Qusar Rayonu

Qusar Rayonu

Qusar rayonu Azərbaycan Respublikasında inzibati – ərazi vahididir. İnzibati mərkəzi Qusar şəhəridir. Qusar – “suvari qoşun növü” mənasını verir. İlk dəfə Qusar adı Macarıstanda 1458-ci ildə işlədilmişdir, Rusiyada isə 1917-ci ilədək mövcud olmuşdur. Alimlərin apardıqları tədqiqatlar, müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar deməyə əsas verir ki, Qusar rayonu qədim yaşayış məskənidir. Qusar rayonu ərazisində yaşayış məskənlərinin e.ə. II minillikdən movcud olması güman edilir. Burada mövcud olan qədim yaşayış məskənlərindən e.ə. I minilliyə aid Mahmudtəpə (Gədəzeyxur), Minsar təpələri, Gavdişan təpələri (Bədirqala), tunc dövrünə aid Qəflə təpələri, orta əsrlərə aid Qızılgül və Ağaxan təpələri (Aşağı Ləgər), Qalaxür təpələri (Həzrə) və s. göstərmək olar.
Hazırki Qusar rayonunun ərazisi 1840-cı ildə Quba qəzasının tərkibində Xəzər vilayətinə daxil edilmişdir. 1846-cı ildə onun ərazisi Dərbənd quberniyasının tərkibinə, 1860-cı ildə isə Bakı quberniyasına daxil edilir. 1929-cu ildə Quba qəzası ləğv edilərək rayonlara bölünmüş və mərkəzi Hil kəndi olmaqla indiki Qusar rayonu yaradılmışdır. Qusar rayonu 1930-cu ildə təşkil edilmişdir. 1934-cü ildə rayon mərkəzi Qusara köçürülmüşdür və 1938-ci ildən isə bura şəhər statusu verilmişdir. Qusar rayonu 1930-cu ildə təşkil edilmişdir. 1963-1965-ci illərdə ləğv edilmiş Xaçmaz rayonunun bir hissəsi Qusar rayonunun tərkibinə verilmişdir.Qusar toponiminin mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur.
Bəzi müəlliflər Qusar toponimini Rusiyanın 1783-1784-cü illərdə rayonun ərazisində yerləşdirilmiş Qusar süvari alayı ilə əlaqələndirir. Bu zaman “qusar” sözü rus dilində “macar forması geymiş süvari qoşun növü” mənasında işlədilirdi. Qusar sözünə A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində də rast gəlinir. Əsərdə 1602-ci il hadisələrindən bəhs edilərkən Qusar kəndinin adı çəkilir.
Digər bir mülahizəyə görə isə Qusar sözü qus/quz (qədim türk tayfası) və ar (adam, kişi, ər) hissələrindən formalaşmış və “quzlardan olan kişi” mənasında işlənmişdir. Strabon və Heredotun məlumatına görə isə indiki Qusar ərazisində “kas” tayfaları yaşayıb. Sonradan “kasar” (kaslar) “ktsar” kimi deformasiya olunub.

Hotel: Qusar Park Hotel

Qusar rayonu coğrafi mövqeyinə görə Azərbaycanın “Şimal qapısı” adlandırılır. Azərbaycanın şimal-şərqində yerləşir. Qusar rayonunun ərazisi 1542 km2 -dir. Rayonun ərazisinin tərkibinə 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd daxildir. Qusar rayonu sərhədlərinin uzunluğu 255 km-dir. Bunun 170 km-i quru, 45 km isə su sərhədi (Samurçay və Qusarçay) təşkil edir. Rayon şimal-qərbdən Rusiya Federasiyası (Dağıstan)(95 km), şimal-şərqdən Xaçmaz rayonu (65 km), cənub-şərqdən isə Quba rayonu (70 km), cənub-qərbdən isə Qəbələ rayonu (25 km) ilə həmsərhəddir. Mərkəzi Qusar şəhəridir. Cənub-qərb hissəsi dağlıq, mərkəzi maili düzənlik, şimal-şərq kənarı Samur-Dəvəçi ovalığıdır. Rayonun cənub-qərb sərhəddi Baş Qafqaz silsiləsinin suayrıcından keçir. Ərazinin hündürlüyü 100 m-dən 4466 m-ə qədərdir. Respublikada olan müasir buzlaqların çox hissəsi Qusar rayonu ərazisindədir. Samur və Qusarçay çayları Qusar rayonu ərazisindən keçir və qar və buzlaq suları ilə qidalanır. Rayonun Xəzər dənizi ilə sərhədi yoxdur. Xəzərə olan məsafəsi 15 km təşkil edir.

Qusar rayonu Böyük Qafqaz dağlarının ətəklərində, Qusar maili düzənliyində yerləşir. Azərbaycanın ən hündür nöqtələri olan Bazardüzü (4466 m) və Şahdağ (4242 m) zirvələri, eləcə də məşhur Şahnabad yaylağı Qusar rayonunun ərazisindədir. Samur-Abşeron kanalı, Qusarçay, Samur çayı, eləcə də Rusiyaya gedən başlıca avtomobil magistralı rayonun ərazisindən keçir.
Rayonun şimal inzibati sərhəddi Samur çayından, şimal-qərb, qərb və cənub-qərb inzibati sərhədləri Böyük Qafqaz silsilələrindən, cənub inzibati sərhədləri isə Qusarçay vadisindən keçir. Şərq tərəfdən inzibati sərdəhlər Qusar maili düzənliyi ilə Şollar düzünün kəsişdiyi əraziyə qədər uzanır.Azərbaycanda mövcud olan 9 iqlim tipindən 4-nə Qusar rayonu ərazisində rast gəlinir. İqlimi düzənlik və dağətəyi hissədə mülayim isti, yüksək dağlıqda soyuq və rütubətlidir. Orta temperatur yanvarda düzənlikdə 1 °C, yüksək dağlarda -14 °C, iyulda müvafiq olaraq 24 və 2 °C-dir. İllik yağıntıların miqdarı 350–1500 mm-dir. Rayon ərazisində bir sıra tarixi abidələr mövcuddur. Rayonun Əniğ kəndində XIII əsrə aid qala divarlarının qalıqları, Həzrə kəndindəki 1460-cı ildə Şirvanşah I Xəlilullahın qoşunları ilə vuruşmada həlak olaraq burada dəfn olunmuş Ərdəbil şeyxi Şeyx Cüneydin qəbri üzərində 1544-cü ildə tikilmiş türbə, XVIII əsrə aid Köhnə Xudat, Xuray, XIX əsrə aid Hil, Gündüzqala və Həsənqala kənd məsçidləri bu günədək mühafizə edilən qədim tarixi abidələrdəndir.

Bir cavab yazın