Şahdağ Milli Parkı

Şahdağ Milli Parkı

Şahdağ Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli 1814 nömrəli Sərəncamı əsasında yaradılmışdır. Ərazisi ilkin olaraq 115895 hektar təşkil edir ki, bundan İsmayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları 21014 hektar, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları 81797 hektar və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar 13084 hektar təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 08 iyul 193/S saylı Sərəncamı ilə Şahdağ Milli Parkın ərazisi 14 613,1 hektar genişləndirilərək, 130 508,1 hektara çatdırılmışdır.

Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsi, torpağın münbit qatının qorunub saxlanılması, ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması və zənginləşdirilməsi, həmçinin, təbii kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsidir.

Yaranma tarixi: 8 dekabr 2006-cı il

Yerləşməsi: Böyük Qafqaz (Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonları)

Sahəsi: 130 508, 1 ha

Landşaft: Dağ meşəsi, alp çəmənlikləri, qayalıqlar və buzlaqlar

Rast gəlinən bitki növləri: Palıd, vələs, fısdıq, göyrüş, qaraçöhrə, ağcaqayın, söyüd, qoz, gilas, alma, armud , əzgil, yemişan, böyürtkan, itburnu, zirinc və s.

Rast gəlinən heyvan növlər: Şərqi Qafqaz turu, çöl donuzu, çaqqal, dovşan, dələ, canavar, tülkü, yenot, gəlincik, porsuq, alabaxta, bildirçin və s.

“Qırmızı kitab”a daxil olan növlər: Qonur ayı, nəcib maral, Avropa cüyürü,Qafqaz köpgəri, vaşaq, bərqud qartal, məzar qartalı, Qafqaz tetrası, Qafqaz uları və s.

Bir cavab yazın