Diribaba Türbəsi
Şamaxı rayonunun Mərəzə kəndində (indiki Qobustan şəhərində), dağın döşündə tikilmiş ikimərtəbəli türbə. Diribaba türbəsi həm də xatirə məscidi vəzifəsini daşıyır.
PlanıBirinci mərtəbədə iki otaq vardır. Bu otaqlar cənub tərəfdən fasadda iki çatmatağla qeyd edilmişdir. Bir pəncərəli sol tərəfdəki otağın daxilində tavan çatma formasındadır. Ondan sağdakı kiçik kvadrat otağın tavanı isə səkkizkünc günbəzlə örtülmüşdür. Bu otaqdakı çatmatağlı çıxış yolu ikinci mərtəbəyə aparan pilləkənlərə çıxır.İkinci mərtəbə bir geniş mərkəzli günbəzli otaqdan ibarətdir. Bu otaq aşağıdakı iki otağın sahəsi ölçüsündədir. Otaq xaricdən sferik formalı günbəzlə örtülmüşdür. Günbəzin dayağı olan künc trompları daş üzərində oyma nəbati naxışlarla bəzədilmişdir.Böyük otağın fasada açılan, eləcə də Şərq və Qərb tərəfə baxan işıq gələn açırımları vardır. Otaqdan şimal tərəfə açılmış iki böyük açırım türbəni qayadakı mağara ilə əlaqələndirir.
Diribaba Türbəsi memarlıq incisi kimi
Memarlıq obrazının orijinallığı, tikinti kompozisiyasının təkraredilməzliyi və təbiət ilə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi yer tutur.Bu binada memarın bir sıra maraqlı yaradıcılıq xüsusiyyətləri vardır. Onlardan fəza boşluğunun plastik formalarla həllinin gözəl mənzərəli təbiətlə əlaqələndirilməsi, qarmaqarışıq təbiət mənzərəsində memarlıq kütlələrinin ciddiliyini qeyd etməsi, daxili fəza boşluqlarının düzgün təşkili, daxili həcmlərin tapılmış nisbətləri, dekorativ oymaların gözəlliyi və sairəni göstərmək olar.Binanın mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində abidənin tarixi hicri 805 (miladi 1402)-ci il kimi göstərilmişdir.Günbəzli salonun tromplarının hörmə naxışları öz gözəlliyi və məharətlə işlənməsi Şirvanşahlar saray kompleksinin eyni tipli dekorativ işləri səviyyəsindədir.Bu trompların birində həkk edilmiş yazıya görə bu türbə ustad Hacının oğlu tərəfindən tikilmişdir. Bu binanın memarlıq üslubu onu XV əsrdə Bakıda inşa edilmiş görkəmli abidələr, xüsusilə Şirvanşahlar saray kompleksi ilə bağlayır.