Qızılağac Milli Parkı

Qızılağac Milli Parkı

Qızılağac Milli Parkı Azərbaycan Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə Qızılağac Dövlət Təbiət Qoruğunun balansında yaradılıb. Milli parkın yaradılmasında əsas məqsəd flora və fauna növlərinin qorunub saxlanılması, bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi, elmi-tədqiqatların aparılması, turizm və istirahət üçün şəraitin yaradılması, habelə əhalinin ekoloji cəhətdən maarifləndirilməsinin təşkilidir.
Qızılağac Milli Parkının qeyri-adi gözəlliyi qarşısında heyrətini gizlədə bilməyən dünya şöhrətli çex alimi, Karlovo Universitetinin professoru Miroslav Şvatora söhbət zamanı deyib: “Biz hardayıq?! Nağıllar aləmində, yoxsa təbiətin qoynunda? Bura, sanki, təbii konservatoriyadır”. M.Şvatoranın bildirdiyinə görə, o, bu parkdakı nadir təbiət incilərinin bəzi növlərini dünyanın heç yerində görməyib.

Yaranma tarixi: 26 sentyabr 2018-ci il

Yerləşməsi: Lənkəran, Masallı və Neftçala rayonları

Sahəsi: 99060 ha

Landşaft: Su-bataqlıq ərazisi, Xəzər dənizi sahili

Rast gəlinən bitki növləri: şanagülə, ağ suzanbağı, üçyarpaq oxyarpaq, qamış, dəniz lığvarı, ciyən, duzlaq şoğanı, iyli yovşan, meyer yovşanı, qarağan, gəngiz, şahsevdi, sarıbaş və s.

Rast gəlinən heyvan növləri: su-bataqlıq quşları, çöl donuzu, canavar, gürzə və s.

“Qırmızı Kitab”a daxil olan növlər: Qamışlıq pişiyi, flaminqo, ağqaş qaz, adi göydimdik, mərməri ördək, adi bəzgək, və s.

Təbii, tarixi, mədəni yerlər: “Şeyx Zahid” türbəsi, tarix-diyarşünaslıq muzeyi, xalq sənətkarlığı şəhərciyi, “Xəlifə” türbəsi, “Dairəvi qala” (“Zindan”) memarlıq abidəsi, Mirəhməd Xanın evi, Lənkəran Mayakı, Bəlləbur qalası

Turistlərin nəzərinə: Milli parkda 4 növ az yayılan və 3 növ Qafqaz endemik bitkisi hibrid qovağı, sapvari bağayarpağı, Qrossgeym topgülü və bir növ Azərbaycan endemiki – buruncuqlu turp qeydə alınmışdır.

Bir cavab yazın