Azərbaycanın sosial, siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Xocavəndin hər daşı, hər qayası, hər mağarası tarixin əsl canlı şahididir. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malikdir. 1930-cu ildə yaradılan və 1991-ci ilə kimi “Martuni” adlandırılan Xocavənd rayonunun ərazisi alçaq dağlıq və düzənlikdən ibarətdir. Rayonunun ümumi sahəsi 1458 kvadrat kilometrdir. Rayon 2 şəhər tipli qəsəbə və 83 kənddən ibarətdir.
“Xocavənd” toponimi 2 hissədən – “Xoca” sözündən və “Vənd” komponentindən ibarətdir. “Xoca” sözü türk dilində «müəllim, öyrətmən» anlamındadır. “Vənd” komponenti «uşağı, nəsli, törəməsi» mənasını daşıyır.
Bu bölgədə ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, müxtəlif dövrlərdə inşa edilmiş türbələrə, daş-qoç heykəllərə – ümumiyyətlə, nadir mədəniyyət nümunələrinə tez-tez rast gəlirik. Xocavənd ərazisində çoxlu sayda (72) dünya və Respublika əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidələri vardır. Bunlar Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənələrini göstərən abidələrdir. Azərbaycanın sosial, siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Xocavəndin hər daşı, hər qayası, hər mağarası tarixin əsl canlı şahididir.
Azıx mağarası
Azıx Paleolit düşərgəsi Qarabağın ən mənzərəli və səfalı guşəsində, Xocavənd rayonunun Azıx kəndində, Tuğ çökəkliyində, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr, çayın müasir yatağından 100 – 120 metr yüksəklikdə yerləşir. 1960-cı ildən Məmmədəli Hüseynovun başçılığı ilə Paleolit arxeoloji ekspedisiyası Azıx mağarasında qazıntılara başladı. 1960-cı ildə Azıx mağarasında başlanan araşdırmalar 1985-ci ilədək iki mərhələdə davam etdirildi.
Birinci mərhələdə aparılan arxeoloji qazıntı işləri 1960 – 1973 – cü illəri əhatə edirdi. Bu mərhələdə arxeoloji qazıntı işləri zamanı Azıx Paleolit düşərgəsinin çöküntülərində 6 mədəni təbəqə qeydə alındı. Düşərgənin I və II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı Orta əsrlər, Tunc və Eneolit dövrlərinə aid maddi mədəniyyət qalıqları tapıldı. 1968 – ci ilin iyun ayında M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin III layında daş məmulatı və heyvan sümükləri ilə bərabər qədim insana məxsus alt çənə aşkar etdi. Alt çənə sümüyünün 350-400 min il yaşı var. Çənə sümüyünün aid olduğu qədim insan “Azıxantrop” (Azıx adamı) adlanır. Azıx mağarasında çənə sümüyündən başqa alətlər, fauna və ocaq qalıqları aşkar olunubdur. Tədqiatlar göstərdi ki, Azıx sakinlərinin hazırladıqları ilk əşyalar kobud çapacaqlardan, müxtəlif daş qəlpələrdən düzəldilmiş qazıyıcı və deşici alətlərdən ibarət idi.
2 oktyabr 1992-ci il tarixdə Xocavənd şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 10 noyabr 2020-ci ilə qədər Xocavənd rayonunun Hadrut qəsəbəsi və 34 kəndi işğal azad edilmişdir.