Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi

Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi

29 may -1 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektoru üzrə ən irimiqyaslı tədbiri – 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi keçirilib. Tanınmış beynəlxalq platforma və regionda neft-qaz sənayesinin əsas tədbiri olan “Xəzər Neft və Qaz” sərgisi hər il Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə etmək və enerji təhlükəsizliyini təmin etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirir.

Bu il Azərbaycanın neft-qaz sənayesinin tarixində əlamətdar hadisəsi olan – “Əsrin Müqaviləsi”  öz iyirmi beş illiyini qeyd edir. İlk “Caspian Oil and Gas” sərgisi 1994-cü ildə, Azərbaycan neft sənayesinin və ümumilikdə ölkə iqtisadiyyatının inkişafında yeni dövrün başlandığını bildirən “Əsrin Müqaviləsi”nin elə həmin ilin sentyabr ayında imzalanması ərəfəsində baş tutdu. O vaxt Ümummilli Lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəklədi və həmin dövrdən etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib və burada gələcək əməkdaşlığa dair memorandumlar, eləcə də saziş və müqavilələr imzalanır.

Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiq edir. Sərginin uğurla keçirildiyi bir çox illər ərzində ABŞ, Böyük Britaniyə, Türkivə və digər ölkələrin rəsmiləri öz salamlama məktublarını sərgiyə ünvanlamışlar.

Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Xəzər Neft və Qaz” sərgisinə əvəzsiz dəstək göstərirlər.

Tədbirin sponsor heyəti də sərginin yüksək statusunu əks etdirir. Regionun əsas neft-qaz tədbirinin Baş tərəfdaşı qismində SOCAR şirkəti çıxış edir. Sərginin qızıl sponsoru BP şirkətidir. Gümüş sponsor – TPAO, bürünc sponsorlar: Azeri MI Drilling Fluids, AZFEN, Baku Steel Company, BOS SHELF, Caspian Drilling Company, Сaspian Marine Services, Global Energy Azerbaijan, Socar Polymer, Tekfen Construction.

Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

Sərgi iştirakçılarının siyahısına qlobal neft və energetika sektorunu təmsil edən aparıcı şirkətlər daxildir.

2019-cu ildə ABŞ-ı, Almaniyanı, Böyük Britaniyanı, Fransanı, İtaliyanı, MDB ölkələrini, Türkiyəni və digər ölkələri təmsil edən 250-dən artıq şirkətin sərgidə iştirak etməsi gözlənilir. Bu şirkətlər neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, eləcə də servis xidmətlərini təqdim edəcəklər. Ilk dəfə olaraq, sərgidə defektoskopiya və yerdən uzaq məsafədə işlərin görülməsi kimi sahələr işıqlandırılacaq.

Bu il öz ekspozisiya sahələrini genişləndirmiş “Halliburton”, “Schlumberger” və “Worley Parsons” kimi şirkətlər sərgi qonaqlarına öz innovativ məhsul və xidmətlərini təqdim edəcək. Ardıcıl olaraq ikinci ildir ki, sərgidə iştirak edən Rusiya İxrac Mərkəzi Rusiyanın ən qabaqcıl şirkətlərinin nümayəndələrini öz stendində bir araya gətirəcək. Qeyd etmək lazımdır ki, iştirakçıların 55%-ni  Xəzər Neft və Qaz sərgisinin daimi iştirakçıları təşkil edir. Rusiya və Almaniyanın qabaqcıl şirkətləri milli stendlərdə ən son məhsullarını təqdim edəcəklər.

Bu il sərgi əlavə tədbirlər ilə zəngin olacaq. Ənənəvi olaraq, “B2B” formatlı ikitərəfli görüşlər keçiriləcək. Bu görüşlərdə yerli və xarici şirkətlərin nümayəndələri əməkdaşlıq imkanlarını müzakirə etmək üçün görüşə biləcəklər.

Sərgi çərçivəsində tələbələrə və gənc sənaye mütəxəssislərinə də böyük diqqət ayrılacaq. Belə ki, gələcəyin mütəxəssislərini sərgidə sənayenin ən son yenilikləri ilə tanış etmək, eləcə də nəhəng neft şirkətlərinin nümayəndələri ilə əlaqələr qurmaq məqsədi ilə xüsusi turun keçirilməsi planlaşdırılır. Həmçinin tərcümeyi-halların (CV-lərin) birbaşa sərgidə təqdim edilməsi üçün xüsusi “CV” qutularının yerləşdirilməsi planlaşdırılır. İxtisaslaşmış treninq sessiyasının gedişində isə aparıcı neft şirkətlərinin nümayəndələri öz bilik və təcrübələrini gənc sənaye mütəxəssisləri ilə bölüşəcəklər.

“Bizimkilər” adlı platformada xaricdə məşhur neft şirkətlərində çalışan həmvətənlərimiz sənayenin beynəlxalq şirkətlərinin təcrübəsi ilə bölüşəcək və sərginin iştirakçı və qonaqlarını sənaye yenilikləri ilə tanış edəcəklər.

Məlum olduğu kimi, 1 iyun Uşaqların beynəlxalq müdafiəsi günüdür və bu münasibət ilə sərgi çərçivəsində xüsusi ustad dərslərinin keçirilməsi planlaşdırılır. Burada uşaqlar “qara qızıl” – neft ilə yeni rəsmçəkmə üsulunu sınaqdan keçirə biləcəklər. Ən yaxşı rəsmin müəllifi isə təşkilatçılar tərəfindən mükafatlandırılacaq.

Bir cavab yazın