Bakıda Azərbaycan Turizm Şurası, “WTatil”, “Turizm Malayziya”, “Park Inn Radisson”, “Paximum”, “Balkan Holidays”, “SKYhub”, “Flyhub”, “Travel Zone”, “Tale Travel” və digər şirkətlərin dəstəyi ilə “ Uzak Rota Caucasus” səyahət sammiti keçirilib.
Bizimyol.info xəbər portalı “Uzak Rota Caucasus” səyahət sammitinin rəsmi media tərəfdaşı olaraq xəbər verir ki, dünən Bakıda keçirilən beynəlxalq səyahət sammiti uğurla başa çatıb.
Tədbirin təşkilatçısı “Uzakrota” şirkətinin beynəlxalq satış təmsilçisi Emirhan Demir, iştirakçı və qonaqlara sammit haqqında ətraflı məlumat verib və ilk çıxış üçün Azərbaycan Turizm Bürosunun idarə heyətinin sədr müavini Bəhruz Əsgərovu səhnəyə dəvət edib. Sədr müavini sammitin iştirakçılarını salamlayıb və tədbirin təşkilatçı şirkətinin rəhbəri olan Gökhan Ərdoğana öz təşəkkürlərini bildirib.
Azərbaycan Turizm Bürosunun idarə heyətinin sədr müavini Bəhruz Əsgərov, Azərbaycanın turizm sahəsində potensialından söz açıb və bu sahə üzrə gələcəkdə keçiriləcək layihələr haqqında məlumat verib. Sədr müavini, eyni zamanda Qarabağ və Zəngəzurda gerçəkləşdirilməsi üçün hazırlıq görülən layihələri də turizm sektorunun nümayəndələrinin diqqətinə çatdırıb.
Daha sonra Azərbaycan Turizm Bürosunun Azərbaycan Konqres Bürosunun direktoru Sevda Əliyeva öz çıxışında qeyd edib ki, bu günkü tədbirin keçirilməsində əsas məqsəd gələcəkdə ortaq işlər görmək və yeni əməkdaşlıqların qurulmasıdır. Sevda Əliyeva turizm sahəsində Türkiyə ilə əlaqələrin qurulmasından da söz açaraq bildirib ki, ölkələr arasında qarşılıqlı turizm əlaqələri yaradaraq, güclü əməkdaşlıqlarla beynəlxalq arenada səsə gətirmək mümkündür.