“Azərbaycan Turizm Sammiti 2019” haqqında
“Azərbaycan Turizm Sammiti 2019” (ATS 2019) Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən turizm sənayesində son tendensiyaları, o cümlədən Azərbaycan daxili və Azərbaycana səfərlərin marketinq və təbliğatı məsələlərini müzakirə etmək məqsədilə tərəfdaşlar üçün yaradılmış korporativ platformadır.
Sammit 29 Noyabr 2019-cu ildə baş tutacaq.
Sammit dövlət və özəl sektorun Azərbaycanın turizm istiqaməti kimi inkişafında iştirakını təşviq etmək üçün inklüziv, interaktiv və nəticələrə yönəlmiş imkanlar təqdim edir.
Sammitin əsas məqsədləri:
- Azərbaycanın yeni turizm brendi “Bir Daha Bax” konsepsiyasının hazırlanmasında iştirak edən komandanın turizm sənayesində çalışan mütəxəssislərə təqdim edilməsi;
- Dövlət və özəl sektor nümayəndələrinin turizmlə bağlı məsələləri ünvanlandırmaları üçün platformanın təmin edilməsi;
- Azərbaycanın təbliğatı üçün marketinq şəbəkələşməsi və imkanlarının genişləndirilməsi və turizm sənayesi daxilində resursların cəmləşdirilməsi ilə qarşılıqlı əlaqələrin yaradılması;
- Ötən il ərzində görülən işlərin icmalı və gələcək illər üçün nəzərdə tutulan işlərə baxış.
Bu il ATS 2019-da milli turizm sənayesinin bütün sahələrini təmsil edən iş adamları və hökumət sektorununun nümayəndələri bir araya gələcək. Tədbir zamanı milli turizm sənayesinin aparıcı iştirakçıları yerli, həmçinin ölkəyə gələn xarici turistlərin səfərlərinin təkmilləşdirilməsi, bu sahədə yeniliklər və qarşıda duran maneələri müzakirə etməklə yanaşı, marketinq və təbliğat fəaliyyəti ilə bağlı həll yolları irəli sürəcəklər.
ATS 2019-un əsas məqsədlərindən biri sənayenin ən son tendensiyaları ətrafında fikir mübadiləsini stimullaşdırmaq, Azərbaycanda turizm sahəsi üzrə sahibkarlıq fəaliyyətinin və innovasiyaların tətbiqi ilə bağlı müzakirələrə təkan verməkdir.
ATS 2019 turizm sənayesinin nümayəndələri, turizm assosiasiyaları, tələbələr və digər turizm peşakarları üçün açıq bir tədbirdir.
Sammitdə Ulduz Turizm də iştirak edəcək.