Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) təşəbbüsü ilə Azərbaycan Ümumdünya Səyahət və Turizm Təşkilatının “Hotel Dayanıqlılığının Əsasları” proqramının ölkə tərəfdaşı seçilib.
Proqramın geniş ictimaiyyətə tanıdılması məqsədilə bu gün Almaniyanın paytaxtı Berlində mətbuat konfransı keçirilib.
Tədbirdə ATB-nin Baş icraçı direktoru Florian Zenqstşmid, Ümumdünya Səyahət və Turizm Təşkilatının prezidenti Culiya Simpson, Dayanıqlı Qonaqpərvərlik Alyansının baş icraçı direktoru Qlen Mandjuk və Proqramın hotel tərəfdaşı olan “Radisson” Hotel Qrupunun dayanıqlılıq üzrə vitse-prezidenti İnge Huybrexts iştirak ediblər.
Proqramın əsas məqsədi dayanıqlı turizimin təbliğ edilməsi məqsədilə hotellərdə qlobal olaraq qəbul edilmiş bir sıra meyarların tətbiq edilməsinə nail olmaqdır.
Proqram “Səmərəlilik” (enerji və su israfını azaltmaq, karbon emissiyasını minimallaşdırmaq və s.), “Planet” (hotellərdə istehlak olunan məhsulların yenidən istifadəsi, təbiətyönümlü təmizlik məhsullarından istifadə və s.) və “İnsanlar” (icmanın faydalanması və bərabərsizliyin azaldılması) kimi 3 sahə üzrə qruplaşdırılan 12 meyardan ibarətdir.
Azərbaycanda proqramın tətbiq edilməsinin birbaşa “Azərbaycan Hotel Assosiasiyası” İctimai Birliyinin məşğul olacağını bildirən Baş icraçı direktor, həmçinin, ölkənin ümumi dayanıqlılıq strategiyası haqqında məlumat verib.
“Slou Fud” səyahət proqramı, quş müşahidəçiliyi, Basqalda həyata keçirilən restovrasiya işləri haqqında mətbuat konfransı iştirakçılarına məlumat verilib və bu layihələrin yerli icmaların rifahının yaxşılaşdırılması, fauna və floranın mühafizəsi, kiçik bizneslərə dəstək və digər məsələlərdə rolu vurğulanıb.