Balaxanı yeni turizm məkanına çevrilir

Balaxanı qəsəbəsinin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və turizm məkanına çevrilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi və “Bakı Abadlıq Xidməti” MMC birgə əməkdaşlıq edəcək.

İyulun 3-də KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nın direktoru Binnət Əli Qasımov və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Balaxanıda görülən abadlıq işləri, qəsəbənin turizm imkanları ilə tanış olub və əməkdaşlıq çərçivəsində görüləcək tədbirlərlə bağlı müzakirələr aparıblar.

Bu əməkdaşlıq çərçivəsində hər üç qurum Balaxanının yeni turizm yönümlü sahibkarlığın təşviqi, turizm məkanına çevrilməsi və yeni turizm obyektlərinin yaradılması, qəsəbənin daha da abadlaşdırılması və turistlərin cəlb edilməsi istiqamətində səlahiyyətləri çərçivəsində səylərini birləşdirəcəklər. Belə ki, Dövlət Turizm Agentliyi Balaxanının yeni turizm məkanı kimi tanıdılmasına və turizm marşrutuna salınmasına dəstək verəcək. KOBİA Balaxanıda turizm sahəsində yeni sahibkarlıq subyektlərinin, xüsusilə ticarət, xidmət və sənətkarlıq istiqamətlərində biznesin qurulmasını təşviq edəcək və bu sahədə biznes təşəbbüslərinin reallaşdırılmasına dəstək göstərəcək. “Bakı Abadlıq Xidməti” MMC isə Balaxanı qəsəbəsində həyata keçirilən abadlıq tədbirlərini daha da genişləndirəcək.

Bundan əlavə, birgə əməkdaşlıq Balaxanı sakinləri arasında turizm yönümlü sahibkarlığın təşviqinə, məşğulluğa, eləcə də qəsəbənin tarixi abidələrinin abadlaşmasına və daha da tanıdılmasına öz töhfəsini verəcəkdir.

Qeyd edək ki, Balaxanı tarixi-mədəni abidələrlə çox zəngindir. Burada turizm yönümlü sahibkarlığın, xüsusilə sənətkarlıq üzrə dulusçuluq, xalçaçılıq, xidmət sektorunda kiçik iaşə obyektlərinin, hostellərin yaradılması milli geyimlərin hazırlanması, milli geyimlərin hazırlanması, musiqi alətləri ticarət üzrə suvenir, keramik qablar, xalça, ticarət üzrə suvenir, şirniyyat satışı və s. sahələri təşviq etmək üçün daha çox imkanlar mövcuddur. Belə ki, Balaxanıda bu istiqamətlər üzrə 100-ə yaxın kiçik obyektin fəaliyyəti təşkil olunması planlaşdırılır.

Balaxanının yeni turizm məkanına çevrilməsi istiqamətində fəaliyyətin sistemli və planlı təşkili və səmərəliyi üçün konseptual sənədin hazırlanması da təklif olunur.

 

Bir cavab yazın