Yardımlı Rayonu - Ulduz Tourism, Azerbaijan - Türkiye Tour Operator

Yardımlı Rayonu

Yardımlı Rayonu

Etimologiyası

Yardımlı rayonunu 1963-cü ildə şəhər tipli qəsəbə, 2008-ci ildə isə şəhər statusu almışdır. 13 iyun 2008-ci ildə Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Daşkənd, Əsədabad və Ünəş kəndləri Yardımlı qəsəbəsi ilə birləşdirilmiş, həmin kəndlər Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrindən çıxarılmış, Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Yardımlı qəsəbəsinə şəhər statusu verilmiş, Yardımlı qəsəbə inzibati ərazi dairəsi Yardımlı şəhər inzibati ərazi dairəsi adlandırılmışdır. Şəhər Masallı dəmiryolu stansiyasından 54 km, Bakıdan 304 km aralıdır. Toponimi müxtəlif cür izah edirlər. Bir ehtimala görə, “yardam” sözündən yaranıb. Xalqın, ulusun bir hissəsi kimi izah olunur. “Ərdəbil” adının kökünün də “yardam” olduğunu söyləyirlər. İkinci fərziyyəyə görə “ertim” adından törəyib. Tarixçi Q.Qeybullayev bu toponimi peçeneq tayfalarının adı ilə bağlayır. “Ertim” peçeneq tayfalarından birinin adıdır. Əski türkcədə ərdəmli, cəngavər mənalarında yozulur.

Hotel: Viləş Palace Otel

Arxeoloji Qazıntılar və araştırmalar

1924 – cü ildə arxeoloq İ.Əzimbəyov toponimi türkcə “yardım edənlər” anlamında izah edib. Xalq deyimlərinin birində Əli adlı alicənab şəxsin bura gəlib çox çətin dağlıq şəraitində yaşayan adamlara köməklik göstərdiyinə, çoxlu su dəyirmanı düzəltdirdiyinə görə bu nəcib insanlar onun müvəqqəti yaşayış məkanına Yardım Əli deyiblər.Təbii abidədir. Alar kəndi yaxınlığındakı uca dağ silsilələrinin birində yerləşən konusşəkilli qaladır. El arasında Qız qalası kimi tanınan bu qaya zirvəsi lap qədimdən insanların sığınacaq yeri olub. Burada yerli atəşpərəstlər əvvəlcə ibadətgah, sonra isə qala bürcləri inşa etməklə güclü və möhkəm bir istehkam qurublar. Dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə yerləşir. Qalanın üstündə od yerlərinin izlərini tapan tədqiqatçılar buranın həm də atəşpərəstlik dövründə fəaliyyət göstərən məbəd olduğu fikrini irəli sürürlər.

Alar Qız Qalası

Ehtimal edilir ki, İslamdan əvvəl oda sitayiş edən atəşpərəstlər burada yaşayıb və məbəd ucaldıblar. Sonralar ərəb işğalçılarına qarşı məbəddən qala kimi istifadə ediblər. Bəzi müəlliflər qalanın tarixini V-IX əsrlərə, zərdüştlüklə məşğul odsevərlər dövrünə qədər aparıb çıxarırlar. Alar Qız Qalası 1812-ci ildə Qacar hökmdarı Fətəli şah Qacarın vəliəhdi, Qacar ordusunun baş komandanı Abbas Mirzənin Azərbaycana hücumu zamanı müdafiə baxımından mühüm əhəmiyyət kəsb edib. Uzaqdan baxanda dağın başında papaq kimi görünən qalanın bir tərəfi dərin uçurumdur. Üç tərəfdən sərt döngəli, təhlükəli qaya cığırı vasiətsilə ən üstə qədər gedib çıxmaq olur. Buranı ziyarət etmək bir gün vaxt aparır. Qalaya saxsı borular vasitəsilə Xanbulaqdan su kəməri çəkilib. Həmin saxsıların izləri bu günədək qalır.

Oğlanqala

Qaladan 500-600 metr aralıda Oğlanqala var. Hər iki qalaya gediş-gəlişi təmin edən yeraltı yol, tunel olub. Təhlükə olanda bir qaladan digərinə xəbər vermək üçün ən üstdəki bürclərdə tonqal qalanıb. Əraziyə yerlilər Voynbərə deyir. Dəniz səviyyəsindən 2500 metr aralıda qədim qəbiristanlıq, müxtəlif mağaralar, eləcə də 10-15 ədəd gözətçi məntəqəsi var. Qayaüstü yazılar diqqəti çəkir. Tədqiqatçılara görə qalanın ətrafı Orta əsrlər yaşayış məntəqəsi olub. Abuzərdə, Abuzərə, Abidərdə kimi də səslənir. Arus – Lərzan – Ərsilə kəndləri arasında orta əsr abidəsidir. “Dərdlərə su verən” mənasını ifadə edir. Ocaq, inanc yeridir. IV Rəşidi xəlifəsi və I İmam Həzrəti Əli ibn Əbu Talibin səhabələrindən biridir. Əshabə Əbu Dərdail bu yerlərə imamın göstərişinə əsasən VII əsrdə bu regiona göndərilib və müəyyən dini tapşırıqları icra etmək, yeni dini təbliğ etmək əsas məqsədi olub.

