Şirvan Milli Parkı
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54374,5 hektarında Azərbaycan Respublikasının Şirvan Milli Parkı yaradılmışdır. Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarında Şirvan Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir.
Milli Parkın ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu yarımsəhra xırda təpəliklər və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Qədim sahil tirələri, laqunlar müəyyən sahələrdə aydın nəzərə çarpır. Külək vasitəsilə yaranan əsas relyef forması–düyün təpəcikləri ceyranların sığınacağı və mühafizəsi üçün çox sərfəlidir.
Yaranma tarixi: 5 iyul 2003-cü il
Yerləşməsi: Kür-Araz ovalığı (Qaradağ, Salyan və Neftçala rayonları)
Sahəsi: 54 374,5 ha
Landşaft: Yarımsəhra, çöl, düzən gölü, su-bataqlıq ərazisi, dəniz sahili
Rast gəlinən bitki növləri: iydə ağacı, Xəzər sarıbaşı (Kalidium caspicum), xəzər şahsevdisi (Halostachus caspica), kol çərən (Suaeda dendroides), qarağan (Salsla dendroides), şoviç yovşanı (Artemisia Szovitsiana), budaqlı qışotu (Petrosimonia brachiata), ətli şoranqə (Salsola crass), ətirli yovşanı (Artemisia fraqrans) və s.
Rast gəlinən heyvan növləri: su-bataqlıq quşları, canavar, çaqqal, dovşan, ərəb dovşanı, ilanlar və s.
”Qırmızı kitab”a daxil olan növləri: ceyran, qamışlıq pişiyi, adi flaminqo, bəzgək və s.