Tarixi
“Nar bayramı” ilk dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 3 noyabr 2006-cı ildə keçirilmişdir.
Tədbirdə bir sıra xarici ölkə səfirləri, habelə respublikadan kənarda yaşayan göyçaylı iş adamları da iştirak edirdilər. Tədbir iştirakçıları şəhərin mərkəzi meydanında nar məhsullarından hazırlanmış şirələrə qonaq edildilər.
Bayram haqqında
Nar bayramında Göyçay rayonun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar rayon mərkəzinə gətirilir və şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdirilir. Şəhər mərkəzində gənc idmançıların çıxışları və konsert proqramlarına tamaşa edilir.
Bayramların keçirilməsində əsas məqsəd regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsindən ibarətdir.
Göyçay narları
Azərbaycan tarixi uzaq əsrlərə gedib çıxan narın yetişdirilməsi mədəniyyəti ilə qırılmaz surәtdә bağlıdır. Narlar tarixən Azərbaycanın demәk olar ki, bütün regionlarında yetişdirilir. Lakin quru subtropik zonada yerləşən Şirvan ən yaxşı nar sortlarının yetişdirilmәsi mərkəzi kimi qəbul edilmişdir. Şirə istehsalı üçün əsas etibarı ilə Göyçay rayonunda yetişən narlardan istifadə olunur.
Məhz Göyçay narı dünyada tanınaraq, “əsl Azərbaycan narları” üçün sinonimə çevrilmişlər. Qöyçay narlarının əla dadı və dəyişməz keyfiyyətinin sirri dünyanın heç bir yerində rast gəlinməyən unikal mikroiqlimin mövcudluğu və rayonun torpaq tərkibidir.
14-cü Nar Festivalı
Göyçayda 14-cü Nar festivalı bu il noyabrın 9-10 tarixlərində təşkil olunacaq. Festival Mədəniyyət Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.
Builki Nar festivalında iştirak edənlər arasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşlarının iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqının 40 nəfərə yaxın üzvü də sözügedən festivalda iştirak edəcəkdir.
Festival iştirakçıları günboyu nar məhsullarının sərgi-yarmarkasına baxacaq, rayon mədəniyyət evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançılar bayram tədbirində çıxış edəcəklər. Tədbir zamanı nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar keçiriləcək. Qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanacaq nar şirəsinin, nar şərabının, nardançanın, gilələnən narın dadına baxacaq, ən böyük nar nümayiş olunacaq.
Müxtəlif turizm şirkətləri, həmçinin Ulduz Turizm də bu tarixlərdə Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar keçirir. Turistlər rahat nəqliyyat vasitələri ilə Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olacaq, bayram tədbirinə qatılacaq, satış-yarmarkalarında nar məhsullarının dadına baxmaq və onları almaq imkanı qazanacaqlar.