Azərbaycan Prezidentinin Sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” kimi elan olunub.
Azərbaycan xalqının əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatdığını nəzərə alaraq verilən bu qərar könüllülük fəaliyyətinin daha da təşviqi məqsədi daşıyır. Sərəncamda da vurğulandığı kimi, insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı kimi qeyd olunan könüllülük fəaliyyəti həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Beynəlxalq internet resurslarında qeyd olunur ki, “könüllülük”- öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Hazırda dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən və sözün bütün mənalarında dünyanı gözəlləşdirməyə çalışan insanların sayı milyonlarladır. Könüllü fəaliyyətin təşkilatçısı və həyata keçirilməsi qismində həm dövlət orqanları, həm dövlət büdcəsindən maliyyələşən təşkilatlar, həm yerli özünüidarə orqanları, həm də qeyri-hökumət təşkilatları iştirak edə bilər. Könüllülük fəaliyyəti insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlir.
Könüllülüyün əsasını altruizm fəlsəfəsi təşkil edir. Altruizm əxlaqi prinsipi əslində insan olmanın əsasını təşkil edən mühüm humanizm müddəalarındandır. Fransız filosofu Oqüst Kont tərəfindən irəli sürülən altruizm- başqa adamlara təmənnasız xidmət göstərilməsini, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməyi özündə ehtiva edir. Eqoizmin əksi olan altruizmin mərkəzi motivini və əxlaqi meyarını başqa adamın və ya sosial birliyin maraqları təşkil edir. Altruizm- başqasının rifahı naminə təmənnasız əziyyətə qatlaşmaq anlamına gəlir. Məhz bu aspektdən yanaşdıqda könüllülüyün əslində birbaşa humanizmə xidmət etdiyini görə bilərik. Əsasən gənc nəslin üstünlük verdiyi bu fəaliyyət növü xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün əvəzedilməzdir.
Prezidentin imzaladığı məlum Sərəncamda vurğulanır ki, könüllülük fəaliyyətinin təşviqi məqsədilə dövlət tərəfindən zəruri addımlar atılaraq normativ hüquqi baza təkmilləşdirilib və dövlət dəstəyi mexanizmləri formalaşdırılıb.
Xatırladaq ki, 2009-cu ilin iyun ayında Milli Məclis tərəfindən qəbul olunmuş və ölkə Prezidenti tərəfindən imzalanmış “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanunu bu fəaliyyətin hüquqi əsaslarını yaradıb. Qanun hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləyir. Qanunda nəzərdə tutulduğu kimi, könüllü fəaliyyətin əsas istiqamətlərinə əsasən əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi; insanpərvərliyin və dözümlülüyün təbliği; hüquqi və mədəni maarifləndirmə; uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı; idmanın inkişafı; ətraf mühitin mühafizəsi; tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri daxildir.
Könüllülük cəmiyyətdə insanlar arasındakı sosial əlaqələrin mükəmməl şəkildə formalaşmasında, yeni ali dəyərlərin meydana gəlməsində, qarşıya çıxan problemlərin fərqli çözüm yollarının ortaya çıxmasında çox mühüm rol oynayır.
Bu gün ölkə həyatının bir çox sferasında özünü doğruldaraq ümummilli hərəkata çevrilməyi bacaran könüllülük cəmiyyətimizin bütün təbəqələrinə nüfuz edərək gənclərin yaşam tərzi kimi diqqəti çəkir. Son illərdə ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gəncin birləşdiyi könüllü qrupları ölkəmizin inkişafı üçün öz töhfələrini verirlər.
Prezidentin məlum Sərəncamında da könüllülərimizin öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşü ilə fərqləndiyi təqdirlə qeyd olunaraq onların qoşulduqları fəaliyyətə yeni nəfəs gətirdiyi vurğulanıb. Məlumdur ki, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində könüllü gənclərin fəaliyyəti əvəzsiz rol oynayıb.
Dövlət başçısının müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi bu hərəkatın daha mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədlərini də özündə ehtiva edir.