Zərdab Rayonu

ZƏRDAB RAYONU

Zərdab rayonu 1935-ci ildə təşkil (bu vaxtadək Zərdab bölgəsi Göyçay rayonunun tərkibində idi) olunmuş, 1 yanvar 1963-cü il tarixdə ləğv edilərək Ucar rayonu ilə birləşdirilmiş və 6 yanvar 1965-ci il tarixdən Zərdabın müstəqil rayon statusu bərpa edilmişdir. Əhalisi  59142 nəfərdir (ilkin hesablamalara görə). Rayonun ərazisi bir tərəfdən Aran iqtisadi rayonuna daxil olan Kürdəmir, Ağdaş, Ucar rayonları ilə, digər tərəfdən isə təbii sərhəd olan Kür çayı nəzərə alınmazsa, İmişli, Beyləqan, Bərdə, Ağcabədi rayonları ilə əhatə olunmuşdur. (Zərdab və Ağcabədini Kür çayı üzərindəki körpü birləşdirir) 

Tarixi və etimologiyası

Bir çox mənbələrdə Zərdab sözünün fars dilindəki zərd (sarı) və ab (su) sözlərinin birləşməsindən yarandığı göstərilir, xəstəlik yayan sarı su mənasını verdiyi bildirilir. Bəzi tədqiqatçılar isə bu adın axmaz, gölməçə, iylənmiş su mənasında işləndiyini iddia edirlər.

Başqa bir mənbədə Zərdab sözünün “qızıl su” mənasını verdiyi bildirilir. Çünki o vaxtlar Kür və Qarasu çaylarının daşması nəticəsində suyun çökəkliklərdə, axmazlarda yığılan hissəsi əkinçilər üçün qızıl qədər əhəmiyyətli olurdu.
Zərdabın tarixinə gəlincə qeyd etmək lazımdır ki, bugünkü Zərdab şəhəri hələ 1578-ci ilə aid türk mənbələrində “Zərdab sancağı” kimi göstərilir. Zərdab rayonunun ərazisi arxeoloji baxımdan demək olar ki, öyrənilməmişdir.
XX əsrin 70-ci illərində rayon ərazisində aparılan meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və keyfiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər (Azərbaycan Atabəyləri) və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qədim bəzək, məişət əşyaları və mədəniyyət nümunələri aşkar edilmişdir və hazırda bunların bir çox nümunələri Zərdab Tarix Diyarşünaslıq muzeyində eksponat kimi nümayiş etdirilir.

Təbiəti

Zərdab rayonu Aran iqtisadi rayonunda, Mərkəzi Aran zonasında, Şirvan düzündə yerləşir. Rayonun səthi düzənlikdir, ərazisinin çox hissəsi okean səviyyəsindən aşağıdadır. Kür, Göyçay və Türyançay çayları rayonun ərazisindən keçir. Kür çayı boyunca Tuqay meşələri uzanır.

Qışı mülayim, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi (quru subtropik iqlim) xarakterikdir. Bu iqlim zəif nəmliyi, yayın isti keçməsi ilə səciyyələnir. Yay aylarında havanın temperaturu + 35-40 dərəcəyəyə çatır. Mütləq maksimum temperatur + 41-44 dərəcəyədək yüksəlir.

Maddi-mədəni irsi

XX yüzilliyin 70-ci illərində Zərdab ərazisində görülən meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və kefiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər (Azərbaycan Atabəyləri) və digər hakimiyyətlər dövründə buraxılmis mis pullar, qədim bəzək, məişət və mədəniyyət əşyaları üzə çıxdı və indi bunların bir çox nümunələri Zərdab tarix-diyarşünaslıq muzeyində eksponat kimi nümayiş etdirilir.

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli (N-132) qərarı ilə Xanməmmədli kəndində aşkar edilmiş küp qəbirləri nekropolu I əsrə aid edilərək ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir.

Zərdab rayonunun Dəli Quşçu kəndi ərazisində kütləvi qəbristanlıqlar – Ağtəpə adlanan kurqan bu gün də mövcuddur və bu kütləvi məzarlığın tarixi barədə konkret bilgi yoxdur və bu təpədə əsaslı qazıntı-tədqiqat işinə ciddi ehtiyac var.

Bir zamanlar Zərdabın bəzi ərazilərində, o cümlədən Məlikumudlu kəndi yaxınlığındakı qədim yaşayış məskənlərində torpaq işləri görülərkən gümüş və qızıldan düzəldilmiş qadın zinət şeyləri, qırmanc dəstəyi, əsa başı, sikkələr tapanlar çox olmuşdur.

Gəzməli yerlər

  • Həsən bəy Zərdabinin ev muzeyi
  • H. Zərdabi Parkı
  • Heydər Əliyev Parkı
  • 1941-1945 Parkı
  • Tarix- diyarşünaslıq muzeyi

2 Comments

  1. vusala bakirova dedi ki:

    Möhtəşəm paylaşım, bir gün Zərdaba mütləq gələcəm!!!

Bir cavab yazın