Qız Qalası

Qız qalası Bakının ən sirli və əzəmətli abidəsidir. Bu qala İçəri şəhərin cənub-şərq hissəsində ucalır. Azərbaycan memarlığının bu nadir tikilisinin Şərqdə analoqu yoxdur. Abidə bu gün də hər şeydən çox öz bənzərsiz quruluşu ilə diqqət çəkir. Qalanın tarixi və təyinatı ətrafında çoxsaylı mübahisələr getməkdədir. Qala sahil qayasının çıxıntısında, yerli boz əhəngdaşından tikilib, hündürlüyü 28 m və diametri – 16,5 m-dir. Divarların qalınlığı binanın özülündə 5 m, yuxarıda 4 m-dir. Şərq tərəfdən qalaya çıxıntı birləşir, onun təyinatı hələ də bəlli deyil. Daxildən qala 8 mərtəbəyə bölünüb. Bu mərtəbələrdən hər biri indi dəyirmi dəliyi olan daş qübbə ilə örtülüb. İçəri işıq ensiz, içəriyə doğru genişlənən pəncərə oyuqlarından düşür. Mərtəbələr arasında əlaqə qala divarlarında salınan dolama daş pilləkən vasitəsilə həyata keçirilirdi. Divarların içərisində oyuqlar qoyulub, onların içərisindən diametri 30 sm olan dulusçuluq borusu keçir.

 

Qalanın daxilində, qayada üçüncü mərtəbəsinin rütubətli qatlarında çapılmış 21 metr dərinliyi olan quru var. Qız qalasının tikilmə tarixi hələ də məlum deyil. Çox zaman onu XII əsrə aid edirlər. Qalanın çölündə yerləşən yazılı daşın tarixi bu qədərdir. Piltədəki kufi yazısı deyilir: “Məsud ibn Davud qübbəsi”. Amma bu piltə qalada sonradan peyda olub, çünki təsadüfi yerləşir və özü də əsas girişin üzərində deyil, hörgüyə yandan səliqəsiz, yerdən 14 metr hündürlüyə daxil edilib. Böyük ehtimalla, bu, qəbirüstü piltədir, təmir zamanı onunla qalanın pəncərəsini tıxayıblar və ya bu qalanı bərpa edən ustanın adıdır. Qalanın yaşını təyin etmək üçün iki məsələdən istifadə etmək lazımdır. Birincisi, Qız qalasının tikintisində əhəngli məhluldan istifadə edilib, belə məhlulla ən qədim bina Qəbələdə aşkarlanıb və b.e.-nın I əsrinə aiddir. Ola bilsin, qalanın ən azı bu qədər yaşı var. Yuxarı həddi Qız qalasının və İçəri şəhərdəki Məhəmməd ibn Əbu Bəkr məscidinin tikintisində (1078-1079) istifadə olunan daşların rəngini müqayisə etməklə müəyyənləşdirmək olar. Hər iki binanın tikintisində eyni növ yerli əhəngli məhluldan istifadə olunsa da, Qız qalasındakı daşların rəngi xeyli tünddür, daha doğrusu, məscidin daşlarından bir neçə yüz il qədimdir. Beləliklə, yuxarı hədd IX-X əsrlərdir.

 

Məşhur tarixçi S.Aşurbəyli Qız qalasının b.e-nın ilk illərində, M.Nəbiyev VI əsrdə tikildiyini düşünürlər. D.Axundov isə qalanın b.e.ə VI əsrdə tikilməsi barədə ehtimal irəli sürür. Azərbaycan arxitekturasının tarixçisi L.Bretanitski hesab edir ki, onu 2 mərhələdə inşa ediblər: aşağı hissə – 13,7 m hündürlüyədək V-VI əsrlərdə, yuxarı hissə XII əsrdə tikilib. Qalanın ilkin təyinatını müəyyənləşdirmək də eni dərəcədə çətindir. Onun müdafiə istehkamı kimi tikilməsi şübhə doğurur. Çünki qalanın ərazisi kiçikdir və orada uzunmüddətli yaşayış üçün şərait yoxdur. Ensiz pəncərə yarıqları dənizə istiqamətlənib və düşmənə müqavimət üçün nəzərdə tutulmayıb. Düşmənlə mübarizə üçün yalnız qalanın zirvəsi işə yaraya bilər. O da hesablanıb ki, qalaya sərf olunan Daş və əhəngdən şəhərin ətrafında ikinci bir qala divarları da qurmaq olardı. Belə ehtimallar var ki, əvvəlcə qala od məbədi, zərdüşti məbəd, rəsədxana kimi nəzərdə tutulurmuş («qala» sözünün dilimizdə qalamaq mənası da var), amma bunların heç biri ağlabatan deyil. Görünür, qaladan islamaqədərki dövrdə dini tikili kimi istifadə edirmişlər. Qalanın ətəyindəki qədim ritual quyuları da bundan xəbər verir. Abbas İslamovun araşdırmaları da qalanın dini səciyyə daşıdığını təsdiqləyir. O aşkar edib ki, bir çox qədim kultlarda müqəddəs sayılan qış gecə-gündüz bərabərliyində (22 dekabr) Günəşin şüaları düz Qız qalasının mərkəzi pəncərəsinə düşür. Sonra günəş müəyyən qanunauyğunluqla bütün yuxarı pəncərələrə nüfuz edir. Eyni zamanda qalanın bir çox elementləri bir-birilə qarşılıqlı əlaqədədir. Beləliklə, qala Günəş kultu ilə bağlı imiş, bu da onun layihəsində öz əksini tapıb. İslam dininin yayılması ilə əlaqədar qədim kultlar unuduldu və indi qalanın ilkin təyinatı barədə danışmaq çətindir. XII əsrdə bu əzəmətli qala Bakının müdafiə sisteminə aid edildi və Bakı qalasının əsas istehkamına, Şirvanşahların qüdrətli qalalarından birinə çevrildi. XVIII-XIX əsrlərdə ondan mayak kimi istifadə olunurdu. Qaladakı mayak 1858-ci il iyunun 13-də yandırıldı, buna qədər onun üzərində istehkam bayrağı vardı. Sonralar şəhər böyüyəndən sonra qaladakı işıq şəhərin gecə işıqlarına qarışdı. 1895-ci ildə Qız qalasının yuxarı hissəsinə ağ enli zolaq çəkildi. Amma bu problemi həll etmədi və artıq 1907-ci ildə mayak Nargin (Böyük Zirə) adasına keçirildi.

 

Qala dəfələrlə – orta əsrlərdə, XIX əsrin ortalarında (rus hərbçiləri tərəfindən), sonuncu dəfə 1960-cı illərdə – bərpa olunub. Təəssüf ki, bərpa zamanı tikilinin bəzi elementləri və onun ilkin görünüşü dəyişdirilib. Məsələn, əvvəllər qala içəridən örtülməmişdi, mərtəbələr arası qübbələr isə son təmir işləri zamanı tikilib. Eyni zamanda bəzi oyuqlar və qapılar hörülüb. 1964-cü ildə qala muzey elan olunub, 2000-ci ildə YUNESKO-nn abidələri siyahısına daxil edilib.

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:    

Bir cavab yazın