Zəngəzur Milli Parkı
Milli parklar xüsusi mühafizə olunan ərazilər içərisində mühüm əhəmiyyətə malikdir. Onlardan biri də Həsən Əliyev adına Zəngəzur Milli Parkıdır. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131 hektar sahəsində Ordubad Milli Parkı yaradılmışdır. Milli Parka akademik Həsən Əliyevin adı verilmişdir. 2009-cu il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılmışdır. Eyni sərəncamla Milli Parkın adı dəyişdirilərək Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılmışdır. Milli Parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27870 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir.
Zəngəzur Milli Parkının yaradılmasında məqsəd ərazidə ayrı-ayrı komponentlərin mühafizəsi, ərazinin özünəməxsus iqlimə, relyefə və digər fiziki-coğrafi xüsusiyyətlərə malik olması, burada müxtəlif növ heyvanların, o cümlədən, endemik növlərin qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi, turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.
Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Gəmiqaya Zəngəzur Milli Parkının ərazisində olmaqla 3906 metrdir. Bu, eyni zamanda, Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsidir.
Yaranma tarixi: 16 iyun 2003-cü il
Yerləşməsi: Kiçik Qafqaz (Naxçıvan Muxtar Respublikası)
Sahəsi: 42797,4 ha
Landşaft: Dağ meşəsi, dağ çəmənlikləri, qayalıqlar
Rast gəlinən bitki növləri: çılpaq dorema, yabanı zınbırtikan, Araz palıdı, zərif süsən, Qrossheym süsəni, Gözəl qayışləçək, Mişşenko zümrüdçiçəyi, və s
Rast gəlinən heyvan növləri: Avropa tüvüyü, çəhrayı qutan, qıvrımlələk qutan, ərsindimdik, ağquyruq dəniz qartalı, berket, toğlugötürən, adi ilanyeyən, şahin, Xəzər uları, dovdaq, bəzgək, Suriya sarımsaqlı qurbağası, yaşıl qurbağa, kiçik ağac qurbağası, qısayaq qurbağa və s.
”Qırmızı kitab”a daxil olan növləri: bəbir, zolaqlı kaftar, manul pişiyi, dağ qoyunu (muflon), bezoar keçisi, toğlugötürən, Xəzər uları, ağboğaz bülbül, qırmızıqanad mərciməkquşu və s.