Nobel Qardaşları Muzeyi

Nobel Qardaşları Muzeyi

Nobel qardaşları Muzeyi Bakıda 2008-ci ildə açılıb. Bu, İsveç sərhədlərindən kənarda yerləşən yeganə Nobel muzeyidir. Qardaşlar tərəfindən 1884-cü ildə tikilmiş “Villa Petrolea” adlı kompleksin bərpası azərbaycanlı xeyriyyəçi Toğrul Bağırovun bütün ailənin marağını rəsmən təmsil edən Nobel Ailəsi Cəmiyyəti ilə birgə 2003-cü ildə yaratdığı Bakı Nobel İrsi Fondunun mühüm addımlarından biri oldu.

Robert, Lüdviq və Alfred Nobel qardaşları 1879-cu ildə “Nobel qardaşları neft istehsalı ortaqlığı” firmasının əsasını qoyublar. Firma əsas fəaliyyətini Bakıda və Abşeronda həyata keçirib. Qardaşların Bakı nefti əməliyyatlarından əldə etdikləri kapital dünyanın ən nüfuzlu mükafatlarından olan Nobel mükafatının material bazasının təxminən 20 faizini təşkil edib.

Villa tanınmış isveçli memar Lindval tərəfindən yerli əhəngdaşı və oduncaqdan istifadə edilməklə Vizantiya üslubunda tikilib. Binada Bakıda və regionda ilk dəfə olaraq “Bells” telefonu və havalandırma sistemi quraşdırılıb.

Evin interyeri dəyişdirilib, lakin bəzi elementlər (məsələn, buxarılar) əvvəllər olduğu kimi, dəqiqliklə yenidən qurulub. Ümumilikdə villanın interyeri sadə Avropa üslubunda formalaşdırılıb, lakin bir otaq Şərq üslubunda tərtib edilib. Binada Nobel qardaşları Muzeyi ilə yanaşı, Bakı Nobel Neft Klubu və Beynəlxalq Biznes Mərkəzi yerləşir.

Yenilənmiş “Villa Petrolea”da və muzeydə çoxlu artefaktlar, ailəyə aid qiymətli əşyalar, məşhur sənətkarların əsərləri saxlanılır: Faberje, keçən əsrin əvvəllərinin portretçi rəssamı V.A.Serov və başqalarının əsərləri. Bir sıra eksponatlar Nobel qardaşlarının varislərindən (hazırda onların sayı 400-dən çoxdur), kolleksiyaçılardan və Avropa ölkələrinin əntiq mağazalarından əldə edilib.

Nobel Biznes Mərkəzi və klubu görkəmli rəssamlar T.Nərimanbəyov, S.Məmmədov, G.D.Brijatyuk və başqalarının orijinal işləri ilə bəzədilib. Villanın həyətində heykəltəraş Zurab Seretelinin hazırladığı tunc atlar qoyulub.

Qeyd edək ki, Nobel qardaşları Bakı ətrafındakı “Villa Petrolea” kompleksini şirkətin işçiləri üçün tikmişdilər. Onun ətrafında evlər, məktəblər, teatr, xəstəxana və Nobel qardaşlarının iqamətgahı yerləşirdi.

Məlumdur ki, Nobel firmasının işçiləri daş bünövrəli bir və ikimərtəbəli taxta kotteclərdə yaşayıblar. Böyük binanın aşağı mərtəbələri idarə üçün ayrılmışdı, yuxarı mərtəbələrdə klub, istirahət otaqları və kitabxana yerləşirdi. Bütün interyer zəngin tərtibata malik idi. Peterburqdan rəssamlıq əsərləri, kitabxana üçün kitablar, bağ üçün heykəllər gətirilmişdi. Otaqlara azərbaycan xalçaçıların toxuduqları bahalı xalçalar döşənmişdi. Park, klub, kitabxana və evlərə ümumilikdə 250 min rubldan çox xərc çəkilmişdi ki, bu, o dövr üçün böyük məbləğ sayılırdı.

“Villa Petrolea” 1920-ci ilədək Nobel qardaşlarının mülkiyyəti olub. Kompleksin peşəkar bərpası nəticəsində onun təmtərağı və Skandinaviya üslubu özünə qayıdıb. Yeri gəlmişkən, Nobel Qardaşlarının Muzeyi’nə giriş pulsuzdur.

Bir cavab yazın