Abidənin adı və quruluş sturukturu: 

Abidənin əsl adının Ərdəbil tərəflərdə yaşayan Şeyx Seyyid Əbuzər adlı məşhur din xadimi ilə bağlı yarandığını söyləyənlər çoxdur. Deyilənlərə görə, qoca yaşlarında səyahət zamanı yolda vəfat edən və ölümündən az əvvəl yol yoldaşı olan qızına məhz bu torpağı nişan verib dəfn edilməsini vəsiyyət edən Şeyx Seyyid Əbuzərin məzarı sonradan pir olub. Türbənin qırağında olan xırda daşları divara sürtərək dua – niyyət edirlər. Əgər bu zaman daş divara yapışsa inanırlar ki, dua həyata keçir.Burada hər kənd bir təpənin üstündə yerləşir. Bir kənddən digərinə getmək üçün bir dağdan enib başqasına dırmaşmaq deməkdir. Bu da fiziki olaraq insanı çox yorsa da, əsəbləri sakitləşdirir. Dağlara uyğunlaşdıqdan sonra bu çətinlikdən zövq almağa başlayırsan.

Peştəsər dağı və Abdallı kəndi

İndiyədək Yardımlıya heç getməyənlərin diqqətinə: Əgər yolunuz oraya düşsə, təbiətdən tam keyf almaq və ruhən dincəlmək üçün iki ideal ünvanı diqqətdən qaçırmayın. Bunlardan biri Peştəsər dağındakı şəlalə və turşsu bulağı, ikincisi Qacarla sərhədə yaxın, Abdallı kəndi yüksəkliyindəki bulaqdır. Kəskin temperatur fərqiylə seçilən bu iki məkan sadəcə rayon sakinlərinin bildiyi və isti yay aylarında üz tutduğu piknik cənnətidir.Yardımlıya getmək üçün Masallı-İstisu ərazisindən keçmək lazımdır. Masallıdan 54 km məsafədədir. Buraya aparan yol Deman düzündən keçir. Möhtəşəm yüksək dağ və meşə mənzərəsinə sahib olan tarixi Deman düzü dəniz səviyyəsindən 1600-1800 metr hündürlükdə yerləşir. Bu ad hun xaqanı, sərkərdə Mətənin babası Teomanın adı ilə əlaqələndirilir. Xalq etimologiyasına görə isə deman-dəmyə, yəni suvarılmayan əkin sahələri mənasında yozulur. Buradan eyniadlı istirahət mərkəzində ayaq saxlayıb bir az dincəlmək, gecələmək və yaxud geniş ərazidə piknik etmək imkanı var.

Turizm Potensialı

Turizm potensialı yüksək olsa da Yardımlıda turizm infrastrukturu inkişaf etməyib.Təkdam şəlaləsi Masallı-Yardımlı yolunun 25-ci km-də yerləşir. Yardımlının vizit kartı sayılan, 34 metr hündürlükdən tökülən şəlalə iki mərtəbəlidir. Ən üstünə qədər çıxmaq üçün hündür pilləkənlər qoyulub. Təxminən 1500 metr yüksəklikdəki bu nöqtədən ətrafa möhtəşəm panoram açılır. Sovet hakimiyyəti zamanında bu dağlıq – meşəlik ərazidəki tək gözətçi daxması şəlalənin yanında salındığı üçün buranı “tək dam” deyə çağırıblar.

Alar Kəndi və Repressiya

Alar kəndi Çox kəskin soyuqların yaşandığı sərt təbiətli yüksək dağ kəndidir. Dağları başdan – başa kəklikotu sarıb. Bu otun bitdiyi yerlərdə kəklik quşları çox olur. 1947 – 1953-cü illərdə 32 kənd deportasiyaya məruz qaldığı üçün indi yardımlıların böyük bir hissəsi Cəlilabad, Masallı, Lənkəran, Şirvan, Salyan və sair rayonlarda yaşayırlar. Stalin dönəmindəki bu siyasətin məqsədi Qacarla olan coğrafi yaxınlıqdan ərazinin təhlükəsizliyini qorumaq idi. Alar da repressiyaya məruz qalan kəndlərdəndir. Buranın sakinləri toplu halda Cəlilabad rayonuna köçürüldülər. Cənuba aparan yol Alar kəndinin içindən keçir. Alar türk tayfasının adıdır. Xalq ehtimalına görə Qacardan gəlib burada ilk binə salan Alı xan və övladlarının şərəfinə əvvəlcə Alılar adlandırılıb. Sonra Allar və nəhayət Alar formasına düşüb. Toponimi eyni zamanda Şahsevən tayfalarından olan alarlılar ilə də bağlayırlar. Arus kəndi adının mənası gəlin deməkdir. Əfsanəyə görə nişanlısına sədaqət göstərən bir gəlinin şərəfinə belə adlandırılıb. Orus tayfa adı ilə də bağlıdır.

 

Bir cavab yazın