Lətif Kərimov adına Azərbaycan Xalça Muzeyi Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və UNESCO-nun dəstəyi ilə ərsəyə gəlib.
Bükülmüş xalçaya bənzəyən binanın müəllifi məşhur avstriyalı memar Frans Yantsdır. Binada sərgi salonu, kitabxana, toxuma və tikmə mərkəzi, suvenir və kitab köşkü, danışıqlar və audiovizual təqdimatlar otağı, həmçinin açıq havada heykəllərin və xalçaların nümayişi üçün yer var.
Muzeydə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya qorunur.
Muzeyin fondunda mövcud olan xalça və xalça məmulatlarının saxlanılması və konservasiyası 2013-cü ildə Bakıya dəvət edilmiş və bu sahədə zəngin təcrübəsi ilə dünyada məşhur olan Viktoriya və Albert Muzeyinin parçalarının konservasiyası üzrə mütəxəssis Luis Squirerin tövsiyələri və tərtib etdiyi təlimatlar əsasında təmin olunur.