Qubadlı rayonu

Tarixən Zəngəzur mahalının (qəzasının) tərkibində olan Qubadlı rayonu paytaxt Bakıdan 403 km məsafədə yerləşir.  Qubadlı adının mənşəyi tarixi mənbələrə əsasən I Qubadın adı ilə bağlı olsa da yaşayış məskəni kimi lap qədim dövrlərə gedib çıxır.

Turizmi:

Qubadlı rayonunda mineral maddələrlə zəngin olan 600-dən çox bulaq var. Onlardan Məmər kəndindəki “Şirin bulaq”, “İmamzadə”, Göyyal kəndindəki “Turşsu”, digər ərazilərdə “Sobu”, “Kəklik”, “Söyüdlü Əli”, “Çimli”, “Çayzəmi” və başqalarını qeyd etmək olar.

Kiçik Qafqazın cənub şərqində sahəsi 20 min hektar olan Qubadlı Dövlət Təbiət yasaqlığı 1969-cu ildə yaradılmışdır. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən, zəngin flora və faunaya malik bu yasaqlıqda nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri- cüyür, çöldonuzu, qırqovul və s. mühafizə olunurdu.

Rayonun ərazisində qədim insanların yaşadığı onlarla mağara (kaha) mövcud olmuşdur. Aşağı Mollu kəndində doqquz, Əliquluuşağı kəndində beş, Həmzəli kəndində doqquz qədim insan məskəni olmuş kaha (mağara) bu günümüzə qədər qalmaqdadır. Xanlıq, Çaytumas, Yusifbəyli, Məlikəhmədli, Məzrə və b. kəndlərdə də qədim yaşayış məskənləri vardır. “Gavur dərəsi” deyilən ərazidə IV əsrə aid mağara vardır.

Rayon ərazisində tarixin müxtəlif qatlarında tikilmiş türbələr öz gözəlliyi ilə həmişə diqqəti cəlb etmişdir. Dəmirçilər türbəsi, “İmamzadə” türbəsi, Yazı düzü adlandırılan sahədəki Cavanşir türbəsi daşa dönmüş minarələridir.

GÖY QALA: Əliquluuşağı – Davudlu yоlunun 5 km-liyində Bərgüşad çayının sağ və sоlunda üz-üzə nəhəng qayalar üzərində iki istеhkam abidə qalığı vardır.
Birinci sağ sahildə çaydan min mеtr hündürlükdə sanki Şuşa şəhərinin mövqеyi ilə еyni оlan çох bərk əhəng daşlarının üzərindədir. Yalnız bir yеrdən örtülü kеçid yоlu оlan bu maili ərazidə su toplamaq üçün hоvuz, tikintinin оlduğu sahənin ən hündür zirvəsində isə bеtоnlaşmış qayalar, insan qüvvəsinə uyğun оlmayan böyük daşlardan tikilmiş divarlar hələ də qalmaqdadır. Ərazinin tək bir giriş yоlu vardır ki, burada da yalnız tək-tək hərəkət mümkündür.

Qubadlı rayonu ərazisində üç qədim körpü olub. Qubadlı ərazisində ən qədim körpünün Qarakişilər kəndində “Sınıq körpü” olduğu söylənilir. “Sınıq körpü”nün taleyi xalq arasında əfsanələrə bələnibdir. Körpünün salınması barədə yaranmış əfsanədən belə ehtimal etmək olar ki, körpü “əyyamı-qədimin” abidəsi olubdur. Rəvayətə görə, bu körpünü kişi paltarı geymiş bir qız tikibdir. Körpü sonralar sınıb sıradan çıxmışdır.

Hacı Bədəl körpüsü XIX əsrin nişanəsidir. Yaxın tarixin yaşıdı olan körpünün şəffaf bir “avtobioqrafıya”sı vardır. Bu körpünü Dəmirçilər kəndinin sayılıb-seçilən el ağsaqqallarından olmuş Hacı Bədəl adlı bir şəxs öz xərci hesabına tikdiribdir. Körpünün son dərəcə maraqlı arxitekturası vardır. Belə ki, körpü kükrəyən, yaz gələndə yerə-göyə sığmayan, hər an kükrəyib daşan dağ çayının (Ağa çayı) üstündə salınmışdır. Heç vaxt ram olunmayan, dəlisov dağ çayının üstündə salındığından körpü tağbənd formasında idi. Onun ortasında dayaqlar qoyulmamışdı. Belə etməkdə məqsəd kükrəyib daşan dağ çayının maneəsiz axını üçün idi.

LALƏZAR KÖRPÜSÜ (Əliquluuşuğı körpüsü) Əliquluuşağı kəndinin 2 km-liyində yеrləşən iki nəhəng tağlı həmin körpü 1867-ci ildə salınmışdır. ХХ əsrin birinci yarısında yaşayan yaşlı ağsaqqallar körpünün tikilməsi barədə əsaslı хatirələr danışırdılar. Həmin Laləzar adlı şəхsin atası Хоca Simоn əsrin əvvəllərində Əliquluuşağı kəndindən оlan bəydən baha qiymətə bağ sahəsi alır. Kəndin 2000 metrliyində оlan bağ sahəsi satılandan sоnra həmin bağla birlikdə 1000 hektardan artıq böyük ərazi еrmənilərin əlinə kеçir. Həmin еrməni varlısı Хоca Simоnun  оğlu Laləzar göstərdiyimiz tariхdə körpünü tikdirir.

Həmçinin Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda “Qaçaq Hərəkatı”nın fəal iştirakçısı olan  Qaçaq Nəbi 1854-cü ildə indiki Qubadlı rayonunda anadan olmuşdur.

Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. 25 oktyabr 2020-ci ildə rəşadətli Azərbaycan ordusu Qubadlı şəhərini işğaldan azad etmişdir.

Bir cavab yazın