Xocalı Rayonu

Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Rayonun ərazisi 1991-1992-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Sahəsi 0,94 min kv. km, Xocalı rayonu ilə Bakı arasında olan məsafə 375 kilometrdir.

Turizmi

Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında Qarqar çayının sağ və sol sahillərində XVIII əsrə aid “Əsgəran qalası” mövcuddur. Qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. Qala iki istehkamdan ibarətdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2–3 m-dir. 1810-cu ildə Rusiya ilə Qacar arasında sülh danışıqları “Əsgəran qalası”nda aparılmışdır. İki istehkamdan ibarət qala çay daşından inşa olunmuşdur. Əsgəran sözünün mənası “Qədim Aran” deməkdir. Tarixi faktlar sübut edir ki, Xocalı rayonu ərazisi Azərbaycanın ən qədim, qocaman diyarlarından biridir. Aparılan araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan məşğuliyyəti, sənətkarlığı, dini baxışları, mədəniyyəti Xocalı toponomiyasında öz əksini tapmışdır.

Rayonun Kərkicahan qəsəbəsində 3 qəbristanlıq var. Burada XIV əsrə aid yazıları olan qəbirlər, “kilsəli” deyilən yerdə Alban kilsəsi, qəbirlər, 800 il əvvələ təsadüf edilən müsəlman qəbristanlığının qalıqları, Alban pir-ocaqları və s.

Xocalı soyqırımı

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır. Xocalı faciəsi insanlıq tarixinə düşmüş qanlı olaydır.  Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur. Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmişdir. Hər il fevralın 26-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.

2-ci Qarabağ Müharibəsində Azərbaycanın qalibiyyəti nəticəsində 10 noyabr 2020-ci il tarixdə imzalanmış atəşkəsə əsasən Xocalı rayonu müvəqqəti olaraq Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir.

Bir cavab yazın