Akademik Zərifə Əliyeva adına lisey

Akademik Zərifə Əliyeva adına lisey

Akademik Zərifə Əliyeva adına lisey Bakı şəhəri Yasamal rayonunda yerləşir. Lisey 2008-ci il 28 aprel tarixində Heydər Əliyev Fondunun dəstəyi ilə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 85 illik yubileyi ərəfəsində istifadəyə verilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.04.2008-ci il tarixli 102 nömrəli qərarı ilə təsdiq edilmişdir. Lisey Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindədir. Öncəliklə burada təlim Azərbaycan və rus dillərindədir. Liseyin fərdi tədris planı dövlət ümumtəhsil məktəbinin tədris planları əsasında yaradılır. Təmayül siniflər üçün fərdi hazırlanan tədris planında bəzi fənlər (məcburi olmayan) inteqrasiya edilə və ya ixtisar oluna bilər. Liseydə təhsil iki pillədən ibarətdir:

  • Ümumi orta (IX sinif)
  • Tam orta (X – XI sinif)

Bu təhsil ocağının  maddi – texniki bazası imkan verərsə, gələcəkdə ümumi orta pillənin digər təhsil səviyyələri təşkil edilə bilər. Hər tədris ilinin iyun ayında Liseyin IX – X siniflərinə kütləvi şagird qəbulu keçirilir. Tədris ocağında tədris prosesi təmayüllər üzrə aparılır. Şagirdlərin istedadının aşkara çıxarılması və onların inkişafının düzgün istiqamətləndirilməsinin təmin edilməsi məqsədi ilə Akademik Zərifə Əliyeva adına liseydə IX siniflərdən başlayaraq şagirdlərin maraq, meyil, qabiliyyətlərinə və valideynlərin arzusuna uyğun olaraq aşağıdakı təmayüllü siniflər yaradılır:

  • Riyaziyyat – texniki təmayüllü siniflər
  • Riyaziyyat – iqtisadiyyat təmayüllü siniflər
  • Humanitar fənlər təmayüllü siniflər
  • Təbiət fənləri təmayüllü siniflər

Liseydə tədris və təhsil

Lisey Pedaqoji Şurasının qərarı ilə təmayül fənlər üzrə mütəmadi olaraq test sorğuları aparılır. Burada siniflər 20 nəfər olmaqla komplektləşdirilir. Siniflər təmayüllər üzrə təşkil olunduğundan mövcud qanunvericilik gözlənilməklə, şagirdlərin sayı 20 nəfərdən az və ya çox olmaqla da komplektləşdirilə bilər. Azərbaycan və rus bölmələrinin IX – XI siniflərində bir qayda olaraq hər təmayül üzrə bir sinif açılır. Zərurət yarandıqda, şagirdlərin sayından asılı olaraq təmayüllər üzrə sinif komplektlərinin sayı daha artıq ola bilər və ya təmayül siniflərdən biri digər təmayül siniflə əvəz edilə bilər. Dərslər bir qayda olaraq sentyabrın 15 – də başlayır və iyunun 14 – də başa çatır. Dərs ili iki yarımilə bölünür.

  • I yarımil – 15 sentyabr – 31 yanvar
  • II yarımil – 01 fevral – 14 iyun

Liseyin iş prinsipi

Lisey altıgünlük iş həftəsi üzrə işləyir. Liseyin ümumi təhsil proqramları üzrə tədris planı beşgünlük tədris həftəsində reallaşdırılır. Şənbə günləri Liseydə şagirdlərlə sinifdənxaric tədbirlər, seminar və mühazirələr, məsləhət və sinif saatları, əlavə tədris xidmətləri, valideyn iclasları, açıq qapı günləri, fakultativ, dərnək və klubların işi və s. təşkil olunur. Zərurət yarandıqda, bəzi fənlər təsdiq edilmiş cədvəl üzrə şənbə günü tədris edilə bilər. Dərs məşğələləri direktorun təsdiq etdiyi cədvəllə müəyyən olunur və dərs 45 dəqiqə davam edir, məşğələlərarası fasilə isə şagirdlərin fəal istirahəti və məktəbin daxili imkanları nəzərə alınmaqla müəyyən edilir. Dərs ili müddətində aşağıdakı tətillər müəyyən edilir:

  • Payız tətili – 16 noyabr – 20 noyabr
  • Qış tətili – 27 yanvar – 31 yanvar

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yarımilliklər üzrə aparılır. Belə ki şagirdin yarımillik qiyməti bu qaydada hesablanır. Kiçik summativ ( yarımillik ərzində keçirilən) qiymətləndirmənin nəticələri 40%, böyük summativ (yarımillik sonunda keçirilən) qiymətləndirmənin nəticələri 60% hesab olunmaqla çıxarılır. Liseydaxili qiymətləndirmənin nəticələri 100 ballıq qiymət şkalası ilə ifadə olunur. Şagirdlərin illik və yekun qiymətləri 5 ballıq qiymət şkalasına keçirilir.  Liseyin nizamnaməsinə görə daxili nizam – intizam qaydalarını kobud surətdə pozan və proqram materiallarını mənimsəyə bilməyən şagirdlər direktorun əmri ilə cəzalandırıla və ya Pedaqoji Şuranın qərarı ilə liseydən xaric edilə bilərlər.

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:    

Bir cavab yazın