Azərbaycanın orta əsr memarlığının şah əsərlərindən biri olan Şirvanşahların iqamətgahı – Şirvanşahlar Sarayı Kompleksi Bakının tarixi özəyi olan «İçəri şəhər»də mühüm rol oynayır. Şirvanşahlar dövləti VI əsrin I yarısında Azərbaycanın şimali-şərq bölgəsində XVI əsrədək hökm sürmüş ən böyük feodal dövləti olmuşdur. Onun sərhədləri şimaldan Samur çayı, Dərbəndlə, şərqdən Xəzər dənizi, cənubdan Kür çayı, qərbdən isə Şəki, Gəncə ilə əhatələnmişdi.
Bu dövlətin güclü,ədalətli, qüdrətli, son dərəcə savadlı hökmdarları olmuşdur. Axsitan, Fəriburz, Şeyx İbrahim, Xəlilullah və digərləri görkəmli diplomat və dövlət başçıları olmaqla bərabər, həm də bacarıqlı sərkərdələrdi.
Şirvan dövlətinin ilk paytaxtı Şamaxı şəhəri olmuşdur. Artıq XIII-XV əsrlərdə Şamaxı beynəlxalq ipək ticarətində önəmli mövqe tuturdu. «Talaman ipəyi» adıyla məşhur olan Şirvan ipəyi Kiçik Asiyaya, Suriyaya, İtaliyaya, Çinə, İngiltərəyə və bir çox başqa ölkələrə göndərilirdi.
Seysmik zonada yerləşən Şamaxı 1192-ci ildə zəlzələ nəticəsində dağıldıqdan sonra Şirvanşah I Axsitan Bakı şəhərini öz iqamətgahına çevirmiş və Bakı həmin vaxtdan Şirvanşahlar dövlətinin II paytaxtı olmuşdur.
İki şahın – Şirvanşah İbrahimin və onun oğlu Şirvanşah I Xəlilullahın dövründə saray şairi olmuş Bədr Şirvaninin yazdığına əsasən, Şirvanşahlar dövlətinin bayrağı qızılı rəngdə olmuşdur.
İki şir və onların arasında bir öküz başının təsviri isə Şirvanşahlar dövlətinin gerbidir. Təsvirdəki şirlər Şirvanşahlar dövlətinin güc və qüdrətinin, öküz başı isə ölkədəki bolluğun simbolu idi.
Hal-hazırda saray kompleksinin ümumi sahəsi 0.7 ha-dır. Bütün Yaxın Şərqdə özünün analoquna malik olmayan bu kompleksdə 52 sayda otağı olan saray binası, hələ orta əsrlərdən xarici alim və səyahətçiləri valeh etmiş «Divanxana», ərəb dilində yazmış olduğu elmi əsərləri hazırda dünya kitabxana və muzeylərini bəzəyən XV əsr saray alimi Seyid Yəhya Bakuvinin türbəsi, «Şərq» portalı, gözəl memarlıq elementləri ilə diqqəti cəlb edən saray məscidi, şahın ailəsinə mənsub türbə, maraqlı şərq memarlıq xüsusiyyətlərini özündə daşıyan qədim saray hamamı, 34 sayda pilləsi olan büllur sulu yeraltı su anbarı – şah ovdanı vardır.