Azərbaycanın füsunkar guşələrindən olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Laçın şəhərinə Bakıdan olan məsafə 450 kilometrdir
Tarixi
Çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olmuşdur.
Əvvəllər Abdallar adlanan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzidir. Şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tağı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılmışdır. Laçın sözü “məğrurluq” mənasını bildirir.
Laçın bölgəsi antik dövrlərdə və erkən orta əsrlərdə Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olmaqla ölkəmizin ən qədim insan məskənlərindəndir.
Turizm potensialı
Zəngin yeraltı və yerüstü sərvətlərə malik olan rayonun ərazisi narzan, istisu, turşsu kimi mineral bulaqları ilə məşhurdur. Rayondakı zəngin fauna və floranın mühafizəsi üçün 1961-ci ildə ərazidə Dövlət Təbiət Yasaqlığı və 1987-ci ildə Qaragöl Respublikalararası Dövlət Təbiət Qoruğu təşkil olunmuşdur.
“Ağoğlan” məbədi Laçın rayonu ərazisində, Ağoğlan çayının sahilində yerləşir. Tarixi abidə əvvəllər qəsr olmuş, lakin müxtəlif dövrlərdə dağıntılara məruz qaldığından IX əsrdə kilsə üslubunda yenidən inşa edilərək monastır formasına salınmışdır. Köhnə divarlar üzərində yeniləri tikilsə də, abidə ilk bünövrəsini olduğu kimi saxlamış və alban dövrü memarlığının möhtəşəm nümunələrindən birinə çevrilmişdir.
Əvvəllər məbədin qəsr kimi tanınması rəvayətlərdə də öz əksini tapmışdır. Belə rəvayət edilir ki, qədim zamanlarda bu ərazidən keçən gənc bir səyyah buranın gözəl təbiətinə heyran olmuş və bu məkanda qəsr tikdirmək qərarına gəlmişdir. Ətrafında yerli əhalidən tikinti işini bacaran könüllülərindən dəstə toplayıb işə başlamışdır. Xalqın sevgisini və rəğbətini qazanan gənc, çox yaraşıqlı olduğundan yerli əhali onu “Ağoğlan” adlandırıbmış.
Tikilən qəsr vaxtilə “Qaranquş qəsri” adı ilə də bilinmişdir. Bununla bağlı rəvayət də çox maraqlıdır. Deyilənə görə, günlərin bir günü, günorta yeməyi vaxtı bir qaranquş aşpazın başına fırlanıb, onun camaata yemək verməsinə mane olmağa çalışırmış. Ətrafdakı insanlar quşun bu hərəkətinə maraqla tamaşa edir, lakin heç nə anlamırmışlar. Anidən qaranquş özünü qaynar qazanın içinə atıb öldürür. Bundan qəzəblənən aşpaz yeməyi kənara boşaldarkən qazanda ilan ölüsü olduğunu görür.Camaat isə heyrətdən donub qalır.
Laçın rayonu 18 may 1992-ci ildə erməni işğalına məruz qalmış, 267 nəfəri şəhid olmuşdur. 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdir