Oğuz Rayonu

Oğuz Şəhəri

Oğuz rayonu (7 fevral 1991-ci ilədək Vartaşen rayonu) — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Oğuz şəhəridir. Şəki xanlığının mahallarından biri olan Xaçmaz mahalıOğuz rayonu ərazisində olub. Oğuz rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 1963-1965-ci illərdə Nuxa (1968-ci ildən Şəki) rayonunun ərazisi Oğuz rayonunun tərkibində olmuşdur.

Rayon mərkəzi Vartaşen (indiki Oğuz şəhəri) 1961-ci ilə qədər kənd olmuşdur. 1961-1968-ci illərdə ona şəhər tipli qəsəbə, 1969-cu ildə rayon tabeliyində şəhər statusu verilmişdir. 1991-ci ilin fevral ayının 7-də Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında rayonun və şəhərin adı dəyişdirilərək Oğuz rayonu adlandırılmışdır.

Təbiəti

Rayon ərazisinin yarısından bir qədər azı meşələrlə örtülüdür. Burada çoxlu şəlalə, kükürdlü və termal su bulaqları var. Rayonun faunası dovşan, ayı, dağ keçisi, qaban, qırqovul, kəklik, qaz, həmçinin som və forel balıqları ilə təmsil olunmuşdur.

Rayon ərazisində müxtəlif meyvələr və giləmeyvələr – qoz, fındıq, alma, armud, zoğal, yemişan, gilas, alça, qarağat və moruq yetişir.

Rayonun ən böyük çayı Əlicançaydır. Əlicançay Qumlaq kəndindən keçərək rayonun bir çox kəndlərini ağuşuna alır.

Tarixi abidələri

Rayonda 39 arxeoloji və memarlıq abidəsi mövcuddur. Bu abidələrdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiqlənmiş, Oğuz rayonu ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrindən 32-si siyahıya alınmışdır. Həmin abidələrdən 17-si ölkə əhəmiyyətli (15-i arxeoloji, memarlıq abidəsi) 15-i yerli əhəmiyyətli (13-ü memarlıq, 2-si arxeolojji abidə) abidələrdir.

Rayondakı memarlıq abidələrindən alban məbədlərinin, Muxas qülləsinin (XIV əsr),Surxayxan qalasının qalıqları (XVIII əsr) bu günə kimi qalmışdır.

Xaçmaz kəndi yaxınlığındakı Sarısu çayının üstündəki Daşüz körpüsü (XIX əsr), Sincan kəndindəki məscid (XVIII əsr), Kərimli kəndindəki məqbərə (XV əsr), Oğuz şəhəri ərazisində qədim sınaqoqlu (1849-cu il), hazırda yerli tarix-diyarşünaslıq muzeyinin yerləşdiyi alban məbədi rayonun qədim tarixi abidələrindəndir.

Oğuz rayonu ərazisində ilk arxeolji qazıntı işləri 1915-ci ildə aparılmışdır. 1945-ci ildə arxeoloji ekspedisiya qrupu geniş arxeoloji qazıntı işlərini davam etdirərək Kərimli kəndinin cənubunda Karqaya, Uzuntala, Qız qalası, Ocaq qoruğu adlanan ərazilərdən qədim dövrə aid çoxlu maddi-mədəniyyət nümunələri aşkar edilmişdir.

Qarabaldır, Padar, Dəymədərə, Tərkeş kəndləri ərazisində aparılan tədqiqatlar zamanı məlum olmuşdur ki, Türyançay ilə Əlician çayları arasındakı ərazidə qədim dövrlərə aid çoxlu arxeoloji abidələr mövcuddur. XX əsrin 50-ci illərində respublikamızda arxeologiya elminin əsasını qoyanlardan biri Saleh Qazıyevin rəhbərliyi ilə aparılmış tədqiqatlar zamanı Qarabaldır, Xalxal, Sincan, Dəymədərə kəndlərində qədim dövrə aid çoxlu kurqanlar, daş qutu, adi torpaq qəbirlə aşkar edilmişdi.

Bir cavab yazın