 1989-cü ildə Gəncə adı bərpa edilmişdir. 24 yanvar 1939-cu ildən respublika tabeli şəhərdir. Ərazisi 110 km², əhalisinin sayı 336 min 100 nəfərdir. Şəhər əhalisinin orta sıxlığı isə 2755 nəfər/km² təşkil edir.
Şəhər Gəncə çayı, Kür çayının cənubunda kənd təsərrüfatı cəhətdən zəngin bir ərazidə yerləşir. Gəncə uzun müddət Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olmuşdur.
Gəncə adının, toponiminin yaranması haqqında müxtəlif fərziyyələr mövcuddur. Toponim (“Chanza”- ərəb dilində “Ganca” – gürcü dilində) Pəhləvi sözü kimi qəbul edilir və xəzinə, bar-məhsul anbarı mənasına gəlir. Digər mənbəyə əsaslanarsaq o, bu adın Gancak tayfalarının adıyla bağlı olduğunu iddia edir.
Şəhərin yerləşmə mövqeyi
Qədim mədəniyyətin beşiyi, Nizaminin ana yurdu olan Gəncə şəhəri cənub-şərqdə Kiçik Qafqazın ətəyində, Gəncə-Qazax düzənliyində, Gəncəçay çayının hər iki sahilində yerləşir. Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının inkişafında əvəzedilməz rol oynayan və turistlərin burdan keçərkən ayaq saxlayıb xarici elm adamlarıyla söhbət, müzakirələr aparmaqdan zövq aldığı bu cazibədar məkan karvan yollarının kəsişdiyi bir ərazidə yerləşir.
Gəncənin bir şəhər kimi formalaşması haqqında müxtəlif tarixi mülahizələr mövcuddur. Bəzi alimlər şəhərin yaranmasını eramızdan əvvəl, əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edirlər. Hətta 1940-cı illərdə aparılan arxeoloji qazıntılar da bu nəticəyə gəlmiş və burada eramızdan əvvələ aid yaşayış məskənləri aşkar etmişlər. Şəhərin tarixi haqqında danışarkən bu şəhərin sosial-iqtisadi və mədəniyyət mərkəzi olduğunu qeyd etmək lazımdır. Gəncə ölkəmizin digər şəhərləri (Qəbələ, Naxçıvan, Şəki, Şamaxı) kimi gözəl coğrafi mənzərəyə sahib olan yaşayış məskəni olub tədricən şəhər kimi formalaşmışdır.
Gəncədə kənd təsərrüfatı, əkinçilik və malqaraçılıq incəsənətlə paralel olaraq geniş miqyasda inkişaf edirdi.
Müəllifi naməlum olan “Əcaib əd-dünya” əsərində Arranın paytaxt şəhəri olan varlı və inkişaf etmiş Gəncə şəhərinin hündür və möhkəm qala divarlarıyla əhatə olunduğu qeyd edilir. Bütün Gəncə yaşıllığa qərq olmuşdu. Burda müxtəlif növ meyvələr mövcud idi. Atlas, parçalar, pambıq, ipək və digər məhsullar müxtəlif şəhərlərə ixrac edilirdi. Yerli əhali cəsur və hərbi cəhətdən qüvvətli idi. Bu dövrlərdə Gəncə Azərbaycanın mədəniyyətinin inkişafında vacib rol oynamışdır. Dünya şöhrətli elm və incəsənət əsərlərinə sahib şair və alimlər bu şəhərdə yaşayıb yaratmışlar.
Şəhərin Görməli Yerləri
Nizami Məqbərəsi
Nizami Məqbərəsini Gəncə şəhərinin simvolu da hesab etmək olar. Şəhərin girişində, Əhmədli kəndində yerləşən Məqbərənin ilk inşası 13-14-cü əsrlərə aid edilir. Ancaq hazırda Gəncənin şərqində ucalan məqbərə 1947-ci ildə inşa olunub, 1991-ci ildə isə yenilənib.
Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyi.
Kompleksin inşasına 2012-ci ilin yanvarında başlanıb, 2014-cü ilin yanvarında başa çatıb. Tarixdən məlumdur ki Gəncə qalasının beş qapısı olub. Yeni yaradılan bu abidə şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılıb, ətrafında park salınıb. Abidə kompleksin sağ cinahında Gəncənin gerbi yaradılıb. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir.
”Nizami Gəncəvi” muzeyi
Nizami Gəncəvi yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə Azərbaycanın və Qafqazın ən iri şəhəri, eyni zamanda,Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınan Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaradıb və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş edib. Onun xatirəsinə ucaldılmış Nizami Muzeyində görkəmli sənətkarın həyat və yaradıcılığı, dünya şöhrətli əsərləri haqqında zəngin eksponatlar nümayiş etdirilir.
Çökək Hamamı
Çökək hamam 1606-cı ildə memar Şeyx Bahəddinin layihəsi əsasında tikilib. Bu binanın tikintisində də Şah Abbas Məscidində olduğu kimi, yumurta ağı ilə gil-əhəng (gəc) qatışığından və qırmızı kərpicdən istifadə edilib.
“Butulka ev”
Gəncə mərkəzində diqqətçəkən binalardan biridir. 1960-1964-cü illərdə 50.000 şüşədən istifadə edilərək inşa olunub. Gəncəlilərin “butulka ev” adlandırdığı bu mülk də tarixi əsərlər siyahısına daxildir.
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-8824921 Sosial şəbəkədə ünvanlarımız: