Altıağac Milli Parkı

Altıağac Milli Parkı

Azərbaycan Respublikasının Altıağac Milli Parkı  ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi  və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 365 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Xızı və Siyəzən rayonlarının inzibati ərazilərində yaradılmışdır. Milli Park xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin və obyektlərinin yerləşdiyi, təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və başqa məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik ərazidir.  Altıağac Milli Parkının adının mənşəyi məsafə ölçü vahidi olan “ağac” sözündən götürülmüşdür. Milli Park Şamaxıdan altı ağac məsafəsində yerləşdiyindən ona və kəndlərin birinə Altıağac adı verilmişdir (bir ağac təqribən 5-6 km-ə bərabərdir). Milli Parkın ərazisində qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-çəmən və s. torpaq tipləri yayılmışdır. Altıağac Milli Parkının ərazisindən Ataçay və onun bir sıra kiçik qolları keçir. Ataçay öz başlanğıcını Dübrar dağının 1870 metr hündürlüyündən ğötürərək, Xəzər dənizinə tökülür. Suyundan suvarma məqsədləri üçün istifadə olunur. Milli Parkın ərazisinin çox hissəsini meşələr əhatə edir. Buradakı meşələri əmələ gətirən əsas ağac növləri Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fısdığı, adi göyrüş, itiyarpaqlı ağcaqayındır. Ərazidə yemişan, böyürtkən, əzgil, qaratikan, itburnu kimi kol bitkiləri üstünlük təşkil edir. Altıağac Milli Parkının ərazisində məməlilərdən cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar, quşlardan qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartalı, kəklik, qaratoyuq kimi növlərə rast gəlinir. Burada adları Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş qartalkimilərin müxtəlif növləri diqqəti daha çox cəlb edir. Altıağac Milli Parkının nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası fəaliyyət göstərir.

Yaranma tarixi: 31 avqust 2004-ci il

Yerləşməsi: Böyük Qafqazın ətəkləri (Xızı, Siyəzən rayonu)

Sahəsi: 11 035 ha

Landşaft: Dağ meşəsi, dağ çəmənlikləri, yarımsəhra, meşə çölü

Rast gəlinən bitki növləri: Palıd, vələs, göyrüş, yemişan, zirinc və s.

Rast gəlinən heyvan növləri: canavar, çöl donuzu, bildirçin, yenot, dovşan, tülkü, dələ,qaratoyuq və s.

“Qırmızı kitab”a daxil olan növlər: Qonur ayı, vaşaq, Avropa cüyürü, saqqallı quzugötürən, qara çalağan, ağıriyli ardıc, Qafqaz bənövşəsi, itikənarlı süsən və s.

Bir cavab yazın