“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, car “qala” mənasını verir. Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə yerləşir. Sahəsi 3054 km2 olan rayonda bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu), 145 kənd vardı. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. Ən yüksək zirvəsi Camış dağı (3724) və Dəlidağdır (3616).
Turizmi
Kəlbəcər rayonunu Azərbaycanın cənnət məkanı adlandırmaq olar. Minlərlə bulağı olan, ilin bütün dövrlərində istirahət üçün əlverişli olan Kəlbəcər rayonu təbiətin muzeyidir. Rayon ərazisində 4 mindən artıq bitki növü bitir ki, bunlardan da 200-ü dərman bitkisidir. Zəngin meşələr diyarı olan Kəlbəcərdə yüzlərlə mineral bulaqlar mövcuddur.
Abidələr
Kəlbəcər rayonun ərazisinin müxtəlif yerlərində çox sayda qədim alban qalaları, məbəd kompleksləri var.
Kəlbəcər rayonu ərazisində, xalq arasında “Xotavəng” və ya “Xudavəng”, yəni “Tanrı məbədi” adlandırılan monastır kompleksi Xaçın Alban knyazlığının dini mərkəzi olmuşdur. Kompleksdə alban yepiskopunun iqamətgahı olmuş və dini maarif mərkəzi fəaliyyət göstərmişdir. Monastır kompleksinin memarlıq üslubu, heykəltəraşlıq nümunələri bu abidənin çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir.
“Gəncəsər” keçmiş Ağdərə rayonunun Vəngli kəndində, XIII əsr xristian Alban monastırıdır. Orta əsrlərdə monastır Alban Kilsəsinin mərkəzi iqamətgahı olmuşdur.
Məbəd Gəncədağ dağında tikilmiş və adını da buradan almışdır. Dağın adı isə ərəb dilindəki kənisə – “məbəd” və Azərbaycan dilindəki “dağ” sözündəndir. Kənisə sözünün ərəb dilində olması orada ərəblərin yaşaması ilə əlaqədar deyil. Bu o deməkdir ki, XII əsrdə Azərbaycan dilində kənisə (kənsə, gənzə) sözü vardı və Azərbaycan dilindən həmin söz dağın adına keçmişdir.
Kəlbəcər rayonunda olan dağ qalaları içərisində ən əzəmətlisi Lev qalasıdır. Qala Qanlıkənd kəndi ərazisində Lev çayının sağ sahilindən 600 metrə yaxın məsafədə meşəli uca dağ belində salınmışdır.
Üç tərəfdən sıldırım qaya və uçurumlarla əhatə olunmuş qalanın mürəkkəb plan quruluşu var. Yalnız şimal-qərb tərəfdəki dar cığırla qalanın şimal-şərq ucundakı tək giriş qapısına qalxmaq olur.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri Kəlbəcəri işğal etmişdi. 70 min nəfərdən çox əhalisi olan Kəlbəcərin işğalı nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşmüşdü.
2-ci Qarabağ müharibəsində ermənilərin məğlubiyyəti nəticəsində 25 noyabr 2020 tarixində işğaldan azad olunaraq Kəlbəcərə yenidən nəfəs verildi.