Avropa Azərbaycan Məktəbinin missiyası
Avropa Azərbaycan Məktəbi hər bir şagird üçün innovasiya, yaradıcılıq, qlobal perspektivlər və tənqidi təfəkkürün inkişafına şərait yaradan təhlükəsiz və dəstəkləyici mühitdə hərtərəfli və dinamik təhsil imkanları təmin edir. Bu, şagirdlərə qlobal səviyyədə nailiyyətlər əldə etmək və öz cəmiyyətinə dolğun və əhəmiyyətli töhfə vermək səlahiyyətinə malik dərindüşüncəli dünya vətəndaşları kimi yetişmək imkanı verir.
Məktəb haqqında
Azərbaycan Avropa Məktəbi 2011-ci ildə Birləşmiş Krallıqlarda qeydiyyatdan keçmiş, Azərbaycan, Belçika, Fransa, Almaniya və Birləşmiş Krallıqlarda nümayəndəlikləri olan ümumavropa təşkilatı – Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təsis edilmiş özəl məktəbdir. Məktəb Azərbaycan Təhsil Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərir, lakin Məktəb rəsmi təsdiqini gözlədiyi Beynəlxalq Bakalavriat Təşkilatının (IB) İbtidai Təhsil Pilləsi üzrə Proqramı (PYP) və IB Diplom Proqramı kimi xüsusi beynəlxalq proqramları təklif etdiyinə görə dövlət məktəblərindən fərqlənir. 2012-ci ildə 95 şagirdi olan məktəb genişlənərək hazırda 500 şagirdə təhsil verir və məktəbdə I-XI siniflərlə yanaşı, Erkən Təlim Proqramı da (4 və 5 yaşlı uşaqlar üçün) fəaliyyət göstərir. 2015/2016-cı tədris ilində ilk dəfə olaraq məktəb fəaliyyətini iki binada davam etdirəcəkdir. Yasamal rayonunda yerləşən ilkin məktəb binasında Erkən və İbtidai təhsil bölməsində təhsil alan şagirdlər, Badamdar qəsəbəsində yerləşən yeni tikilmiş binada isə V-XI sinif şagirdləri təhsil alacaqlar. Məktəb Erkən Təhsil Proqramının genişləndirilməsini də planlaşdırır.
Məktəbin əksər şagirdləri Azərbaycan vətəndaşlarıdır. Məktəbimizdə digər ölkə vətəndaşları da təhsil ala bilərlər. Məktəbin əksər müəllimləri yüksək ixtisaslı azərbaycanlı müəllimlərdir. Bundan başqa, məktəbdə təcrübəli əcnəbi müəllimlər də sinif müəllimləri kimi və şagirdlərin ingilis dilini öyrənməsinə dəstək vermək məqsədilə rəhbər və əlaqələndirici kimi vəzifələrdə çalışırlar.
Məktəbdə ünsiyyət və təlim iki dildə – Azərbaycan və ingilis dillərində aparılır. Məktəbdə rus dili də tədris olunur. Avropa Azərbaycan Məktəbi bütün şagirdlərə kurikuluma daxil olan fənlərdən başqa incəsənət, dizayn, musiqi, şahmat və üzgüçülük kimi sahələrdə də öz istedadlarını inkişaf etdirmək imkanı yaradır. Birləşdirilmiş zəngin kurikulumlar həm ibtidai, həm də orta təhsil bölməsində şagirdlərə idman komanda növləri olan basketbol, futbol və voleybol, həmçinin rəqs, şahmat, debatlar, şagird qəzeti, BMT modeli, musiqi və keramika kimi klub fəaliyyətlərində də iştirak etmək imkanı yaradır.